Azərbaycanla Qazaxıstan arasında futbol qalmaqalı

İddiaya görə, Qazaxıstan yığmasının otel və məşq meydançası üçün ödəniləcək xərclərini Azərbaycan tərəfi ödəməliymiş

Source:


İddiaya görə,  Qazaxıstan yığmasının otel və məşq meydançası üçün ödəniləcək xərclərini Azərbaycan tərəfi ödəməliymiş

Martın 26-da Antalyada Azərbaycan və Qazaxıstanın futbol yığmaları arasında keçirilən oyunla bağlı böyük qalmaqal yaşanır.

Belə ki, Qazaxıstanın 1:0 hesabı ilə qalib gəldiyi oyun barədə bu ölkənin mətbuatında iddia yer alıb. Qazaxıstanın “Fanatik.kz” saytının yaydığı məlumata görə, bu oyunun nəticəsi əvvəlcədən razılaşdırılıb  (

http://www.fanatik.kz/people/user/154/blog/11303/

) və oyun 1:1 hesabı ilə başa çatmalıymış. Danışıqlara görə, Qazaxıstan yığması oyunun son dəqiqələrində qapısından qol buraxmalıymış. Tərəflər arsında əldə olunan razılığa görə, oyun bu hesabla başa çatsaymış, Qazaxıstan yığmasının otel və məşq meydançası üçün ödəniləcək xərclərini Azərbaycan tərəfi ödəməliymiş.

Qazaxıstan mətbuatı iddia edir ki, AFFA Azərbaycan yığmasının nisbətən yenilənmiş heyətlə meydana çıxdığını nəzərə alaraq, komandanın məğlub olmasını istəmirmiş. Ancaq Qazaxıstan yığması son dəqiqələrdə qol buraxmayıb, ya da onların yaratdığı fürsətdən Azərbaycan yığmasının futbolçuları yararlana bilməyiblər. Nəticədə oyun 1:0 hesabı ilə Qazaxıstan yığmasının xeyrinə başa çatıb.

Məlumata görə, oyundan sonra AFFA rəsmiləri ilə Qazaxıstan Futbol Federasiyasının rəsmiləri arasında mübahisə də düşüb. “Fanatik.kz” iddia edir ki, tərəflər arasındakı danışıqları Qazaxıstan yığmasının Talqardakı bazasının rəhbəri Nizam Hüseynov aparıb. Onu da qeyd edək ki, Nizam Hüseynov azərbaycanlıdı. O, 1937-ci ildə Qazaxıstana sürgün edilən azərbaycanlı ailəsində dünyaya göz açıb. Onun əvvəllər bu komandalar arsında keçirilən oyunlarda vasitəçilik etdiyi və qarşılaşmaların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində böyük rol oynadığı deyilir.

Bu dəfə razılaşdırılma pozulduğuna görə cəzalanan da məhz Nizam Hüseynov olub. Qarşılaşmadan 2 gün sonra o tutduğu vəzifədən azad edilib. Hətta onun qovulması da qalmaqalla müşayiət olunur. Belə ki, Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin Hüseynova öz ərizəsi ilə işdən getməyi təklif edib. Baş katib onun ərizə yazmasını gözləmədən Hüseynovun postundan getdiyini ictimaiyyətə açıqlayıb. Ancaq sonradan məlum olub ki, Hüseynov ərizə yazmaqdan imtina edir.

Bu məlumatın Qazaxıstan mətbuatında yayılmasından sonra AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu təkzib bəyanatı yaydı. Qazaxıstan mətbuatında da dərc olunan bəyanatda deyilir:

“O yazıda qeyd olunanların heç bir əsası yoxdur. Qazaxıstan saytının yazdıqları ağ yalandır. Oyundan sonra rəhbərlik səviyyəsində heç bir görüş keçirilməyib. Yazıblar ki, Qazaxıstan yığmasının otel və məşq üçün meydança xərclərini biz çəkmişik. Belə bir şey ola bilməz. Yalnız hakimlər və teleyayım üçün tələb olunan vəsait yarıbayarı ödənilib. Başqa heç bir ödənişdən, danışılmış oyundan söhbət gedə bilməz”.

Maraqlıdır ki, AFFA bu məsələyə dərhal münasibət bildirərək, məlumatı təkzib etsə də, Qazaxıstan Futbol Federasiyasının rəsmiləri hələ ki, susurlar. Yalnız qalmaqalda adı hallanan Nizam Hüseynov danışıb. Özü də Qazaxıstan yox, Azərbaycan mətbuatına. Nizam Hüseynov “Futbol+” qəzetinə verdiyi açıqlamada məlumatı təkzib edib:

“Bizim mətbuatada yer alan yazı ilə tanışam. İnandırım sizi, onu oxuyanda başım fırlandı. Mən azərbaycanlıyam. Əcdadlarım 1937-ci ildə Qazaxıstana köçüblər. Mən də burada anadan olmuşam. Federasiyaya yeni rəhbərlik gələndən sonra mənə bildirdilər ki, daha səninlə işləmək istəmirik. Burda qəbahətli heç nə yoxdu. Hamı öz komandasını ətrafına toplayır. 6 il bazanın direktoru işləyən, daha çox təsərrüfat işlərindən anlayışı olan, 55 ildə bir dəfə də Bakıda olmayan necə oyun danışa bilər?  Bunlar hamısı Qazaxıstan mətbuatının ucuz uydurmasıdı”.

Sonda “Fanatik.kz” portalının əməkdaşı Mixail Kazaçkovun da mövqeyinə nəzər salaq:

“Bu cür söz-söhbətlər istənilən futbol ölkəsində yaşanır. Nizam Müslümoviçin postundan uzaqlaşdırılması yanan odun üstünə benzin tökməyə bənzədi. Futbol ictimaiyyətinin nümayəndələrinin fikirincə, peşəkar olan Hüseynovun qovulmasının arxasında məhz matçın əvvəlcədən planlaşdırılan hesabla başa çatmaması dayanır. Federasiya rəhbərliyi qurbanlıq qoyun kimi onu seçib. Söylənilənlərə inansaq, bununla da Azərbaycan rəsmilərinə “günahkarı cəzalandırdıq” demək istəyiblər. Ancaq onu da deyim ki, əlimizdə hər hansı fakt yoxdur, yazılanlar sadəcə, ictimaiyyət arasında dolaşan söz-söhbətdir”.


http://www.fanatik.kz/people/user/154/blog/11303/

Ana səhifəXəbərlərAzərbaycanla Qazaxıstan arasında futbol qalmaqalı