”Azərbaycanla bağlı rüşvət ittihamı araşdırılmalıdır”

AŞPA üzvlərinin çoxu hesab edir ki, ittihamın müstəqil araşdırılmaması quruma etimadı sarsıda bilər

Source:
Azərbaycan
Azərbaycan


AŞPA üzvlərinin çoxu hesab edir ki, ittihamın müstəqil araşdırılmaması quruma etimadı sarsıda bilər

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) korrupsiya faktına göz yummaqda günahlandırılır. «The Guardian» qəzetində bu haqda geniş məqalə dərc olunub. Azadlıq Radiosu həmin məqaləni tərcümə edib.

Məqalədə bildirilir ki, AŞPA-nın günahlandırılmasına səbəb qurumun keçmiş vitse-prezidenti – italiyalı siyasətçi Luka Volontenin Azərbaycan rəsmilərindən 2.4 milyon avro məbləğində rüşvət alması ilə bağlı ittihamlardır. Avropa Şurası (AŞ) bu ittihamların AŞPA–nın nüfuzuna xələl gətirəcəyindən qorxur və məsələylə bağlı təcili araşdırma aparılmasını istəyir.

İttihamın müstəqil araşdırılmaması quruma etimadı sarsıda bilər

İttihamlara görə, L.Volonte Azərbaycan rəsmilərindən ölkədəki seçkilərin saxtalaşdırılmasına yardım etmək, siyasi məhbuslarla bağlı sənədlərin qəbuluna əngəl olmaq əvəzində rüşvət alıbmış.

“The Guardian” yazır ki, müşahidəçilər qurumun bu üzvünə – neftlə zəngin Azərbaycana insan haqlarının pozulması, seçki saxtakarlıqlarına göz yummasıyla bağlı narahatlıqlarını öncə də dilə gətiriblər. İnsan haqları təşkilatları qurumun Bakıya gələn qonaqlarının qarşısına tökülən qızıl və gümüşdən, ipək xalça və balıq qonaqlıqlarından, “kürü diplomatiyası”ndan danışıblar. 2016-cı ilin noyabrında isə İtaliyanın ictimai yayımı –RAI L.Volonte haqda bilgini açıqlamaqla AŞPA-da çaxnaşmaya səbəb oldu.

Parlamentərilərin çoxu hesab edir ki, ittihamın müstəqil araşdırılmaması quruma etimadı sarsıda bilər. “Başqalarına açıq və şəffaf olmağı məsləhət görənin özünün seçki saxtakarlıqları haqda ittihamları araşdırmaması ağlabatan şey deyil, etibar doğurmur”, – danimarkalı parlamentari Peter Omtzigt belə deyib. O, korrupsiya faktıyla bağlı təcili araşdırma, həmçinin Assambleyanın davranış kodeksinə yenidən baxılmasını tələb edən qətnamənin müəlliflərindən biridir. Onun irəli sürdüyü qətnamə layihəsini AŞPA parlamentarilərinin 1/5-i imzalayıb (AŞPA-nın 324 üzvü var). Onların arasında Böyük Britaniya, Fransa, Almaniya, Skandinaviya və Baltikyanı ölkələr, Yunanıstan, Ukrayna daxil olmaqla, 25 ölkə təmsilçisi var.

Onlar hər dəfə azad və ədalətli seçkilərdən danışırdılar

“AŞ parlamentariləri korrupsiyayla bağlı açıq suallar verə bilmirlər. Halbuki AŞPA məruzəçilərinin Azərbaycandakı seçkiləri tərifləməsi çoxdan suallar doğurmalıydı”.

Bu sözləri isə “The Guardian”a açıqlamasında Cənub-Şərqi Avropa və Qafqaz üzrə ixtisaslaşmış tədqiqat mərkəzi olan Avropa Stabillik Təşəbbüsünün (European Stability Initiative) rəhbəri Gerald Knaus deyib. Onun sözlərinə görə, Avropa Şurası 1949-cu ildə, demokratiyanı qorumaq və qanunun aliliyini təmin etmək məqsədilə yaradılıb. Azərbaycan quruma 2001-ci ildə qoşulub:

“Avropa Şurası Azərbaycana 2010, 2013, 2015-ci illərdə müşahidəçi göndərib və hər dəfə də bu parlamentarilər qayıdanda, orada günəşin şəfəq saçdığını söyləyiblər. Halbuki başqaları yağış yağdığını deyirdilər. Onlar hər dəfə azad və ədalətli seçkilərdən danışırdılar… ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli seçki müşahidəçiləri isə çox böyük problemlərin olduğunu bildirirdilər”.

Peter Omtzigt isə deyib ki, Azərbaycandakı seçkilər haqda materiallar çox şübhəli olur, ona görə də rüşvət məsələsilə bağlı tez və detallı tədqiqat aparılmalı və nəticələrin ictimaiyyətə açıqlanması təmin edilməli, həm də bu iş hansısa müstəqil quruma həvalə olunmalıdır.

AŞPA prezidenti məsələyə münasibətini, hələ ki, bildirməyib

Avropa Stabillik Təşəbbüsünün rəhbəri G.Knaus bu rəqəmlərin heç də ürəkaçan olmadığını bildirir. Onun fikrincə, Assambleya liderləri məsələyə həddən artıq laqeyd yanaşırlar. “Avropa da insan haqları prinsiplərini qoruya bilmirsə, daha kimə ümid bağlamaq olar ki?..”, –deyə G.Knaus təəssüfünü bildirir.

AŞPA-nın sədri Pedro Agramunt əvvəl tələblərə qarşı çıxsa da, keçən həftə müstəqil araşdırma təklifinə razılıq verib. İndi müşahidəçiləri araşdırma qrupunun kimlərdən ibarət olacağı maraqlandırır. G.Knaus Azərbaycan hökumətinin maraqlarını müdafiə edən qrupları nəzərə alaraq, “kürü koalisiyası”na etibar etməyə əsas olmadığını deyir. Ancaq ümidsiz də deyil.

AŞPA prezidenti məsələyə münasibətini, hələ ki, bildirməyib. Ancaq “The Guardian” qəzeti qurum liderinin Avropa Şurası baş katibinin təzyiqi altında olduğunu vurğulayır. Katib Tyorborn Yanqland ittihamlar haqda danışarkən qurumun korrupsiya məsələsində tolerant olmadığını qəti ifadə edib.

Azərbaycan ittihamları rədd edir

Azərbaycan tərəfi indiyədək oxşar ittihamları rədd edib, AŞPA-da səslənən fikirlərin “ölkəni sevməyənlərin işi” olduğunu söyləyib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib:

“Azərbaycan hökumətinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsini hansı əsasla yazırlar? Kimsə, Azərbaycanın marağını müdafiə edirsə, ölkəmizin xeyrinə söz deyirsə, dərhal erməni lobbisinə işləyənlər onu şantaj edirlər. Burada da məqsəd həmin insanların Azərbaycanın haqq işinə verdiyi dəstəyi əngəlləməkdir”.

Deputat Rasim Musabəyov isə BBC-yə açıqlamasında İtaliya hüquq-mühafizə sisteminə etibar etmədiyini deyib. O, “italiyalı deputat Luka Volonte öz ifadələrində azərbaycanlı deputatlar Elxan Suleymanov və Müslüm Məmmədovun adını çəkərək onlardan milyonlarla dollar aldığını deyir. Bu iddialar hələ sübut olunmasa da, Azərbaycanın adları çəkilən AŞPA deputatlarını nümayəndə heyətindən müvəqqəti və ya ehtiyat hərəkəti kimi uzaqlaşdırmaması düzgün qərardırmı” -sualına belə cavab verib:

“Bütün hallarda mənim İtaliya hüquq-mühafizə sisteminə çox böyük etibar etmək istəyim yoxdur. Onlar manipulyasiya olunan bir sistemdir”.

Ana səhifəXəbərlər”Azərbaycanla bağlı rüşvət ittihamı araşdırılmalıdır”