Azərbaycanla İranın XİN rəhbərləri mövcud vəziyyəti müzakirə edib

Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian. Foto: XİN

“Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefonla danışıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında  bildirilir ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə edib.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər. Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar“, – XİN bildirib.

Daha öncə də iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Bu danışıqlar aprelin 7-si və 8-də olub.

Bu danışıqların hansı tərəfin təşəbbüsü ilə baş tutduğu barədə məlumat açıqlanmır. Məlum olan odur ki, son zamanlar Azərbaycanla İranın diplomatik münasibətləri yaxşı deyil.

İki ölkə bir-birinə qarşı müxtəlif ittihamlar səsləndirir. Hətta Azərbaycanın hüquq-mühafizə orqanları İrandan təlimat alan bəzi şəxslərin ölkənin konstitusiya quruluşuna qarşı fəaliyyət apardığını bildirib.

İran isə Azərbaycanda onlara qarşı xarici qüvvələrə şərait yaradıldığını iddia edib. Bu ittihamlar hər iki ölkə rəhbərliyi tərəfindən inkar edilib.

Nə baş verib?

2023-cü  il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, ikisi nəfər isə yaralanıb. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə edib. İran silahlı hücumun araşdırılacağını bəyan edib.

Aprelin 6-da isə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı persona-non-qrata elan edilib.

Ana səhifəXəbərlərAzərbaycanla İranın XİN rəhbərləri mövcud vəziyyəti müzakirə edib