Azərbaycanlı rejissor Həmzət Xankarov haqqında film çəkib

“Ona çəkinmədən Qafqazın Çe Gevarası demək olar”

Source: Meydan TV
Хамзат – Документальный фильм

“Qafqazın Çe Gevarası” adlandırılan Həmzət Xankarov haqqında yeni film ekranlara çıxır.

İsveçrədə mühacir həyatı yaşayan dokumentalist-rejissor Laçın Məmişov yeni filmini təqdim edib. Film 1988-94-cü illərdə Qafqazda cərəyan edən hadisələrdə rol oynamış ictimai-siyasi xadim, musiqiçi, Çeçenistanın Milli Qəhrəmanı Həmzət Xankarovun keçdiyi döyüş yolundan bəhs edir. Filmdə Həmzət Xankarovun təşkilatçılığı ilə Ümummilli Çeçen Qurultayının çağırılması, Cövhəd Dudayevin Çeçenistana dəvət olunması və Çeçenistanda prezident seçkilərinin keçiriləməsi öz əksini tapır. Eyni zamanda Qafqaz Xalqlarının Konfederasiyasının yaradılması, Gürcüstanda Abxaziya problemi başlayan zaman Həmzət Xankarovun məsələyə müdaxilə edib, problemi sülh yolu ilə həll etmək üçün Gürcüstan prezidenti Zviad Qamsaxurdiya ilə görüşməsi və bir çox tarixi məlumatlardan söz açılır.

Filmin müəllifi Laçın Məmişov Meydan TV-ə bildirib ki, peşə fəaliyyətimlə əlaqədar olaraq Azərbaycanın ən yeni tarixi ilə yanaşı, bütün Qafqazın da ən yeni tarixini həmişə araşdırır:

“İstər Şimali Qafqazda baş verənlər, istərsə də Gürcüstanda ötən əsrin 90-cı illərində baş verən hadisələri, bu hadisələrdə rol oynamış şəxsiyyətlərin həyatını daim araşdırıram. Həmzət Xankarov mənim üçün olduqca maraqlı bir personadır. Ona çəkinmədən Qafqazın Çe Gevarası demək olar. Həm inqilabi romantizmi, həm də cəsarəti olan bu şəxsin, bütün Qafqazda yaxından tanınmasını, bir qəhrəmanlıq nümunəsi kimi örnək olmasını istəyimdən, bu filmi ərsəyə gətirdim. Onu da qeyd edim ki, bu film 30 il ərzində Şimali Qafqazda ötən əsrin 90-cı illərində baş verən hadisələrin, əsl həqiqətlərin üzərinə işıq salmaq cəhdi idi. Elə hesab edirəm ki, buna az da olsa nail ola bilmişəm. Çünki 30 ildir ki, əsl Qafqaz qəhrəmanları terroçu, terrorçular isə qəhrəman kimi təqdim olunur. “Qafqaz himni”nin müəllifi olmuş əfsanəvi döyüşçü Həmzət Xankarovun ən ali məqsədi bütün Qafqazın azadlığı və müstəqilliyi olub. Adətən dokumentalistikada belə bir anlayış var ki, müəllif öz qəhrəmanını sevməlidir. Həmzət Xankarovu araşdırdıqca, onu yaxından tanıdıqca, əsl Qafqaz qəhrəmanı kimi Həmzət obrazını o qədər sevdim ki, artıq bir rəssam dostuma Həmzətin portretini sifariş vermişəm. İnşallah, portret hazır olandan sonra onu iş otağımda başımın üzərindən asacam.”

Müəllif qeyd edib ki, Həmzət Xankarovun həlak olmasının 25 illiyi ilə əlaqədar Almaniyada anım mərasimi keçirilib. Mərasimdə Avropada yaşayan çeçen diasporasının üzvləri və eyni zamanda İçkeriya mühacir hökumətinin üzvləri iştirak ediblər. Həmin mərasim zamanı filmin təqdimatı keçirilib.

Filmin xronometrajı 35 dəqiqədir və rus dilindədir.

Müəllif bildirib ki, imkan olacağı təqdirdə, filmin Azərbaycan dilinə dublyajını düşünür. Eyni zamanda Həmzət Xankarovun “Qafqaz Himni”nin klipi üzərində işləyir. Həmin klipdə bütün Qafqaz qəhrəmanları yer alacaq:

“Şimali Qafqazdan tutmuş, Azərbaycan və Gürcüstan da daxil olmaqla çox fərqli formada bir klip olacaq”.

Ana səhifəXəbərlərAzərbaycanlı rejissor Həmzət Xankarov haqqında film çəkib