Azərbaycanla Rusiya arasında ”futbolçu müharibəsi”

Ruslan Şeydayevin milli komandada oynamaq istəməsi müzakirələrə səbəb olub

Source:



Ruslan Şeydayevin milli komandada oynamaq istəməsi müzakirələrə səbəb olub

Azərbaycan idmanında milliləşdirilmə həmişə aktual olub. İdmançı yetişdirmək əvəzinə xaricdən hazır idmançılar gətirilib, onlara Azərbaycan pasportu verilib və yarışlara göndərilib. Beləcə, Azərbaycanı “idman ölkəsi” kimi tanıtmağa cəhd göstərilib. Bu tendensiya futbolda da var. AFFA Almaniya və Türkiyənin 3-4-cü dəstələrində oynayan rus, türk futbolçularını yığma komandaya cəlb etsə də, nəticə olmadı.



Əvvəl imtina etdi, sonra isə…

Bir neçə gün bundan əvvəl AFFA xaricdə yetişmiş daha bir futbolçuya Azərbaycan pasportu verib. Ancaq bu futbolçunun milliləşdirilməşi digərlərindən fərqlənir. Söhbət Rusiyanın Sankt-Peterburq şəhərini təmsil edən “Zenit” klubunun yetirməsi Ramil Şeydayevdən gedir. Şeydayev azərbaycanlı olduğundan, onun Azərbaycan yığmasının şərəfini qorumasında heç bir problem olmamalıdır. Ancaq Şeydayevin Azərbaycan vətəndaşlığını qəbul etməsi Rusiya ilə Azərbaycan arasında “soyuq müharibə”yə səbəb olub. Rusiyanın futbol mütəxəssisləri Şeydayevin Azərbaycan yığmasını seçməsini heç cür həzm edə bilmirlər.

Qeyd edək ki, Şeydayevə əvvələr də AFFA tərəfindən belə bir təklif edilmişdi. Ancaq həmin vaxt o, bu təklifi qəbul etməmişdi. Ramil Rusiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarının şərəfini qoruyub. O, bu ölkənin 17 yaşlılardan ibarət yığması ilə Avropa çempionluğunu da qazanıb. Şeydayev Rusiyanın 21 yaşlılardan ibarət yığmasının da liderlərindən hesab olunurdu.



Şeydayevə görə təəssüfləndilər

Avropa çempionatında uğursuzluqla üzləşən Rusiya yığmasında islahatlar aparılacağı, U-21 yığmasının bir neçə üzvünün əsas milliyə cəlb ediləcəyi gözlənilirdi. Təbii ki, Ramil Şeydayev də həmin futbolçular arasında olmalıydı. Ruslar yeni qurulacaq komanda ilə 2018-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatında uğur qazanmaq istəyirdilər. Ancaq Ramilin gözlənilmədən Azərbaycan vətəndaşlığını qəbul etməsi, rusları pəjmürdə edib. Rusiya Futbol İttifaqının birinci vitse-prezidenti Nikita Simonyan da Şeydayevi itirdiklərinə görə təəssüfləndiyini bildirib: “Baş verənlərə görə yalnız təəssüflənmək olar. Biz ona bel bağlayırdıq. Fikirləşirdik ki, futbolçu kimi artacaq, millidə rəqabət yaradacaq və hətta 2018-ci ildə keçiriləcək dünya çempionatınadək əsas yığmada yer alacaq. Təəssüf edirik ki, bu istedadlı futbolçunu itirdik”.



Prezidentin stadionu tərk etməsi AFFA rəhbərliyini qorxuya salıb?

Rusiya mətbuatı da bu məsələni geniş müzakirə edir. Bəs əvvəllər Azərbaycan yığmasında oynamaqdan imtina etmiş Şeydayev fikrini niyə dəyişdi? Əvvəlcə onu qeyd edək ki, AFFA rəhbərliyi yetişdirdiyi və xaricdən dəvət etdiyi aşağı səviyyəli futbolçularla uğur qazanmağın mümkün olmayacağını anlayıb. Bir neçə ay əvvəl Bakıda keçirlən 17 yaşadək futbolçular arasında Avropa çempionatında yaşanan biabırçılıq federasiya rəsmilərini ciddi addımlar atmağa vadar edib. Həmin çempionatın açılış oyununda Azərbaycan Portuqaliyaya 0:5 hesabı ilə məğlub oldu. Hesab 0:3 olarkən – ilk hissədən sonra nəticədən narazı qalan ölkə başçısı stadionu tərk etmişdi. Bundan qorxuya düşən AFFA rəsmiləri əsas yığmanı möhkəmləndirmək haqda düşünməyə başladılar. Çünki qarşıdan DÇ-2018-in seçmə mərhələ oyunları və 2020-ci ildə Bakıda da keçiriləcək Avropa çempionatının final mərhələsi gəlir. AFFA rəhbərliyi isə ölkə başçısına Avropa çempionatının final mərhələsinə yüksələcəkləri ilə bağlı söz verib. Əldə olan futbolçularla bu tapşırığı yerinə yetirmək mümkün deyil.

Ona görə də, AFFA rəhbərliyi səviyyəli futbolçuları nəyin bahasına olursa-olsun yığmaya gətirməyi qarşısına məqsəd qoyub. Prosesə isə Rusiyada yetişmiş azərbaycanlı futbolçulardan başlayıblar.



Rusların təzyiqindən qurtulmaq üçün Türkiyəni seçib

Ramil Şeydayev Türkiyənin “Trabzonspor” klubuna transfer edildikdən dərhal sonra Azərbaycan vətəndaşlığını qəbul etdi. Onun Türkiyə klubuna transferini də AFFA rəhbərliyinin həyata keçirdiyi bildirilir. “Trabzonspor”la AFFA arasında əməkdaşlıq çoxdan mövcuddur. Bu komandanın bir neçə yetirməsi Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarına dəvət edilib. Şeydayev “Zenit”də və ya Rusiyanın digər klublarından birində qaldıqca, onun Azərbaycan yığmasına keçməsi baş tutmaya bilərdi. Çünki ruslar buna görə futbolçuya ciddi təzyiqlər edirdilər. Təsadüfi deyil ki, Şeydayevin Azərbaycan vətəndaşlığını qəbul etməsi ilə bağlı xəbər onun “Trabzonspor”la müqavilə bağlaması rəsmiləşəndən sonra açıqlandı. Bu xəbər Rusiyanın futbol ictimaiyyəti üçün soyuq duş təsiri bağışladı.



Fotbolçuya verilən vədlər

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu “APA Sport”a deyib ki, Ramil Şeydayevin özü Azərbaycan millisində oynamaq istəyir: “Özü bununla bağlı AFFA-ya müraciət edib”.

Mikayıl Nərimanoğlunun sözlərinə görə, Şeydayevin istəyi millinin baş məşqçisi Robert Prosineçkiyə artıq çatdırılıb: “Şeydayev AFFA-ya müraciətində Azərbaycan yığmasında oynamaq istədiyini bildirib. Biz də onun istəyini Robert Prosineçkiyə çatdırmışıq. Baş məşqçinin Ramillə bağlı qərarı heyəti açıqlayanda bəlli olacaq. Hər şey FİFA-nın qaydalarına əsasən olmalıdı”.

Bəs Şeydayev az qala iki ölkə arasında “soyuq müharibə”yə səbəb olmuş bu qərarı nəyin naminə verib? Axı onu Rusiya yığmasında yaxşı perspektiv, böyük turnirlərdə iştirak gözləyirdi. Komanda.az saytının yaydığı məlumata görə, Şeydayevə Azərbaycan yığmasını seçməsi üçün yaxşı “xələt” verilib (http://komanda.az/xeber/22126/). Saytın SOCAR-dakı mənbəyə istinadən yaydığı məlumata görə, ona 2 milyon dollar, Bakıda mənzil, Novxanıda bağ evi və bahalı avtomobil vəd edilib. Futbolçu atası ilə birgə AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəndən sonra qərarını qətiləşdirib.

Şeydayevin Bakıya gəlməsini məsələsinə Azərbaycan milli komandasının rəisi İslam Abbasov da toxunub. O, sportnet.az saytına açıqlamasında deyib:

“Eşitdiyimə görə, Ramil Bakıya gəlib. O, bu yaxınlarda bizimlə, AFFA ilə əlaqə saxlayaraq bildirdi ki, baş məşqçi dəvət etsə, Azərbaycan millisində oynayaram. Bizdə bu haqda məlumat var, millinin baş məşqçisi də məsələdən məlumatlıdır. Bəli, Ramil Rusiyanın U-21 yığmasında oynayıb. Ancaq o, azərbaycanlıdır, əslən burdandır. Görünür, vətəninin yığmasında oynamaq istəyir. Ola bilər ki, “Zenit”dən gedəndən sonra bu qərara gəlib”.

Böyük ehtimalla, Şeydayevin keçidi sonuncu olmayacaq. Rusiyanın ayrı-ayrı klublarında bir neçə istedadlı azərbaycanlı futbolçu çıxış edir. Onlar Rusiya futbolunun yetirmələridi. Futbolçu yetişdirə bilməyən AFFA onları yığmaya cəlb etməyə məcburdu. Şeydayev məsələsi isə rusları duyuq salıb. Demək onlar da bu prosesə müqavimət göstərəcəklər. Azərbaycanla Rusiya arasında “futbolçu müharibəsi” hələ bundan sonra daha da gərginləşə bilər.

Ana səhifəXəbərlərAzərbaycanla Rusiya arasında ”futbolçu müharibəsi”