None

Mənbə: 

Azərbaycanla bağlı çirkli pulları araşdıran maltalı jurnalist öldürüldü

Karuana Qalizia Maltanın Baş nazirini Əliyevlərlə birgə maxinasiyalarda ittiham edirdi

Oktyabrın 16-da maltalı bloger, araşdırmaçı jurnalist Dafne Karuana Qalizia öldürülüb. Malta polisi onun avtomobilində bomba partladıldığını açıqlayıb.

53 yaşlı Karuana Qalizia Maltalı siyasətçilərin də cəlb olunduğu korrupsiya hallarını aşkarlayan məşhur bloq yazısı yayımlamışdı. Polis jurnalistin öz avtomobili ilə Maltanın şimalında, Bidnija kəndi yaxınlığında hərəkət edərkən öldürüldüyünü söyləyir. Video görüntülərdə isə maşının partlayışdan sonra yoldan bir metr kənarda yerləşən boş sahədə yandığı görünür.

Maltada insanlar küçələrə axışır

Maltada insanlar küçələrə axışır

“Malta matəm içində”

Qətl edilən jurnalistlə həmrəy olduqlarını göstərmək üçün və jurnalistin ailəsinə dəstək məqsədilə Malta küçələrinə minlərlə insan axışıb. İnsanlar jurnalistin evinin qarşısına və parklara stendlər qurub, şamlar yandırırlar.

“Mətbuat azadlığına qarşı barbar hücum”

Bu ilin əvvəlində Karuana Qalizia tərəfindən səhv siyasi addımlarına görə ittiham edilən Maltanın Baş naziri Cosef Muskat jurnalistə qarşı tərtib edilən sui-qəsdi pisləyərək, bunu "mətbuat azadlığına qarşı barbar bir hücum" adlandırıb.

"Bu hadisənin ədalətli nəticələndiyini görməyincə, rahat olmayacam. Ölkəmiz ədalətə layiqdir ", - deyən Muskat televiziya kanalında öz çıxışı zamanı xalqa müraciət edərək milli birliyə çağırıb. Maltanın 400 min əhalisi var və Avropa Birliyinin ən kiçik dövlətidir.

"Hər kəs Karuana Qalizianın məni həm siyasi cəhətdən, həm də şəxsən sərt şəkildə tənqid etdiyini bilir. Lakin heç kim bu barbar hərəkətə heç bir şəkildə haqq qazandıra bilməz", - Muskat belə deyib: "Böhtan atan hər kəs üçün məhkəmə tək vasitədir".

Karuana Qalizia

Karuana Qalizia

“İndi baxdığınız hər yerdə oğrular var”

Bu ilin iyun ayında Karuana Qalizia Muskatın adının korrupsiyada hallanmasını səbəb göstərərək erkən seçki çağırışı edib. Onun sözlərinə görə, kiçik Maltada yerləşən bank sənədləri göstərir ki, Muskatın həyat yoldaşının Panamada şirkəti var və həmin şirkətlə Azərbaycanda müəyyən bank hesabları arasında böyük məbləğdə pul köçürmə əməliyyatları həyata keçirilib. Həm Muskat, həm də həyat yoldaşı ittihamları rədd edərək, Karuana Qalizianı böhtan atmaqda günahlandırıblar. Muskat növbəti seçkilərdə asanlıqla yenidən seçilib. Qısa müddət öncə Karuana Qalizia öz bloqunda müxalif siyasətçiləri sərt tənqid edib.

Bazar ertəsi səhər saatlarında yayımlanan son bloqunda jurnalist "İndi baxdığınız hər yerdə oğrular var. Vəziyyət ümidsizdir " - deyə bildirib.

Ötən il başqa bir yazısında isə jurnalist belə qeyd etmişdi: "Maltanın ictimai həyatı, heç bir prinsipi və qorxusu olmayan, təhlükəli dərəcədə qeyri-stabil kişilərdən əziyyət çəkir".

Hadisə baş verən ərazidə araşdırmalar

Hadisə baş verən ərazidə araşdırmalar

Malta Televiziyası, Karuana Qalizianın iki həftə əvvəl təhdid aldığını söyləyərək, polisə şikayət etdiyini açıqlayıb. Bu haqda ətraflı məlumat verilməyib.

“Biz belə böyük itkiyə görə yas içindəyik”

Avropa Xalq Partiyasının (EPP) prezidenti Cosef Daul,  məşhur Maltalı jurnalistin öldürülməsindən sonra açıqlama verib:

"Bir neçə saat öncə maltalı jurnalist Dafne Karuana Qaliziaya qarşı sui-qəsd xəbəri məni şoka saldı. Dafne Karuana Qalizia öz həyatını araşdırmalarıyla həqiqəti üzə çıxarmağa həsr etmişdi və biz belə böyük itkiyə görə yas içindəyik. O, yüksək istedada malik araşdırmaçı jurnalist idi və Panama sənədləri dünyanı daha şəffaf və daha ədalətli bir yerə çevirdi.

Belə bir dəhşətli cinayətdən sonra biz müvafiq dövlət orqanlarını cinayət aktını işıqlandırmağa və təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb etmək üçün dərhal araşdırma aparmağa çağırırıq. Dafne Karuana Qalizianın ailəsinə və sevdiklərinə dərin hüznlə başsağlığı verirəm. Bu, demokratiya və ifadə azadlığı sahəsində itki verən Malta və azad dünya üçün çox üzücü bir gündür”.

“Acı nümunə”

Avropa Parlamentinin (AP) prezidenti Antonio Tacani isə öz tvitter hesabında “Dafne Karuana Qalizianın dəhşətli qətli: Öz həyatını həqiqətləri üzə çıxarmaq üçün qurban verən jurnalistin acı bir nümunəsi. O unudulmayacaq” - deyə yazdı.

Karuana Qalizia ötən il öz bloqunda Panamada maltalı nazir Konrad Mizziyə və Baş nazirin işlər idarəsinin rəisi Keith Şhembriyə məxsus iki şirkətin adını açıqlayıb.

Mizzi və Şhembri haqqında araşdırmasından sonra, o, 2016-cı ildə “Politico” tərəfindən “Avropanı formalaşdıran, silkələyən və qarışdıran 28 nəfərdən biri" adına layiq görülüb.

“Xatırlatma”

Bu ilin aprel ayında isə Baş nazirin həyat yoldaşı Mişelin Panama sənədlərində adı keçən “Egrant” şirkətinin sahibi olduğunu aşkarlayıb.

Karuana Qalizia həmçinin yüksək vəzifə tutan bir neçə Malta siyasi fiqurunu Azərbaycanın birinci ailəsinə bağlanan çirkli pulların yuyulması əməliyyatında günahlandırıb.

Malta baş nazirinin həyat yoldaşı Mişel Muskat, nazir Konrad Mizzi və baş nazirliyin aparat rəhbəri Keyt Skembrinin adı bu əməliyyatda hallanır.

Qalizianın yazdığına görə, ötən il Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın sahibi olduğu şirkətdən Keyt Skembrinin və Konrad Mizzinin Panamada qeydiyyatdan keçən "Tillgate Inc" and "Hearnville Inc" şirkətlərinə kredit ödənişləri şəklində böyük məbləğdə pul köçürülüb.

Pullar Maltanın Baş nazirinin həyat yoldaşı Mişel Muskatın da payçısı olduğu üçüncü bir şirkətə - "Egrant Inc"-ə köçürülüb.

Panama sənədlərində bu şirkətlərin adları çəkilib.

Bloqçu iddia edib ki, ödənişlər Dubayda qeydiyyatdan keçən və əsas payçısının Leyla Əliyeva olan "Al Sahra FZCO" şirkətindən "Pilatus" bankı vasitəsilə köçürülüb. Bank İran vətəndaşı Seyid Əli Haşemenijada məxsusdur. O, bu bankı 2013-cü ildə təsis edib.

Qalizianın yazdığına görə, "Pilatus" bankının da depozitlərinin 60 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva və oğlu Heydər Əliyevə məxsusdur.

Bank bu iddiaları qəbul etməyib.

Ötən illər ərzində Azərbaycanla Malta enerji sahəsində əməkdaşlığı inkişaf etdirib.

2014-cü ildə Maltanın Baş naziri Cozef Muskat öz nazirlik aparatının rəhbəri Keyt Skembri və o zaman enerji naziri olan Konard Mizzi ilə Bakıya səfər edib. Səfərin nəticəsi olaraq iki anlaşma memorandumu imzalanıb. Onlardan biri enerji sahəsində strateji əməkdaşlıq, digəri isə ARDNŞ ilə bağlanıb.

"Bu görüş ölkələrimizin dünyanın ən böyük enerji mərkəzlərindən biri ilə əməkdaşlıq etməsinə aparıb çıxaracaq", - Muskat o zaman görüşdə deyib.

Hazırda Maltada "SOCAR Trading Shipping Limited", "SOCAR Oil & Gas International Limited", "SOCAR Oil & Gas International Holding Limited", "SOCAR Investments And Finance Ltd", "SOCAR Trading Shipping Limited" kimi Azərbaycana bağlı olan müxtəlif şirkətlər var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/td5atd

Ən çox baxılan