Azərbaycanlı rusdillilərin bir xeyri varmı?

Pəncərədən zibil atmayan, qızlara sataşmayan…

Source:

Axırıncı iki ayda mənə, Facebookun azərbaycan seqmentində  rus dilində tərtib edilmiş üç müştərək ərizəyə imza atmaq təklif olunub.

1.Prezidentin xanımının adına , “ sahibsiz itləri öldürməyi dayandırmaq” xahişi ilə.

2. Prezidentin adına, minik yolunda qadın sürücüyə vurulmuş şillə hadisəsini “ özünün şəxsi nəzarətinə “ götürməsi  xahişi ilə.

3. Yenidən prezidentin adına, bu dəfə isə çoxmərtəbəli evdəki faciədən  sonra efirdə “məşhurlaşmış” aparıcının işdən çıxarılması xahişi ilə.

Mənim  insanlara hər hansı əlamətinə görə rişxənd eləmək adətim yoxdur…Lakin, rusdilli fəalların  yeni dalğası mənə seçim imkanı qoymadı, və mən ümumi mənzərəni xırdalamağa məcburam. Ümidvaram ki, onlardan kimsə indi bu yazını oxuyur.

Bizim rusofon fəalımız, sahibsiz itlər məhv ediləndə aktivləşir. Amma, qonşu küçədə sakinlərin əmlakı qanunsiz olaraq dağıdılanda susur. Azərfon isə hər iki halda səsini çıxarmır, istər heyvan olsun, istər insan.

Rusdilli aktivist hesab edir ki, mədəni qadınla mədəniyyətsiz kişinin yolda, məişət səviyyəsindəki didişməsi – prezidentin ölkə üçün bu taleyüklü məsələni öz  nəzarətinə götürüb şəxsən müdaxilə etməli olduğu bir hadisədir. Milli dilli də hesab edir ki, bu kişiyə yaraşan hərəkət deyil, amma bu işin taleyi hüquq-mühafizə orqanları tərəfindən  həll edilməlidir, dövlət başçısı tərəfindən yox.  Həm də, azərfon dəqiq xatırlayır ki, axırıncı dəfə  prezident yumurtaları  nəzarətə götürmüşdü, və indiki hadisənin yumurtaya heç bir dəxli yoxdur..

Rusdillinin inancına görə , efirə nəzarət dövlət başçının əlindədir, və arzuolunmaz şəxs  ancaq  onun müdaxiləsindən sonra gedə  bilər. Rusofonun ağlına da gəlmir ki, prezidentin apriori belə bir  funksiyası və müdaxiləyə hüququ yoxdur. Bu inamla  da dövlət başçısına kollektiv ərizə yazır.

Milli dilli isə anadan olandan  bilir ki, prezident müştərək ərizə-zad  oxuyan deyil.

İnkişaf etmiş  rusdillinin məşğuliyyəti nədir?

İstirahət günləri şəhərin  iki-üç populyar  klubundan birinə gedib yaraşıqlı qızlar və ya saçı qəşəng daranmış oğlanların əhatəsində  bi-iki şəkil çəkdirmək. Ya da, çox da məşhur olmayan rus  müğənnilərinin çıxış elədiyi ucuz klubların birində “check in” etmək. 1news.-da bəsit cızma-qaraları   like-lamaq və ya azsektor kimi imtahanları pulla vermək. Ata-anasının əlaqələrindən istifadə edib “gəlirli işə” düzəlmək  və ya  ətrafındakı kəndçilərdən tam  təcrid olunub, qulaqcıqlarındakı  qeyri-ənənəvi musiqini  dinləyib  öz dünyasında yaşamaq.

Yox, yox, əlbəttə ki, bütün bunların hamısı düz deyil, yalan və  mübaliğədir. Bizim ağıllı və yaraşıqlı rusdillilərimiz bir çox maraqlı, müxtəlif və gəlirli işlərlə məşğuldurlar. Amma bunların heç birinin ölkəyə və vətəndaş cəmiyyətinin inkifaşına dəxli yoxdur. Rusdilli zümrənin bütün çoxşaxəli  işləri ancaq özlərinin və çox məhdud çevrədəki adamların  marağını güdür. Mədəni xalqlar klubundan kənarda qalmış, amma həmişə nəyi iləsə öyünməyə çalışan ölkə üçün  o qədər də perspektivli deyil. Yaddan  da çıxarmayaq ki, ölkənin gələcəyini həmişə gənclərə bağlayırlar.

Əlbəttə, rusdillilər tam deqradasiyaya uğramayıblar və onların hələ müsbət cəhətləri qalır. Rusdilli zibili pəncərədən atmır, növbədə səbirsizlik göstərmir, qızlara sataşmır. Bu keyfiyyətlər, şübhəsiz,onları digərlərinin gözündə ucaldır. Amma  gözəl davranışdan bizə nə?! Onları papuaslara da öyrətmək olar, əgər artıq öyrənməyiblərsə…

Orta statistik rusdilli zümrənin cəmiyyət və ölkə üçün heç bir xeyri yoxdur. Bu – gün kimi aydındır. Ucqar kənddən gələn əyalət adamı ilə  hesablaşan olmadığı kimi, onunla da heç kim hesablaşmır. İctimai aktivlik, siyasi baxışların mövcudluğu, ölkənin taleyinə cavabdehlik kimi söz yığınının rus bölməsindən başqa kimə istəsən, dəxli var. Bu özündənrazı zümrə, bu cür  ağıllı sözlərdən nəyə görəsə vahiməyə düşür.

Onların arasındakı  iradəsiz amöblərin sayı adambaşına düşən hesabın   artıq bütün ağla sığan və sığmayan göstəricilərini  ötüb keçib. Amma onlar özlərini əməlli-başlı dartırlar və snob hesab edirlər. Rus dilində saysız-hesabsız sintaktik səhvlər etmələri də veclərinə deyil. Əsas – rus dilində danışmaqdır, necə danışmağın isə məsələyə az dəxli var. Rastlaşdığım Bakı snoblarının çoxusu isə, bəlkə də hamısı azərbaycandilli olublar. Rus dilində rusofonlardan da yaxşı danışırlar.

Ancaq, şəxsən  məni ən çox qıcıqlandıranlar – onlardan olan jurnalistlərdir. Kopi-pəstinq və səviyyəsiz  sifarişlərlə məşğul olan   hiyləgər ofis planktonları. Onların işlədiyi idarələri  hakimiyyət maliyyələşdirir, redaksiyanın həm heyəti, həm də siyasətinin  PA-nın tələblərinə cavab verməsi məntiqə uyğundur. Onların daimi oxucusu – pəncərəsindən zibil atmayan, qızlara sataşmayan, cümə günləri klublardan birinə gedən həmin o  şərti müştəridir.

Bu ölkənin peşəkar və istedadlı jurnalistləri ya azadlıqdan məhrum ediliblər, ya da artıq dustaqxanada yatıb-çıxıblar. Bəziləri başını götürüb xaricə qaçıb. Xatirimdədir,  rus dilində yazan bircə jurnalist qalıb. Düzdür, istisnalar var, amma onlar Azərbaycandakı rusdilli jurnalistikanın acınacaqlı vəziyyətin ümumi mənzərəsini dəyişə bilmirlər.

Biz əvvəllər əmin idik ki, əhalinin kütləşdirilməsi kimi vacib siyasi tapşırığı ancaq  azərbaycan televiziyası yerinə yetirir , amma indi İnternetin azərbaycan bölməsi  bu vəzifəni daha effektiv həyata keçirir. Bu nöqteyi-nəzərdən bizim rusofonlar azərfonlardan  heç də geri qalmırlar. Onlar eynilə , hətta daha böyük şövqlə ağalarının pullarını layiqincə doğruldurlar və vaxtaşırı ağıllı görünüş üçün İlham Əliyevdən  müştərək ərizə şəklində nəsə istəyirlər.

Deyirlər ki, rus bölməsi verilən təhsilin keyfiyyətinə, yüksək fikirlərə, dünyaya fərqli baxışa və sairəyə görə  üstünlüyə malikdir. Bir az daha sadə desək : Azərbaycanda oturuşmuş bir düşüncə var, rusofondursa – deməli, daha qabağa getmişdir. Bu köhnə sovet stereotipi onların çox xoşuna gəlir.

Amma mən   dəqiq bilirəm, yaxşı təhsil almış rusofonlar özlərinin kiçik  dünyalarında gic-gic işlərlə məşğul olduğu vaxtda , onların azərbaycandilli həmvətənləri çox məhdud start imkanlarına baxmayaraq  intellektual inkişafın yeni mərhələsinə keçirlər. Onların daha ürəkli və qətiyyətli olmaları da az əhəmiyyətə malik deyil.

Bəs, rusdillilərin Azərbaycana  bir xeyri yoxdurmu ? Deyəsən, mən cavabı bilirəm.

Moskvadan bir məmur gələndə, ona  rus bölməsində oxuyan  mülayim və yaraşıqlı bir oğlanı göstərib demək olar:

Bir baxın, bizdə belələri də var və biz onları çox sevirik.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəAzərbaycanlı rusdillilərin bir xeyri varmı?