ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bricit Brink Azərbaycana səfəri zamanı prezidentlə, xarici işlər naziri ilə, müxalifət təmsilçiləri və azad olunan siyasi məhbuslarla görüşüb.
Bu barədə Bricit Brink iyunun 24-də keçirdiyi mətbuat konfransında deyib.
Səfərinin məqsədinin Amerika və Azərbaycan arasında olan əməkdaşlıq və tərəfadşlıq məqamlarına yenidən toxunmaq olduğunu deyən Bricit Brink əlavə edib ki, əməkdaşlıq və tərəfdaşlıq 3 istiqamət üzrə inkişaf etməkdədir: “Bu, təhlükəsizlik, iqtisadiyyat və enerji, eyni zamanda, demokratiya sahəsidir. Görüşlərdə bu məsələlərdə inkişafı əldə etmək üçün müzakirələr aparılıb. Keçirdiyim bütün görüşlər müsbət və konstruktib olub”.
Bricit Brink bildirib ki, Azərbaycan Amerika üçün vacib tərəfdaşdır: “Təhlükəsizlik sahəsində olan tərəfdaşlığımız təhlükəsizliyə aid olan əməkdaşlığımızın ayrılmaz və vacib bir hissəsidir. Azərbaycanla birgə işləyərək transmilli təhlükələrə və terrorizmə qarşı mübarizəmizi davam etdirəcəyik. Enerji sahəsində də Vaşinqtonla Bakı arasında olan tərəfdaşlıq inkişaf edir və 22 ildir aramızda olan tərəfdaşlıığın rəmzi Səngəçal terminalına səfər etdim. Məhz iqtisadi sahənin genişlənməsi üçün fəaliyyətimizi davam etdiririk. Prezidentin iqtisadi məsələlər üzrə müşaviriylə də görüşdə bildim ki, Azərbaycan biznes sahəsində olan əməkdaşlıq imkanlarını nəzərdən keçirir və bu kimi fəaliyyətin nəticəsində ölkənizə ABŞ-dan daha çox sərmayə gətirilə bilər. Bilirsiniz ki, Vaşinqton Azərbaycanda fəalların, jurnalistlərin və digər şəxslərin azadlığa buraxılmasını çox alqışladı. Səfər zamanı bu insanların bir neçəsilə görüşdüm”.
ABŞ rəsmisi bildirib ki, Azərbaycanın uğuru məhz cəmiyyət daxilindəki müxtəlif səslərin mövcudluğundan asılıdır.
O, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münqaşiəsinə toxunduğunu deyib: “Görüşlərdə Vaşinqtonun üzərinə götürdüyü öhdəliyi yenidən vurğuladım, öhdəlik hər iki tərəfin Vyana və Sankt-Peterburqda əldə etdikləri razılaşamalara doğru irəliləməsidir. ABŞ münaqişənin dinc, davamlı və tam şəkildə həll yolunun olmasını istəyir”.
Daha sona Bricit Brink jurnalistlərin suallarını cavablandırıb.
Meydan TV: Avropa İnsan Haqları Məhkəməsi ReAL sədri İlqar Məmmədovun azad olunması haqda qərar çıxarıb, Avropa Şurası Nazirlər Kabinetinin bu barədə qətnamələrinin sayını itirmişik, əsas hədəf Azərbaycanın öhdəlikərini yerinə yetirməməsidir. Nədənsə, Avropa birliklərindən fərqli olaraq Amerika bu məsələdə susur.
Mövqeyiniz nədir?
– ABŞ məhz demokratiya və insan haqlarına aidiyyatı olan məsələlərdə bu kimi suallarda hər bir zaman fəal olub. Siyasi məhbusların azadlığa buraxılmasını anlayışla qarşılayır və dəstək veririk. Müxtəlif qruplar, o cümlədən, vətəndaş cəmiyyətinin təmsilçilərilə görüşlərimizdə üzərimizə götürdüyümüz öhdəliyi hər zaman vurğulamışıq.
“Günün səsi”: ABŞ rəsmisi Viktoriya Nuland ötən il Azərbaycana səfəri zamanı bildirmişdi ki, Vaşinqtonla Bakı arasında dialoq olacaq. Bu yöndə işlər nə yerdədir?
– Sırf bu suala hər hansı şərh vermək istəməzdim. Amma Azərbaycana səfərim bilavasitə danışdığımız məsələlərə yenidən qayıtmaq və nəzərdən keçirmək olub. Bunun nəticəsində də aramızdakı əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini daha da genişləndirməkdir.
“Turan” İA: Xəzərdə təhlükəsizlik və Orta Asiyayla Cənubi Qafqaz respublikalarının birgə layihələri məsələləri müzakirə mövzusu oldumu?
– Ümumilikdə təhlükəsizliyə və enerji sahəsinə aidiyyatı olan məsələlər haqda müzakirələr apardıq. “Yeni İpək Yolu” konsepsiyasını nəzərdə keçirdik, bu layihənin gerçəkləşməsiylə yol ayrıcında olan Azərbaycan əmtəənin, malların daşınmasında mərkəzə çevrilə bilər. Ümumiyyətlə, bu təşəbbüs iqtisadi inkişafın və təhlükəsizliyin vacib bir hissəsidir və biz bu kimi təşəbbüslərə anlayışla yanaşırıq.
Azadlıq Radiosu: İlham Əliyevlə görüşünüzdə həbsdə olan siyasi məhbuslar haqda söhbətiniz oldumu və prezidentin cavabı nə oldu?
– Mən qeyd etdim ki, ABŞ Azərbaycanla 3 istiqamətdə əməkdaşlıq edir və müzakirələr aparır, bunlar təhlükəsizlik, iqtisadi və enerji, demokratiya və insan haqlarıdır. Biz bunları arasında çox sıx əlaqə olan məsələlər kimi nəzərdən keçiririk. Misal üçün, qanunun aliliyinin inkişafı və korrupsiyaya qarşı aparılan mübarizə bilavasitə iqtisadi baxımdan töhfəsini verir, bir növ xaricdən gələn sərmayədarlarda etimad hissi doğurur. Bir daha deyirəm, biz 3 aspekt və onların arasındakı əlaqə barədə müzakirələr apardıq.