”Azərbaycanlılar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanır”

“Buyurun, baxın, görün, regionun lider dövləti necə inkişaf edir”.

Source: Meydan.TV


Qubad İbadoğlu: ''Ermənistanda orta aylıq əmək haqqının artımı Azərbaycanla müqayisədə 43 dollar yüksək olub''

Azərbaycanda hər 1000 nəfərə 130 pensiyaçı düşür. Bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsinin məlumatında deyilir. Bildirilir ki, bu rəqəm Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296-dır.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, açıqlanan rəqəmlərdə diqqət çəkən tərəflər var. Məsələn, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir:

"Amma buna baxmayaraq, Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiyadan 2, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır. Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır".

MDB Statistika Komitəsinin məlumatında o da deyilir ki, 2005-ci ildə Ermənistanda orta aylıq nominal əmək haqqı 114 dollar olub. Bu il aprelin 1-ə həmin göstərici 364 dollara qalxıb. Yəni son 15 ildə Ermənistanda maaşlar orta hesabla 250 dollar artıb. Azərbaycanda isə 2005-ci ildə orta aylıq əmək haqqı 131 dollar, hazırda 338 dollar olub. 15 il ərzində azərbaycanlıların orta aylıq nominal əmək haqqı 207 dollar artıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlunun sözlərinə görə, bu, o deməkdir ki, son 15 ildə orta erməni hər bir azərbaycanlıdan 43 dollar çox qazanıb:

"Diqqət edin, heç bir resursu olmayan Ermənistanda orta aylıq əmək haqqının artımı neft-qaz bumunu yaşayan Azərbaycanla müqayisədə 43 dollar yüksək olub. Bu, bir daha göstərir ki, Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə görə vətəndaşlar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanırlar".

İqtisadçı müqayisə üçün bildirir ki, aprelin 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 338, Ermənistanda 364, Ukraynada 390, Gürcüstanda 398, Qazaxıstanda 444, Belarusda 471, Rusiyada 695 dollar olub:

"Buyurun, baxın, görün, regionun lider dövləti necə inkişaf edir".

Ana səhifəXəbərlər”Azərbaycanlılar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanır”