Azərbaycanla 2,5 milyardlıq müqavilə imzalayan AIMROC ”yoxa çıxıb”

Fəhlələr Çovdar qızıl yatağında işin dayandığını iddia edirlər

Source:


Fəhlələr Çovdar qızıl yatağında işin dayandığını iddia edirlər

“Müqavilə əsasında 1 ildən çox çalışdığımız şirkətə indi əlimiz çatmır. Ofisi boş, telefonlarına cavab verilmir. Şirkətdən 4 min manata yaxın alacağım var. Hardan, kimdən alım bilmirəm”, – deyir Daşkəsənin Quşçu kəndinin sakini İbrahim Süleymanov.


“Qızıl yatağında çalışan 250 nəfərə yaxın işçini məzuniyyətə yolladılar”

İbrahim Süleymanov 2012-ci ilin sonlarından Daşkəsənin Çovdar kəndindəki qızıl yatağında çalışmağa başlayıb. O, çovdar qızıl yatağının istismarı ilə məşğul olan AIMROC adlanan şirkətlə müqavilə bağlayıb. 2013-cü ilin aprelində bir aylıq məzuniyyətə çıxıb. Qayıdanda şirkət rəsmisi büdcədə pul olmadığını, bir ay öz hesabına məzuniyyət götürməsini istəyib:

“Beləcə qızıl yatağında çalışan 250 nəfərə yaxın işçini məzuniyyətə yolladılar. Mayda işə qayıdanda yenidən dedilər ki, “gedin sentyabrda gələrsiz”. Sentyabr oldu noyabr, noyabr oldu 2014-cü ilin yanvarı – bugünə qədər işə çağırmayıblar. AIMROC şirkəti ilə bağladığımız müqavilədə deyilir ki, iş dayanarsa və yaxud müaviləmizə xitam verilərsə, 6 ay müddətində əmək haqqımızın 66 faiz dəyərində pul almalıyıq. İndi bilmirik o pulu hardan, kimdən alaq”.


“Sanki belə bir şirkət heç olmayıb”

İbrahim Süleymanov deyir ki, AIMROC-un Çovdardakı ofisində mühafizəçilərdən başqa kimsə qalmayıb. Müqavilədə ünvanları yazılan digər Gəncə və Bakı ofislərində isə ümumiyyətlə kimsə yoxdur: “Dəfələrlə gedib əliboş dönmüşük. Nə Bakı, nə də Gəncə ofisində kimsə var. Telefonlara da cavab vermirlər. Sanki belə bir şirkət heç olmayıb”.

İbrahim Süleymanovun sözgəlişi dediklərini hazırda həbsdə olan araşdırmacı jurnalist Xədicə İsmayılova “Qızıl yataqlarında Əliyevlərin payı”, – adlı araşdırmasında təsdiqləyir. AIMROC “shell”- şirkətdir (yəni quruca adı olan).

Jurnalist yazır ki, Çovdardakı qızıl mədəninin işlənməsi üçün müqavilə (dəyəri 2,5 milyard dollardır) 2007-ci ildəki qeyri-şəffaf prosedurla AIMROC adlanan konsorsiuma verilib, hökumət bu şirkəti – Britaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim edib.

Həmin konsorsium 2007-ci ildə yaradılıb. Xədicə İsmayılın araşdırmasına görə, AIMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident İlham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir.


AIMROC adlanan şirkətə niyə bu qədər imtiyaz verilib?

2006-2007-ci illərdə prezident sərəncamla Çovdar qızıl mədəni və beş başqa yatağının işlənməsi hüququ ilə bağlı danışıqların aparılmasını, sonra isə AIMROC adlanan şirkətlə (“Azerbaijan International Mineral Resources Operating Company, Ltd.”, azərbaycanca “Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların İdarə Edilməsi üzrə Məhdud Məsuliyyətli Şirkət) müqavilə bağlanmasını Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə tapşırıb.

2007-ci il iyunun 5-də parlament növbədənkənar iclası ilə bu müqaviləni təsdiqləyib.

Azərbaycan büdcəsinin bu Hasilatın Pay Bölgüsü Sazişində cəmi 30 faiz payı var. 70 faiz AIMROC-a məxsusdur. Bu sazişlə hökumət mədənlərin istismarı üçün torpaq, lazımi lisenziya və vergi güzəştlərini də AIMROC-a verib. Sənəd parlamentdə müzakirə olunanda bir neçə deputat bu şirkətə niyə bu qədər imtiyaz verildiyini soruşub, amma tək-tük etirazlar çoxluğun sükutunda batıb. Deputatlar bu şirkətlərin sahibləri haqqında məlumat ala bilməyiblər.

Jurnalist yazır ki, AIMROC-u 4 şirkət yaradıb: Londex Resources, S.A., Willy and Meyris S.A., Fargate Mining Corporation və Globex International LLP. Yaponiya şirkəti Mindeco isə layihəyə ümumi nəzarətçidir. Əslində konsorsiumda heç bir payı yoxdur.


2,5 milyardlıq iş niyə dayanıb?

İbrahim Süleymanov deyir ki, şirkəti əvvəl ingilislər idarə edirdilər. Pul azalandan sonra onları türklər əvəz etdi. Büdcədə pul bitəndən sonra isə rəhbərliyə azərbaycanlılar gəldi: “İndi isə yerli-dibli kimsə yoxdur. Çovdardakı qızıl mədəni olmasa, yuxu gördüyümüzə inanacağıq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, Çovdardakı qızıl yatağında 44 tondan artıq qızıl, 164 tondan artıq gümüş var. Bu da ümumilikdə 2.5 milyard dollar dəyərində sərvətdir.


“Çovdarda iş dayanıb”

Buna baxmayaraq iş dayanıb. İbrahim Süleymanov deyir ki, iki-üç nəfər mühafizəçidən başqa mədəndə kimsə yoxdur:

“Bakı və Gəncə ofislərində isə heç mühafizəçi də yoxdur. Əlimizdə sadəcə quruca adres var. Axırıncı Bakı səfərimizdə Prezident Administrasiyasının qarşısına toplandıq. Sözümüzü dedik, müraciətimizi elədik.

Dedilər: “İndi bayram ərəfəsidir. Sizə yanvarın 5-də cavab veriləcək”. Yanvarın 5-i də gəldi keçdi. Biz hələ də cavab ala bilməmişik”.


AIMROC kimə məxsusdur?

AIMROC-un sahibi olan şirkətlərə gəlincə, Xədicə İmayılova yazır ki, yalnız biri Britaniyada mənzillənir. Bu, müqavilədə 11 faiz payı olan “Globex International” şirkətidir. Amma əslində “Globex” Panamada qeydiyyatdan keçmiş 3 şirkətə məxsusdur: Hising Management SA, Lynden Management Group, Inc. və Arblos Management Corporation.

Panamanın dövlət qeydiyyatı reyestrinə görə, hər üç şirkəti idarə edənlər arasında prezident Əliyevin iki qızı Leyla və Arzu Əliyevaların, eləcə də isveçrəli biznesmen Oliver Mestelan-ın adı var.

O ki qaldı AIMROC-un sahibinin kim olmasına, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin rəhbəri Valeh Ələsgərov Azadlıq Radiosunun bu sualına belə cavab verib: “Siz fikirləşirsiz ki, Azərbaycan hökuməti kimliyi bəlli olmayan, küçədən keçən biri ilə müqavilə bağlaya bilər?” Əliyev ailəsinin bu layihədə hər hansı marağının olması barədə suala cavabında isə Valeh Ələsgərov yalnız bunu deyərək telefon danışığını kəsib: “Ayıb olsun sizə”.

AIMROC-un strukturunun digər hissələri daha mürəkkəb sxem üzrə qeydiyyatdan keçib. Panamanın Şirkətlərin Qeydiyyatı İdarəsinin sənədlərinə görə, adı çəkilən şirkətlər də rəhbərləri səviyyəsində mürəkkəb formada bir-birinə bağlıdır. Onların hamısı da kiçik Karib adası Nevisdə eyni ünvanda qeydiyyatda olan “Casal Management” və “Tagiva Management” şirkətlərinin qurumlarıdır.

“Casal” və “Tagiva” isə Böyük Britaniya, ABŞ və Panamada azı 20 şirkətə sahib olub. Böyük ehtimalla bunlar yalnız şirkətlərin real sahiblərinin gizlədilməsi üçün yaradılan qurumlardır.

Azərbaycanın Vergilər Nazirliyinin qeydiyyatına görə “Willy and Meyris S.A.”-nı çex geoloq, Praqada çap olunan “The Journal Of Geosciences” jurnalının Baş redaktoru Mirko Vanecek təmsil edir.


“İş əvvəldən ciddiyə alınmadı”

Bu gün qızıl mədəninin fəaliyyətini dayandırmasına gəlincə, İbrahim Süleymanov deyir ki, bu iş əvvəldən ciddiyə alınmadı. Əgər ciddiyə alınsaydı, açılışına prezident gələrdi: “Ancaq gəlmədi. Bizim işlədiyimiz dövrlərdə elə hey deyirdilər ki, prezident gələcək açılışa. Vurhavurla yer də düzəltmişdilər. Açılış üçün tədarük də görülmüşdü. Ancaq prezident gəlmədi ki, gəlmədi. Sonu da belə oldu. İndi də tək gümanımız elə prezidentdir. Cənab prezident səsimizə səs verin, bizə kömək edin. Mədəndən aldığımız əmək haqqına güvənərək əksəriyyətimiz kredit götürmüşük. İndi qaytara bilmirik. AIMROC şirkətinə göstəriş verin bizim pulumuzu qaytarsın”.

Çovdarda işin dayanması ilə bağlı məsələyə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Meydan TV-nin müraciətləri cavabsız qalıb. İnternet resurslarında AIMROC şirkətinin Bakı ofisinin ünvanı və telefon nömrələri göstərilsə də, həmin nömrələrin heç biri təyin edilməyib. Meydan TV əməkdaşı göstərilən ünvanda şirkətlə bağlı heç kimi tapa bilməyib.

Ana səhifəXəbərlərAzərbaycanla 2,5 milyardlıq müqavilə imzalayan AIMROC ”yoxa çıxıb”