Gülnar Hüseynova bir aydan çoxdur qızı və nəvələrindən xəbər ala bilmir. Sonuncu telefon danışıqlarında qızı Rəhiməxanım Hüseynova deyib ki, onlar İraqın Mosul şəhərində əsirdirlər. “Axırıncı dəfə danışanda dedi ki, mama, bizə həm arxadan, həm də sərhəd bölgəsindən atırlar. Mən də ona dedim ki, çalışın ağ bayraqlar qaldırın ki, sizi sərhəddə qəbul eləsinlər. Dedi, uşaqların “maykalarına” qədər hamısın çıxarmışam, bayraq kimi düzəltmişəm.
Orada 3 nəfər kişi olub. Onlar məcbur olub soyunublar ki, görsünlər bunların üstündə heç nə yoxdur, partladıcı maddə…O kişilər gedəndən sonra qadınlarla uşaqları sərhəddə qəbul ediblər. Oradan onları Mosuldakı “kamplara” aparıblar”- G.Hüseynova deyir.
Rəhiməxanım Hüseynova 11 il öncə ailə həyatı qurub. İlk uşağı dünyaya gələndən sonra yaşayış üçün Türkiyəyə köçüb. Yoldaşı iki ildir vəfat edib. Gülnar xanım kürəkəninin bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyini bildirir. Onun İraqdakı döyüşlərə qoşulub-qoşulmadığından xəbərsizdi. Qızı bu haqda heç nə deməyib. Rəhiməxanım Hüseynovanın İraqa necə getdiyi də bəlli deyil.
“Mənim uşağımı məcburi Təl- Afər bölgəsinə aparıblar. O heç cürə onlardan ayrıla bilməzdi. Ayrılanları da onlar öz əlləri ilə öldürürdülər. Bu xəbərləri qızım axır vaxtlarda bizə deyə bilib. Ondan öncə deyirdi, mama, mən sizə heç cür deyə bilməzdim. Mənim özümü öldürərdilər. Başımı kəsib yanıma qoyardılar”.
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev sentyabrda verdiyi açıqlamada İraqdakı düşərgələrdə olan azərbaycanlı qadın və uşaqların geri qaytarılması üçün çalışdıqlarını bildirib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev “Azadlıq” qəzetinə deyib ki, İraqda bu ailələrlə bağlı iş aparılır. O, İraqın düşərgələrində olan azərbaycanlıların sayı barədə dəqiq rəqəmin olmadığını deyir.
“Onların yaxınları, valideynləri ilə biz Xarici İşlər Nazirliyində dəfələrlə görüşmüşük. Onların narahatlıqları dinlənilib, qeydiyyata alınıb. Konkret faktdan söhbət getmir, burada bir neçə şəxsdən və şəxslərdən, azyaşlı uşaqlardan söhbət gedir. İraqdakı vəziyyət də göz qarşısındadır. Ölkədə müəyyən çətinliklər var. İraqdakı səfirliyimiz də bu məsələ ilə bağlı İraqın müvafiq dövlət strukturları ilə daima təmasdadır.
Gülnar xanım hara müraciət edirsə, ona gözləyin deyirlər. O isə nəvələrinin oyuncaqlarını hər gün yığıb onların nə vaxt gələcəyini gözləyir.