Azərbaycanın vergi sistemi ilə futbol oynayanlar

“Vergidən yayınmaq və futbolçunu (məşqçi və ya digər əməkdaşları) əlavə stimullaşdırmaq məqsədi daşıyır”

Source: Specify Source


Ölkədə futbolçular nə qədər məvacib alır?

Azərbaycanda məmurların rüşvət və korrupsiyaya görə həbsi adiləşib. O qədər adiləşib ki, adam hər gün hansısa məmurun həbsini, ən pis halda işdən uzaqlaşdırıldığı xəbərini eşitməyəndə qəribə hiss edir. Bu ölkədə nə bitsə, tükənsə də, səlim müslümovlar, vüqar səfərlilər bitib-tükənməz.

Rüşvət, korrupsiya az qala hər sahədə var. Elə çoxunun “əşşi, futboldur da” dediyi futbolda da. Hə, futbolu Azərbaycanda oynayırlarsa, “top yumru, meydan düzdür” deyiminə arxayın olmayacaqsan, düz meydanın, yumru topun arxasındakı əyrilikləri, eybəcərlikləri görəcəksən, ya da ən azı görməyə çalışacaqsan. Çox uzağa getmək lazım deyil, Azərbaycanın futbol klublarına rəhbərlik edənlərin, çalışanların bildiyi, sirr kimi qorumağa çalışdığı, əslində çoxdan sirr olmaqdan çıxan bir məsələ var. O məsələ ki, bizdə futbol klublarında futbolçularla ikili müqavilələr imzalanır və… Bunu bu ölkədə futbolla maraqlanan, bu sahədə yazan əksəriyyət danışır.


Nədir ikili müqavilə?

Futbol klubu transfer etdiyi futbolçu ilə iki müqavilə bağlayır. Birinci sənəd dövlətin aidiyyatı qurumlarına təqdim olunan, ikincisi də futbolçu ilə klub arasında olan, gizli saxlanılan. Birinci sənəddə futbolçunun tutaq ki, aylıq 1000 manat məvacib alacağı göstərilirsə, gün üzünə çıxmayan ikinci sənəddə klubun oyunçuya məsələn, ayda 5 min manat ödəyəcəyi yazılır. Bu, vergidən yayınmaq, maliyyə cinayəti hesab olunmalıdır. Hər halda, İspaniyadan hansısa futbolçu durub Azərbaycana gəlirsə, burda aylıq 500-1000 manata oynamaq üçün gəlmir. Yaxşı, bəs Azərbaycan futbolu tarixində olubmu ki, hansısa futbolçunun klubla imzaladığı müqavilənin şərtləri, detalları mətbuata, ictimaiyyətə açıqlansın? Olmayıb! Ola da bilməz! Nəyi açıqlayacaqlar? Durub Braziliyadan Azərbaycana gələn futbolçunun aylıq məvacibinin 1000 manat olduğunu? Buna kim inanar? Axı hətta Azərbaycan kimi futbol çempionatı zəif olan ölkələrdə də futbolçular qəpik-quruşa oynamırlar.

Burda sadəcə bir məqsədin olduğu görünür: klublar qəpik-quruşa oynamayan futbolçularla əlbir olub, vergidən yayınır. Azərbaycan Premyer Liqasında 8 klubun çıxış etdiyini, hər klubda da ortalama 20 futbolçunun forma geyindiyini nəzərə alsaq, görün, hansı məbləğdə pullar vergidən yayındırılır.


Maliyyə cinayətlərindən çıxarılmalı „dərs“lər

Futbolçuların, klub rəhbərlərinin vergidən yayınması, ya da buna cəhd etməsi halları Avropada da olur. Amma Azərbaycandan fərqli olaraq, Avropada futbol klublarının maliyyə cinayətlərinə yol verməməsi üçün işlək mexanizm var. Məsələn, 2014-cü ildə Almaniyanın “Bavariya” klubunun prezidenti Uli Höness vergidən yayındığı üçün həbs edilmişdi. Özü də, nə az, nə çox, 3 il 6 ay müddətinə. Həmin Uli Höness ki, Almaniya futbolunun tarixinə adını qızıl hərflərlə yazdırmışdı, milli komandanın heyətində 1972-cü ildə Avropa, 1974-cü ildə dünya çempionu olmuşdu. Ancaq ad-san, futbolçu kimi qazandığı uğurlar, titullar da onu qanunun sərt üzünü görməkdən xilas edə bilmədi. “Bavariya” kimi böyük klubun prezidenti, özü də yetərincə məşhur olan Höness vergiyə görə dəmir barmaqlıqlar arasına düşürsə, bu, Almaniyada, hətta Avropada başqaları üçün də dərsdir. Azərbaycan isə bu “dərs”dən çox uzaqdır, lap çox.

img_6782.jpg
Azərbaycandan fərqli olaraq, Avropada futbol klublarının maliyyə cinayətlərinə yol verməməsi üçün işlək mexanizm var.


"Artıq bu sindromdan yaxa qurtarmağın vaxtıdır“

Tovuzun “Turan” klubunun sabiq icraçı direktoru, AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov uzun müddət futbol sahəsində çalışıb. Sultanov, belə desək, Azərbaycan futbolunun astarına da, üzünə də bələddir. O, ölkənin futbol klublarının vergidən necə yayındıqlarını bilir və artıq bundan yaxa qurtamağın lazım olduğunu düşünür:

“Bu, ciddi maliyyə pozuntusudur. Vergidən yayınmaq və futbolçunu (məşqçi və ya digər əməkdaşları) əlavə stimullaşdırmaq məqsədi daşıyır. İstənilən futbolçuya rəsmi müqavilədəki məbləğin on dəfə artığını digər klub təklif etsə, yaxın durmayacaq. Çünki faktiki olaraq ikili müqaviləsində məbləğ yüz dəfə artıq olur. Artıq bu sindromdan yaxa qurtarmağın vaxtıdır. İlk növbədə, klub rəhbərliyi futbolçu ilə maliyyə münasibətlərinə aydınlıq gətirməli, verginin mahiyyətini, verginin şərəfli bir borc olduğunu, vergi öhdəlikləri qarşısında futbolçunun məsuliyyətini əsaslı izah etməlidir. Heç bir futbolçu və ya digər idmançilar vergi öhdəlikləri ilə bağlı xüsusi imtiyazlara malik deyillər. Əsas məsuliyyət klub rəhbərlərinin üzərinə düşür”.

Futbol klublarının vergidən yayınmasında AFFA hansısa məsuliyyəti daşıyırmı? Sultanov bu məsələdə federasiyanın günahkar olmadığını deyir:

“Bu hallar üzrə hər hansı araşdırma aparılarsa, burda məsuliyyət ancaq klub rəhbərlərinin üzərində qalacaq. AFFA digər hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edə bilməz. AFFA bu məsələdə yalnız milli komanda ilə bağlı olan ödənişlərə, bununla bağlı yaranmış sosial ayırmalara və vergi ödənişlərinə cavabdehdir”.

Untitled design (9).png
Yaşar Sultanov


"Ümumilikdə son illərdə belə şey yoxdur“

Uzun illərdir futbol meneceri kimi fəaliyyət göstərən Vaqif Heydərli isə klubların, futbolçuların vergidən yayınma hallarının artıq keçmişdə qaldığını deyir:

"İkili müqavilələr və ya bir məbləğin danışılıb, başqasının yazılması ola bilər ki, əvvəlki klubların vaxtında olsun, ancaq indi yoxdur. Çünki son dövrlərdə problemlər ortaya çıxdı. Ümumilikdə son illərdə belə şey yoxdur. Razılaşılan məbləğ nədirsə, PFL-ə təqdim olunur. Mən menecer olaraq belə şeylərlə rastlaşmamışam, çünki müqavilə bağlayanda diqqət edirəm ki, sabahısı gün problem olsa, futbolçu çətin vəziyyətdə qalmasın, ona çatacaq məbləğ və deyilən şərtlər yerinə yetirilsin".

Heydərli hesab edir ki, futbolçunun məvacibinin sirr kimi saxlanması onun şəxsi işidir:

"Futbolçu istəyə bilər ki, onun maaşı açıqlanmasın. Bu, tək futbola deyil, digər peşələrə da aiddir. Ümumi ola bilər ki, kiminsə məvacibinin bu məbləğlə o məbləğ arasında olduğu deyilsin. Xarici ölkələrdə hansı futbolçunun maaşı açıqlanır? Klub siyahı açıqlamır ki, kim nə qədər alır. 3-5 ulduz futbolçu var ki, maliyyə feyr-pleyinə görə onların məbləği açıqlanır. Lakin futbolçuların maaşlarının açıqlanmamasına görə kiməsə nəsə deyə bilməzsən. Çünki bu, futbolçuların hüququdur. Onlar məvaciblərinin məbləğini açıqlamaya bilərlər".

Xarici mətbuatda tez-tez Avropa klublarında forma geyinən futbolçuların transfer qiymətləri, məvacibləri açıqlanır. Məsələn, indiyədək açıqlanan rəqəmlərə görə, Lionel Messi, Kriştiano Ronaldo, Neymar kimi futbolçuların aylıq məvacibləri haqda məlumata sahib olmaq çətin deyil. „

Transfermarkt.ru

“ saytından futbolçular haqqında bütün bu məlumatları almaq mümkündür:

photo-2021-02-09-15-01-42.jpg
Vaqif Heydərli


Lionel Messi ("Barselona") – aylıq 23,316,625,25 milyon manat


Neymar (PSJ) – aylıq 10,847,702,08 milyon manat


Kriştiano Ronaldo ("Yuventus") – aylıq 9,735,117,25 milyon manat


Eden Hazard ("Real") – aylıq 5,249,244,75 milyon manat


Luka Modriç ("Real") – aylıq 3,865,539,00 milyon manat


Kilian Mbappe (PSJ) – aylıq 3, 389,046,92 milyon manat

İş Azərbaycan klublarına gələndə, futbolçularla imzalanan müqavilələrin detalları tam açıqlanmadığı üçün onların məvacibləri haqda hansısa təsəvvürə malik olmaq çətindir. "Tansfermarkt"da Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların da siyahısı var. Düzdür, burda açıqlanan rəqəmlər tam dəqiq deyil, təxmini qiymətlərdir, amma bu rəqəmlər belə, Azərbaycanda oynayan futbolçuların məvacibləri barədə fikir formalaşdıra bilər. Qiyməti 1 milyon avro olan futbolçu aylıq 600-800 manat məvaciblə futbol oynamaz:


Abdullah Zubir ("Qarabağ") – 1,2 milyon avro


Qara Qarayev ("Qarabağ") – 1 milyon avro


Mahir Emreli ("Qarabağ") – 1 milyon avro


Bədavi Hüseynov ("Qarabağ") – 1 milyon avro


Uroş Matiç ("Qarabağ") – 1 milyon avro


Filip Ozobiç ("Qarabağ") – 1 milyon avro


Emin Mahmudov ("Neftçi") – 900 min avro


Riçard Almeyda ("Zirə") – 750 min avro


Ramil Şeydayev ("Sabah") – 450 min avro

Beləcə, Azərbaycanın futboluna hər il ətək-ətək pullar gəlir, gedir, dəqiq rəqəmlər ictimaiyyətdən gizlədilir. Bunu hətta ömründə bir dəfə yolu stadiona düşməyən, amma savadı, ağlı, məntiqi yerində olan istənilən şəxs bilir, bircə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bilmir. Ya da bilirlər, özlərini bilməzliyə vururlar, bu barədə açıqlama belə vermək istəmirlər…

Ana səhifəSosialAzərbaycanın vergi sistemi ilə futbol oynayanlar