Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsində kim maraqlı idi?

Avropa Birliyi və Rusiya. Foto: ffikretow/shutterstock

Yazar: Emil Məmmədli

Rusiya XİN nümayəndəsi kartları açıb

Əgər üçtərəfli müqavilə bağlanan andan Rusiya bu prosesi inhisara almış kimi görünürdüsə, sonradan Avropa İttifaqının fəallığı, xüsusən də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinə alternativ vasitəçilik təklif etməsi və bunu konkret addımlarla dəstəkləməsi danışıqlar prosesində yeni mərhələ yaratdı.

Brüsseldə iki liderlərinin Şarl Mişelin vasitəçiliyi ilə görüşləri və görüş sonrakı bəyanatlar Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamasından elə də uzaqda olmadığı təsəvvürü yaratdı.
Lakin sentyabrın 12-dən 13-ə keçən gecə sərhəddə başlanan döyüşlər son Brüssel görüşünün nəticələrini demək olar ki, sıfıra endirib.

Rusiya XİN MDB ölkələri üzrə ixtisaslaşan dördüncü departamentinin direktoru Denis Qonçarın RİA-Novosti agentlliyinə vəziyyətlə bağlı verdiyi müsahibəni isə Moskvanın Aİ vasitəçiliyinə olan münasibətin açıq göstərici kimi qəbul etmək olar.

Denis Qonçar. Mənbə: mid.ru

Bu müsahibəni bir sıra ekspertlər Azərbaycanla Ermənistan arasında son gərginliyin təşəbbüskarının Rusiya olmasına sübut kimi qiymətləndirdilər.

“Rusiya danışıqlar prosesini inhisara ala bilməyəcək”

Məsələni Meydan TV üçün şərh edən siyasi icmalçı Zərdüşt Əlizadə hesab edir ki, Rusiya beynəlxalq hüququ tanınmaq istəmir, yenə də müstəsna, bənzərsiz hüquqların sahibi olduğuna inanır.

“Həmçinin, inanır ki, postsovet məkanı yalnız Rusiyanın nüfuz dairəsidir. Bu, yanlışlığı da dünya ona sübut edir. O cümlədən, Ukraynada gedən qanlı müharibə sübut edir ki, Rusiya rəhbər işçilərinin bu xülyaları, düşüncələri həm dünya, həm də Rusiyanın özü üçün ziyanlıdır”, – o deyib.

Bununla belə Zərdüşt Əlizadə son atəşkəs pozuntusunun Rusiyanın təşkil etməsini düşünmür.

Onun fikrincə, Moskva imkanında olan qədər Bakıya qətiyyətlə təzyiq göstərməyib və hədələməyib və 12-13 sentyabr toqquşması Ermənistanın üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtinasından yaranıb.

Zərdüşt Əlizadə
Foto: strateq.az

Bundan başqa, Zərdüşt Əlizadə hesab edir ki, Rusiya danışıqlar prosesini inhisara ala bilməyəcək.

“Hamımız ABŞ və Avropadan asılıyıq. Hər hansı məsələnin təkbaşına qərar verib, həll etmək mümkün deyil.

Hansısa dövlət inhisara almaq istəyər, amma gerçək həyat imkan verməyəcək”, – siyasi şərhçi deyib.

“Rusiya XİN rəsmisi sərhəddə baş verənlərin haradan qaynaqlandığını istəmədən açıqlayıb”

İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov isə əmindir ki, Denis Qonçarın bəyanatı həmin hadisələrin arxasında Rusiyanın dayandığını göstərir.

“Əslində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Azərbaycan-Ermənistan sərhədində baş verənlərin haradan qaynaqlanıdğını istəmədən açıqlayır. O deyir ki, biz yenə də moderatorluğu öz əlimizə qaytarmaq istəyirik. Rusiya həmin qarşıdurmadam istifadə edib bütövlükdə sərhədi öz nəzarəti altına almaq istəyir”, – politoloq deyib.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

O qeyd edib ki, Denis Qonçar gizlətmədən bəyan edir ki, kollektiv Qərb Rusiyanı sıxışdırıb bölgədən çıxartmaq istəyir.

“Şarl Mişelin vasitəçiliyi ilə dövlət başçılarının son görüşündə çox vacib qərar qəbul olundu – 1 ay ərazində xarici işlər nazirləri sülh sazişinin konkret mətni üzərində işə başlamalıdırlar və iki aydan sonra Şarl Mişelin vasitəçiliyi ilə Paşinyan və Əliyev görüşməlidirlər. Saziş də beynəlxalq hüquq normalarına uyğun olaraq standard şəkildə hazırlanır. Əslində, Yerevan-Bakı münasibətlərinin normallaşdırılması rusların bölgədən sıxışdırılıb çıxarılması demək idi”, – politoloq deyib.

Ana səhifəSiyasətAzərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsində kim maraqlı idi?