Polad Ömərov “Lotu Quli” cinayətkar qruplaşmasının liderlərindən hesab olunur
Praqada Rusiya və Ukraynada qətl və oğurluqlarda əli olan kriminal avtoritet saxlanılıb. ABŞ-da onu 32 ilədək həbs cəzası gözləyir.
“Investigace.cz” portalının xəbər verdiyi kimi, yanvarın 4-də Praqada 38 yaşlı Polad Ömərov adlı şəxs saxlanılıb. Gürcüstanda doğulmuş, Azərbaycan vətəndaşı olan bu şəxsə qarşı xüsusi ağır zorakı cinayətlər törətdiyinə görə ABŞ-da beynəlxalq axtarış elan ediblər. Ömərov Azərbaycandan olan azərbaycanlılardan ibarət “Lotu Quli” nüfuzlu cinayətkar qruplaşmanın liderlərindən biridir.
Ömərov qətl və oğurluqlarda iştirakda, o cümlədən ABŞ, Çexiya, Bolqarıstan, Gürcüstan, Qazaxıstan və Ukrayna da daxil olmaqla, bir sıra ölkədə cinayətkar qruplaşmaya üzvlükdə ittiham olunur.
Ukraynanın Detektiv INFO portalının xəbər verdiyi kimi, Ömərov və onunla birgə saxlanılan Ziko adlı cangüdəni Çexiyaya Ukrayna pasportları ilə gəliblər.
Polad Ömərov 46 yaşlı azərbaycanlı Namiq Səlifovun sağ qoludur. Bu, postsovet məkanında ən nüfuzlu cinayətkar qruplaşmalardan biri olan “Lotu Quli” mafioz klanının hazırkı başçısıdır. Qruplaşmanın adı Namiqin böyük qardaşı, məşhur qanuni oğru Nadir Səlifovun ləqəbi ilə adlandırılıb. Nadir Səlifovu 2020-ci ildə Türkiyədə oteldə öz keşikçisi güllələyib.
Investigace.cz-in məlumatına görə, Nadir Səlifovu 1995-ci ildə Azərbaycanda 22 il azadlıqdan məhrum ediblər. O, məhz həbsxanada kriminal avtoritet statusunu və Lotu Quli (gürcü dilindən tərcümədə “cəsur ürəkli oğru”) ləqəbini alıb. Səlifov kolonda olarkən Rusiyanın iri şəhərlərində silahlı quldur dəstələri yaradıb, 2017-ci ildə həbsxanadan çıxanda isə Moskvada Azərbaycan mafiyasına rəhbərlik edib. 2019-cu ilin noyabrında Rusiyanın İstintaq Komitəsinin yerli idarəsi ona qarşı cinayət işi açıb.
Polad Ömərovu Namiq Səlifovun göstərişi ilə iki kriminal avtoritetin qətlinin təşkilində ittiham edirlər. Namiq Səlifov bununla qardaşının qisasını almaq istəyib. 2021-ci ilin aprelində Moskvada fitnes-mərkəzdə Əli Heydərovu, 2021-ci ilin dekabrında Odessada bilyard klubunda Nəzir Əliyevi güllələyiblər.
Polad Ömərova həmçinin Ukraynada axtarış elan olunub, belə ki, o, 2017-ci ildə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının idarə üzvünün – Hikmət Abdullayevin oğurlanmasında iştirak edib. “Investigace.cz”-in məlumatına görə, quldurlar həmin vaxt oğurlanan şəxsin qohumlarından 750 min dollar fidyə istəyiblər.