Ermənistan bir hərbçinin öldüyünü, digərinin yaralandığını bildirir
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı atəşkəsi pozmaqda ittiham edib.
Nazirlik martın 7-də yaydığı məlumatda qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azırbaycan ərazisində qanunsuz erməni silahlı dəstəsinin üzvləri Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində 23 dəfə atəşkəsi pozub.
“Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub”,-deyə nazirlik vurğulayıb.
Ermənistan atəşkəsin pozulduğunu təsdiqləyib.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, martın 7-də saat 12:40-da Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin qərb hissəsində erməni hərbi birləşmələrinin mövqelərini atəşə tutub. Atışma nəticəsində iki erməni hərbçi yaralanıb.
“Müqavilə xidmətinin serjantı Qraç Aramoviç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb“.
İkinci əsgərin həyatı üçün təhlükə yoxdur.