Azərbaycanlı bloger Tbilisidə ölü tapılıb

Aftandil Məmmədov bildirib ki, bu, indiyə qədər xarici ölkələrdə azərbaycanlı mühacirlərin başına gələn ilk ölüm halı deyil.

Source: Specify Source


Hüquq müdafiəçisi: “Mənə dedilər ki, Hüseyn Bakıxanov “Rooms” otelin 7-ci mərtəbəsindən yerə düşüb”

Tbilisidə azərbaycanlı müxalif bloger Hüseyn Bakıxanovun ölü tapıldığı bildirilir.

Hüseyn Bakıxanov Bakıda mayın 7-də keçirilən aksiyada həbs edilib, ona 15 sutka inzibati iş kəsilib. Fəal daha öncəki açıqlamalarında polis bölməsində saxlanıldığı zaman işgəncəyə məruz qaldığını bildirmişdi.

Onun ölümü ilə bağlı Meydan TV-yə hüquq müdafiəçisi, hazırda Gürcüstanda yaşayan Aftandil Məmmədov məlumat verib. Bildirib ki, Hüseyn Bakıxanov Gürcüstana iyunun əvvəli, azadlığa çıxandan sonra gəlib. O, Gürcüstan hökumətindən siyasi sığınacaq istəyib.

“Özünü dolandırmaq üçün müxtəlif işlər görürdü. Bir ara tikintidə işləyirdi, eyni zamanda, ingilis və rus dillərindən tərcüməçilik edirdi. Mənimlə də hüquqi yardım istəmək üçün əlaqə saxlamışdı. Ona məsləhətlər vermişdim. Bu ayın 12-də mənə bir polis əməkdaşının nömrəsindən zəng etdi. Ona Tbilisinin mərkəzində, Azadlıq Meydanında bir qrup şəxs tərəfindən hücum olduğunu dedi. “Balansım yoxdur, hazırda polisə gəlmişəm şikayət üçün. Elə buradakı polisin telefonundan yığıram”, – dedi”.

Aftandil Məmmədov deyir ki, həmin vaxt ona polisdən çıxan kimi əlaqə saxlamasını söyləyib:

“Bir gün sonra zəng etdi ki, döyülmə ilə bağlı ekspertizaya gedib. Sonra baxdım ki, özü də bu barədə “Youtube” kanalında paylaşıb. Hətta mənə dedi ki, Gürcüstan Ombudsmanına da müraciət edəcək. Çünki düşünürdü ki, onu döyənlər xüsusi yönləndirilmiş şəxslərdir. Elə iyulun 13-də “Obyektiv TV”-yə də bu barədə müsahibə vermişdi. Həmin gündən sonra mən onunla danışmamışam”.

Aftandil Məmmədov deyir ki, adətən 2-3 gündən bir Hüseyn Bakıxanov ona zəng edirmiş. Uzun müddət zəng etməyəndə şübhələnib, başlayıb axtarmağa:

“Ayıldım ki, günlərdir zəng etmir. Məndə olan nömrələrinə zəng etdim, bağlı idi. Düşündüm ki, yəqin telefonunun enerjisi bitib, yaxud işdədir, bağlayıb. Bir neçə gün də səs çıxmayandan sonra “Facebook”da bununla bağlı status yazdım. Sonra Tbilisidə olan beynəlxalq təşkilatlara müraciət etdim. Dedim, ayın 13-dən bu yana ondan xəbər ala bilmirəm, axtarmaqda mənə kömək edin. Belə bir hadisənin baş verəcəyi ağlıma gəlmirdi. Elə dünən mənə zəng edib dedilər ki, Hüseyn Bakıxanov ölü tapılıb”.

Bundan sonra Aftandil Məmmədov Gürcüstanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Dünən polisə izahat da verib:

“Hətta məndən xahiş etdilər ki, bu gün istintaqda da ifadə verim. Mənə dedilər ki, Hüseyn Bakıxanov Tbilisi şəhərinin mərkəzindəki “Rooms” otelin 7-ci mərtəbəsindən yerə düşüb. Ancaq hələlik, bunun intihar, yoxsa qəsd olduğu məlum deyil. Araşdırma gedir”.

Aftandil Məmmədov bildirib ki, bu, indiyə qədər xarici ölkələrdə azərbaycanlı mühacirlərin başına gələn ilk ölüm halı deyil. Daha öncə Belçikada Vüqar Rzayevin, Türkiyədə Bayram Məmmədovun meyiti tapılıb. Bu, onda şübhə yaradır. Deyir, bütün bunları düşünəndə qəsd ola biləcəyindən şübhələnir.

Hüseyn Bakıxanov bir müddət öncə özünün “Youtube” kanalında paylaşdığı videoda bildirirdi ki, Tbilisinin mərkəzində beş azərbaycanlının hücumuna məruz qalıb: “Birdən məni təhqir etməyə başladılar. Onlara cavab verməyə çalışanda mənə hücum etdilər”.

O, videonu təcili yardım maşınında qeydə almışdı. Polisə və təcili yardıma özünün zəng etməli olduğunu deyirdi. Bildirirdi ki, o, Azərbaycandan qaçıb və Gürcüstandan qaçqın statusu almasına bir neçə gün qalıb.

Hadisə ilə bağlı ilk məlumat yayanlardan biri də hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlıdır. İyulun 29-da yaydığı məlumatda jurnalist bildirib ki, Bakıxanov Azərbaycan polisi tərəfindən təqib edilib.

“İyulun 12-də isə Tbilisidə bir qrup azərbaycanlı tərəfindən döyülüb. Hüseyn polisə və təcili yardıma müraciət edib. Ancaq onun daxili orqanlarını müayinə etməyiblər. Tbilisidə olduğu zaman da öz kanalında Azərbaycan hökumətini daim tənqid edib. Xahiş edirəm, Gürcüstan mediası məsələni diqqətdə saxlasın”, – deyə Əfqan Muxtarlı öz “Facebook” hesabında yazıb.

Hələlik, məsələ ilə bağlı Gürcüstan polisi hər hansı açıqlama verməyib.

Ana səhifəSiyasətAzərbaycanlı bloger Tbilisidə ölü tapılıb