Ona müvafiq tələblərə tam cavab vermədiyi bildirilib
“Baku City Circut” əməliyyat şirkəti “Turan” İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova 13-15 sentyabrda keçiriləcək “Formula-1” yarışları üçün akkreditasiya verməyib.
Təşkilatçıların rəsmi cavabında deyilir:
“Sizin Formula 1 “Qatar Airways” Azərbaycan Qran Prisi 2024-ə akkreditasiya üçün etdiyiniz müraciətə müvafiq qurumlar tərəfindən baxılıb. Aparılmış hərtərəfli qiymətləndirməyə əsasən, namizədliyiniz müvafiq tələblərə tam cavab vermədiyindən, sizə akkreditasiyanın verilməsi uyğun görülməyib”.
Cavabda hansı tələblərdən söhbət getdiyi, “müvafiq qurumların” hansı qurumlar olduğu və “hərtərəfli qiymətləndirmənin” nədən ibarət olduğu açıqlanmayıb.
“Baku City Circut” əməliyyat şirkətinin əməkdaşı şəxsi söhbət zamanı Əziz Kərimova deyib ki, “Turan”-ın “Formula-1” yarışları mövzusunda nəşrləri, həmçinin saytın oxucu sayının az olması kimlərisə qane etməyib.
“Turan” yazır ki, bir neçə az tanınan saytın və bütün hökumətyönlü KİV-in fotomüxbirlərinə yarış üçün akkreditasiya verilib.
“Əziz Kərimova isə imtina gəlib. Halbuki o, Azərbaycandan “Herd Buserius Fondu”nun və Avropa İttifaqının Media-Hub layihəsinin nüfuzlu beynəlxalq mükafatına layiq görülmüş yeganə fotojurnalistdir”.
Onun Ukrayna, Qarabağ müharibəsindən, Türkiyədəki zəlzələdən nadir əsərləri “Associated Press”, “Financial Times”, BBC, DW, “The Guardian”, “New York Times”, “Forbes”, “Reuters” və s. kimi dünya agentlikləri tərəfindən dərc edilib.
Sayt qeyd edir ki, Əziz Kərimov bütün əvvəlki “Formula-1” yarışlarını müvəffəqiyyətlə işıqlandırıb, onun çoxsaylı fotoəsərləri isə “Getty İmage” kimi dünya lideri tərəfindən dərc edilib:
“Turan-ın saytında yarışlar haqqında fotosessiyalara isə minlərlə baxış olub. Bundan başqa, əvvəlki yarışların təşkilatçıları dəfələrlə fotomüxbirimizə yüksək peşəkarlığına görə təşəkkür ediblər”.
Meydan TV məsələyə “Baku City Circut” əməliyyat şirkətinin münasibətini öyrənə bilməyib.