“Təsəvvür edirsiniz bu nə deməkdir, yəni Gürcüstan əhalisi üçün 490 iş yeri açılıb”
Bir müddət əvvəl Meydan TV “Azərbaycan təzadı: “Lancet” Tiflisdə açıldı, Bakıda bağlandı” adlı xəbər yaymışdı. Həmin xəbərdə deyilirdi ki, azərbaycanlı professor Fərman Ceyranlı Tiflisdə böyük və müasir bir klinika açdıqdan sonra onun Bakıda qurduğu və artıq 10 ildir fəaliyyət göstərən eyniadlı klinikası səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən heç bir səbəb olmadan qapadılıb.
Bundan sonra Tiflisdəki klinika ilə bağlı məlumatlar diqqətimizi çəkdi. 15 müstəqil cərrahiyyə şöbəsi, 22 profili, 200 yataqlı, 24 saat işləyən apteki və ən müasir avadanlıqlarla təmin edilmiş, ən əsası Gürcüstan üçün 490 nəfərlik iş yeri olan bir mərkəzdən söhbət gedir. Klinika helikopter meydançası, 300 avtomobillik park, hotel (pasientlərin yaxınları burda yerləşdirilir), ardınca laboratoriya zavodu və müasir tibbi avadanlıqlarla təchiz olunub. Bir qrup Azərbaycan jurnalisti ilə ziyarət etdiyim xəstəxananın başa gəlməsinə 25 milyon yatırım qoyulub.
3 aydır Gürcüstan paytaxtında fəaliyyətə başlayan “Lanset”ə pasient axını gözlənildiyindən də çoxdur. Konkret faktlara keçməzdən və həkim personalını dinləməzdən öncə klinikada müalicə alan xəstələrə üz tutdum. Özü də Azərbaycanın müxtəlif bölgələrindən gələn xəstələrə.
Azərbaycanlı xəstələrin yeni ünvanı Tiflisdəki “Lanset”
Musa Məmmədov
, Bakıdan gəlib. Özünün bildirdiyinə görə, başqa ölkələri məsləhət görsələr də, çox uzağa getməyib, əlacı “Lanset”də tapıblar: “Bakıda Onkologiya Mərkəzində olsam da, ağlım bir şey kəsmədi, yoxsa bura da gəlməzdim, gəlməyimə görə peşman da deyiləm”.
Musa Məmmədov xidmət səviyyəsinin çox yüksək, qiymətlərin isə Azərbaycandan da, Türkiyədən də ucuz olduğunu bildirdi: “Amma konkretləşdirməyəcəm, bəzən 50 faiz fərq olduğunu hiss edirsən. Olmazdımı bu mərkəz Bakıda inşa olunaydı, bizlər də Tiflisə gəlməzdik?!”
Telli Osmanova
Zaqatala rayonundandır. Öd kisəsində, daş, qum yığıldığını və bərkimə getdiyini bildirdi. “Tiflisdə belə bir klinikanın olduğunu söylədilər. Məsləhət gördülər ki, özümü “Lanset”də yoxladım. Beləliklə, burda yoxladandan sonra inamım bir daha artdı. İlk təəssüratım yaxşıdır, qiymətlər isə çox baha deyil”.
Zərifə Qafarova
Sumqayıtdan Tiflisə üz tutub. Avqustun 25-dən xəstəxanada olduğunu bildirən Zərifə Qafarovanın çanaq oynağında koks-artroz olub, əməliyyat keçirib, hazırda özünü normal hesab edir. Onun bildirdiyinə görə, 7-8 il əvvəl xəstəliyi çox narahat etmədiyindən həkimə getmirmiş: “2006-cı ildən Sumqayıtda rentgendən keçəndə həkim ciddi xəstəlik olduğunu deyib üstünə düşməyimi məsləhət gördü, o zaman xəstəliyim birinci dərəcəli idi. Amma yerişimdə heç bir problem olmadığından ardıcıl müalicə almadım, son 2 ili dərmanlarla keçirdim. Sonra tanınmış mütəxəssis Eldar Abbasovun qəbulunda oldum, 4-5 ay müalicədən sonra bir qədər yaxşılaşdım, amma o bir daha gəlməyimi istədi. Ancaq məsuliyyətsizliyim indiki vəziyyətə düşməyimdə rol oynadı. Eldar Abbasovun yanına getmədim, başqa həkimə müraciət edəndə, o, dərmanlarla xeyri olmayacağını deyib, əməliyyat olunmağı söylədi. Əslində, “Lanset”ə üz tutmağımızın bir səbəbi də qiymət amiliylə bağlıdır, yəni Bakıdakı qiymətlə müqayisədə 50 faiz fərq var, bura əməliyyat, yoldaşımın hoteldə qalması, qida və başqa xidmətlər də daxildir. Hər şey bizi qane etdi”.
Bakir Əzimov
Cəlilabaddan gəlib, il yarımdır yoldaşı oynaq xəstəliyindən əziyyət çəkir Bakir Əzimov deyir ki, yoldaşı Bakıda 4 xəstəxanada yatıb. “Mart ayında yoldaşımın ayağında şiş olmuşdu, Topçubaşov adına xəstəxanada kəsməyi məsləhət gördülər, amma müəyyən müalicədən sonra ayaqdan şiş çəkildi. O zaman qidadan kəsildi və qusmağa başladı. Gətirdim Borjomiyə, 5 gün vəziyyəti düzəlsə də, yenidən eyni hal. Maraqlananda Tiflisdəki “Lanset”i göstərdilər, indi diaqnoz gözləyirəm”.
“Gəlirlər, razı qalırlar…”
“Lanset” Klinikasının Tibbi Xidmət sektorunun rəhbəri, uzun müddət akademik Quduaşili adına Milli Tibbi Mərkəzin direktoru olmuş
Qela Arabidze
Meydan TV-yə bildirdi ki, klinika nəinki Tiflisdə, regionda müasir tibbi müəssisə hesab oluna bilər: “Mən belə deyərdim, publik
hospital, yəni xalq hospitalı, artıq belə də tanınır. Biz Gürcüstanın və Zaqafqaziyanın bütün əhalisinə xidmət göstərəcəyik. Bilirsiniz ki, yüksək səviyyəli tibbi avadanlıqlar çoxlu maliyyə tələb edir. “Lanset”də isə bu cür tibbi avadanlıqlar artıq var”.
– Hansı yeni tibbi avadanlıqlar var ki, onlar Avropada tanınır, amma regionda yoxdur?
– Faktiki olaraq tibbin bütün istiqamətləri üzrə avadanlıqlarımız var. Əsasən anestezologiya reanimasiya, kardiocərrahiyyə, neyrocərrahiyyə, ümumi cərrahiyyə, urologiya, ginekologiya, onkologiya, xüsusən müasir biokimyəvi, bakteroloji
laboratoriya
fəaliyyətdədir. Sonuncu bakteroloji mikrodiaqnostika üçündür, bu, nəinki Gürcüstanda, heç regionda da yoxdur. Bizdə olan avadanlıqlar ayrı-ayrılıqda yox, kompakt haldadır. Bunun nəticəsində pasientə bütövlükdə xidmət göstərilir.
– Klinika 3 aydır fəaliyyətdədir, amma ətrafda da klinikalar var, işinizi necə qurmusunuz ki, pasient axını güclüdür?
– Bu sualınıza rəqəmlərlə cavab verəcəyəm. 3 ayda 1500 nəfərdən çox adam müayinədən keçib, 600 nəfərdən çox isə yataq xəstəmiz olub. Qafqazın bütün regionlarından gəlirlər, hətta Rusiya, Türkiyə, ABŞ-dan da xəstəmiz olub. Məsələn, Azərbaycanın tanınmış müğənnisi Flora Kərimova klinikamızda əməliyyat olundu. Mən tanınmışlara hörmət edirəm, amma xəstəxana hər bir vətəndaşa xidmət göstərir. Uğurumuzun yeganə düstur yüksək tibbi texnologiyalar və peşəkarlıqdıq. Xəstəxanamızda Gürcüstandan da, Rusiyadan da, Ukraynadan da, Azərbaycandan da həkimlər çalışır. O cümlədən, İsraildən, İtaliyadan, Amerkadan həkimlər olur. Bilirsiniz, həkimlər üçün sərhəd yoxdur. Qiymətlərə gəlincə, əsas taktikamız əhaliyə sərfedici qiymətlərlə yüksək səviyyəli xidmət göstərməkdir. Ona görə “Lanset”i publik hospital adlandırırlar.
“Azərbaycan səhiyyəsi ilə fərq tibbi xidmətin səviyyəsindədir”
Azərbaycan jurnalistlərini xəstəxana ilə 25 il Gürcüstan DİN-in xəstəxanasının baş həkimi çalışmış, hazırda “Lanset”in direktor müavini
Georgi Skilçelenko
tanış etdi. 10 mərtəbəli xəstəxananın 2-ci mərtəbəsi yeməkxana, 3,4 və 5-ci mərtəbələri isə əməliyyat blokları və palatalardan ibarətdir. Xəstəxanada orqan köçürməsi, neyrocərrahiyyə, ürək, onkologiya, plastik cərrahiyyə, çənə-üz cərrahiyyəsi, urologiya, uşaq cərrahiyyəsi, oftolmologiya, stomotologiya, doğuş, travmatologiya, boğaz, burun, qulaq əməliyyatları həyata keçirilir. Tibbi avadanlıqlar, personal, labarotariyalar müasir tələblərə cavab verir. Avadanlıqlar əsasən “TOSHIBA” firmasının 2013-14-cü illər buraxılışıdır. Həkim Skilçelenkonun bildirdiyinə görə, kompüter, maqnit tomoqrafiyası da var. Koronar müayinəsi 500 dollardır, kordiocərrahiyyə, yəni şuntlama 7-9 min dollara başa gəlir, amma bu son qiymət deyil, yəni endirimlər olur. Nəzərə alın ki, bu qiymətlərə xəstənin burda qalması, yaxınının hoteldə yerləşməsi, yeməyi də daxildir. Bundan əlavə, klinikada morfologiya, biokimyəvi laboratoriya, yuxarı mərtəbələrə vakum aparan aparatlar da var. “Üz, çənə hissənin 3 D formatında rentgeni olan aparat Zaqafqaziyada 2 yerdədir ki, onun biri “Lanset”dədir. Müayinə qiyməti 12 manata başa gəlir, Avropada 100 dollardır” – deyə o bildirdi.
O cümlədən, klinikada “Olimpus” firmasının endoskopik aparatları da var ki, müayinəni həmyerlimiz
Zaur İsmayılov
aparır. 1977-ci ildə Tiflisdə doğulan Zaur İsmayılov 2001-2008-ci illərdə Bakıda Təkmilləşmə İnstitutunun cərrahiyyə kafedrasında, 2003-də 3 saylı klinik xəstəxanada cərrah endoskopik kimi çalışıb. O, bildirdi ki, “Lanset” klinikasında cərrahiyyə endoskopiya, yeni texnologiyaların hamısı var: “Bu aparatlar mədə-bağırsaq, xora xəstəliklərinin müalicəsində önəmlidir, yəni əməliyyat olunmadan, ödaxar yolundan girib daşları çıxarırıq. Buna azinvazif deyirlər, bununla xəstə az tramva alır. Bağırsaqda bədxassəli şişlər olanda stendlər qoyuruq ki, bağırsaq da işləsin. O cümlədən, mədədə yad cisimlər olanda bu aparatlar vasitəsilə çıxarırıq”.
Mərkəzin qadın xəstəlikləri və doğum şöbəsinin Türkiyədən olan həkimi
Mehmet Can Aslancan
bildirdi ki, bu sahədə ən müasir müalicə və prosedurları həyata keçirə bilirlər. O cümlədən, süni mayalanma – “tüb bəbək” prosesinin təxminən 1 aya başa gəldiyini vurğuladı. Qiymətlərə gəlincə, Mehmet Can Aslancan sonuncu prosedurun 3-4 min dollar civarında olduğunu dedi.
Səhiyyə nazirinin sabiq müavini Mesxişvili: “Bir gürcü kimi Fərman Ceyranlıya belə bir klinika açdığına görə təşəkkür edirəm”
“Lanset” Tibb Mərkəzinin baş həkimi, 24 yaşında Gürcüstan səhiyyə nazirinin birinci müavini (azərbaycanlılar üçün təəccüblü, hətta sensassiya sayıla bilər) olmuş
David Mesxişvilidir
. O, bakalavr üzrə tibbi təhsil alandan sonra magistraturada menecer təhsili alıb. Sabiq prezident Mixael Saakaşvilinin hakimiyyəti dövründə 5 il nazirin birinci müavini vəzifəsində çalışıb.
David Mesxişvili bildirdi ki, o, səhiyyə nazirinin birinci müavini təyin edilməsi xəbərini eşidəndə şok keçirib: “Sonradan alışdım, çünki istər-istəməz təcrübə topladıqca peşəkarlığım da artırdı”. Mesxişvili səhiyyə sistemində ilk addım kimi korrupsiyanı sıradan çıxartdıqlarını söylədi.
“Birinci növbədə kadrları dəyişdik, gəncləri sistemə gətirdik. Korrupsiyaya bulaşmış köhnə kadrlar mane ola bilmədilər, çünki onları sistemdən təcrid etdik. Həm də korrupsiyaya qarşı mübarizə polis və başqa sahələrdə də sürətləndiyindən onların gücü çatmırdı. Birinci il çətin oldu, çünki yenilikləri yerində otuzdurmaq lazım idi. İkinci ildən konkurslara başladıq, insanları işə imtahanlarla götürürdük, bundan sonra əməkhaqqını artırdıq. O zaman əhaliyə yardım üçün sosial təşkilatları işə qoşduq və paralel olaraq tibbi sığorta qanununu qəbul etdik. Bununla da Gürcüstan əhalisi xəstəxanalara getməkdən çəkinmədi” – deyə baş həkim bildirdi.
O, Gürcüstanda xəstəxanaların çox olduğunu, amma “Lanset” səviyyəsində klinikanın yeni fəaliyyətə başladığını bildirdi: “Ona görə fərqlənirik ki, “Lanset” tibbin bütün profilləri üzrə xidmət göstərir. Mən bir gürcü kimi Fərman Ceyranlıya belə bir klinika açdığına görə təşəkkür edirəm. Bir çox ölkələrdə oldum, amma bu cür xidmət görmədim. Baxın, hotel var, helikopter meydançası var, Cənubi Qafqazda bu cür klinikaya rast gəlməzsiniz”.
D.Mesxişvili tibb mərkəzinin 490 nəfər işçisi olduğunu dedi: “Təsəvvür edirsiniz bu nə deməkdir, yəni Gürcüstan əhalisi üçün 490 iş yeri
açılıb. Həkim personalının içində çox güclü, avtoritet hesab olunan, peşəkar həkimlərimiz var. Xəstəxanada azərbaycanlıların da işləməsi iki xalqın münasibətlərinin yaxşı olmasından xəbər verir. Əməkhaqqına gəldikdə, baş həkim bildirdi ki, başqa klinikalarla müqayisədə əməkhaqqı yaxşıdır. Elə həkimlərimiz var ki, onlar 15 min dollar maaş alırlar”.
Azərbaycan və Gürcüstan səhiyyəsinin fərqi
D.Mesxişvili danışdıqca Azərbaycan və Gürcüstan səhiyyə sistemləri arasındakı fərqi aşağıdakı şəkildə təsnifatlaşdırdım:
1. Qonşu respublikada dövlət müalicə müəssisəsi, yaxud poliklinikası yoxdur, bu sahə tamamilə özəl sektora çevrilib;
2. Ölkədə kiçikdən böyüyə qədər hamı tibbi sığorta kartına malikdir;
3. Gürcüstanda tibbi mərkəzlərə Azərbaycanda olduğu kimi lisenziyalar 5 illik yox, həmişəlik verilir;
4. Tibb sektoru vergi vermir, yalnız bu sahədə çalışanlar sosial müdafiə ödənişləri ödəyir.
Nəticədə dövlət büdcəsi qazanır, yəni dövlət xəstəxanalar tikmir, təmir etdirmir, dərman, tibbi avadanlıqların alınmasına vəsait ayırmır, bunun əvəzinə kapital insana qoyulur. Məsələn, hər bir vətəndaşa böyrək köçürülməsi üçün 20 min lari (10 min manat) ayrılır, təhsil işçilərinə xüsusi tibbi güzəştlər edilir, həkimə təcili gətirilənlərin xərcini 100 faiz sığorta ödəyir, qalan hallarda isə 70 faiz.
Reportajımı Azərbaycandan gələn pasientlərin söhbəti ilə başladığımdan yekunu da “Lanset”də fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərlə bitirirəm.
2 ayda 100 əməliyyat…
Mərkəzin Ümumi Cərrahiyyə Şöbəsinin müdiri
Cavanşir Babayev,
Gürcüstanda doğulub, Vladivastokda və Tiflisdə tibbi təhsil alıb, 21 ildir həkim işləyir, 1997-ci ildən cərrah peşəsində çalışır. Cavanşir Babayevin bildirdiyinə görə, Gürcüstanda “Lanset” səviyyəsində klinika yoxdur, söhbət kadr və müasir tibbi avadanlıqlardan gedir: “Ona görə də axın güclüdür, təsəvvür edin ki, rəhbərlik etdiyim şöbə 2 ayda 100 əməliyyat keçirib. Azərbaycandan da çoxlu xəstələrimiz var. Qiymətlər Azərbaycandan baha deyil, hətta biz Gürcüstandakı klinikalardan da aşağı qiymət götürmüşük”.
Nazir postundan imtina edib “Lanseti” seçən xanım
Klinikanın meneceri
Ramilya Əliyeva
, onu Gürcüstan və Azərbaycan mediasında sabiq baş nazir İvanişvilinin nazir postu təklifindən imtina edən xanım kimi tanıyırlar. İmtinanın səbəbini Ramilya Əliyeva “Lanset”i seçməsi ilə əlaqələndirir. İxtisası jurnalist və gürcü-azərbaycan dilləri üzrə filoloq olan Ramilya Əliyev həm də Gürcüstan İctimai Televiziyasında öz dilimizdə verilişin aparıcısıdır.
“Lanset”i həyatının yeni başlanğıcı hesab edən Ramilya Əliyeva mərkəzin iqtisadiyyat və maliyyə sektorunu idarə edir. “Mən dövlətin tibb sahəsində qanun və qərarlarını bilməliyəm ki, işimizi düzgün quraq. 3 ayın monitorinqi yaxın günlərdə “Lanset”in regionda həqiqətən də ən güclü tibb mərkəzi olacağını proqnozlaşdırır. “Lanset” həm elmi əsər, həm də komfortlu tibbi xidmətin bir nümunəsidir. Fəaliyyətimizi elə qurmuşuq ki, pasient mərkəzin həyətinə daxil olduqdan buranı tərk edənə qədər tam komfort içində olur. Pasient tibbi xidmətlə yanaşı istirahət də edə bilər, çünki hotelimiz də fəaliyyətdədir. Tam əminliklə demək olar ki, yaxın illərdə “Lanset” tibbi turizmin mərkəzi olacaq”.
O, Azərbaycandan xəstələrin çox gəldiyini dedi: “Bu gedişlə biz Azərbaycandan gələn xəstələri yerləşdirə bilməyəcəyik. Yaxşı olardı, mövcud durumun səbəbləri barədə Azərbaycan səhiyyəsinə rəhbərlik edənlər düşünsünlər”.
Digər tibb mərkəzlərilə fərqə gəldikdə, menecer dedi ki, Fransada Fransa təbabəti, Almaniyada Almaniya, ABŞ-da Amerika, İsraildə İsrail təbabəti deyə bir şey var: “Ancaq “Lanset”də bunların hamısı olacaq, çünki həmin ölkələrin aparıcı mütəxəssisləri ilə müqavilələr bağlamışıq. Artıq fəaliyyətə başlayıblar. Sentyabrın 9-da isə Yaponiyadan “Lanset”ə mütəxəssislər gəlir. İstənilən ölkənin peşəkar həkimi istənilən ölkədə çalışır, amma bir nəfər yapona rast gəlmədim ki, Yaponiyadan kənara çıxsınlar. Məsələ ondadır ki, onlar öz təcrübələrini çox xəsisliklə bölüşürlər. Çox güman ki, gələcəkdə həkimlərimizi Yaponiyaya təcrübə toplamağa göndərəcəyik”.
Gələcək planlar barədə xanım Əliyeva bildirdi ki, region əhalisi bundan sonra Rusiyaya, Almaniyaya, İsrailə, İrana və Türkiyəyə yox, Tiflisə
gələcəklər: “Bu, yaxın 5 ilin hədəfidir. 3 aylıq fəaliyyətimiz nəticəsində Vladiqafqazda nümayəndəlimiz açılıb və başqa regionlarla da danışıqlar gedir”.
“Perspektivdə Bakıya qayıtmaq varmı?” sualına Ramilya Əliyeva belə cavab verdi: “Tiflisdəki “Lanset” Fərman Ceyranlının elmi işidir. Belə deyərdim, Fərman müəllimin tərcümeyi-halına nəzər yetirəndən sonra onun 5 ildən sonra nə edəcəyi məlum deyil”.
Klinikanın qurucusu olan Fərman Ceyranlı ötən əsrin 90-cı illərində Azərbaycan Səhiyyə Nazirliyinin Elm İdarəsinin rəisi, M.Topçubaşov Elmi-Cərrahiyyə Mərkəzinin direktor müavini və sonra direktoru vəzifələrində çalışıb. 7 il respublikanın baş cərrahı olub.
Fərman Ceyranlıdan niyə Tiflisdəki işləri Azərbaycanda görə bilmədiyini soruşduq. Azərbaycan səhiyyəsinin acınacaqlı durumu barədə çox ciddi cavablar aldıq. Yaxın günlərdə onunla müsahibəni də təqdim edəcəyik.