Karin Strenzin səhhəti təyyarədə pisləşib, huşunu itirib
Azərbaycanla bağlı korrupsiyada adı hallanan alman deputat Karin Strenzin Kubadan Almaniyaya uçan təyyarədə halı qəfil pisləşib. Bu səbəbdən təyyarə İrlandiyanın Co-Clare əyalətindəki Şannon hava limanında təcili eniş edib.
Alman mətbuatının yazdığına görə, 53 yaşlı Karin Strenz Limerick Universitetinin Klinikasına yerləşdiriləndən sonra vəfat edib.
Angela Merkelin Xristian Demokratik Birliyi Partiyasından olan deputat Bundestaqda Meklenburq-Vorpommern əyalətini təmsil edirdi. Onun Kubaya şəxsi, yoxsa işgüzar səfər etdiyi hələ ki məlum deyil.
Deputatın ölüm səbəbi rəsmən açıqlanmayıb, lakin xəstəxanadan ölümün səbəblərini araşdırmaq üçün analizlərin götürüldüyü bildirilib.
Xəbərdə bildirilir ki, Frankfurta üçün təyyarədə həyat yoldaşı da onun yanında olub. Halı pisləşən Karin Strenz təyyarədə təcili tibbi yardıma ehtiyac olduğu deyib. Bundan sonra, saat 07:30-da təyyarənin Şannon hava limanında planlaşdırılmamış enişinə icazə verilib.
Azərbaycanla bağlı korrupsiya işi…
Karin Strenzin adı Avropa Şurasında Azərbaycanla bağlı korrupsiya və lobbiçilikdə hallandırılırdı. Belə ki, o, Avropa Şurasında azərbaycanlı siyasi məhbusların azad edilməsi ilə bağlı qətnamənin əleyhinə səs verib.
Qərb mətbuatı yazır ki, o, avtoritar, neftlə zəngin keçmiş Sovet respublikası olan Azərbaycana lobbiçilik edib və bunun müqabilində rüşvət alıb.
Avropa Şurasının 2018-ci il hesabatında onunla bağlı korrupsiyaya dair sübutlar tapılıb və Strenzin AŞPA-da fəaliyyəti ömürlük qadağan edilib.
Yanvar ayında prokurorluq Karin Strenzlə bağlı istintaqa başladıb.
İstintaqa ifadə verən Strenz 2019-cu ildə ona məxsus Line M-Trade şirkətinin 2014 və 2015-ci illərdə 15.000 avroluq ianə qəbul etdiyini etiraf etsə də, pulun mənbəyini açıqlamayıb.
Bundestaq isə bəyan edilməmiş ianələri qəbul etdiyi üçün onu 20.000 avro cərimələyib.
Onu rüşvət müqabilində Azərbaycana lobbiçilik etməsinə görə beş ilə qədər həbs gözləyirdi.