Azərbaycanın turizm şirkəti Ukraynanın ilhaq olunan ərazisinə turlar təşkil etməyə başlayıb

Şirkətin əməkdaşı: “Krımın ilhaq olunmasından xəbərimiz yoxdur”

Foto: Meydan TV


Şirkətin əməkdaşı: “Krımın ilhaq olunmasından xəbərimiz yoxdur”

Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasına Azərbaycanın turizm şirkətlərindən biri müalicəvi turlar təşkil etməyə başlayıb.

“Nettravel.az” adlı şirkət sosial şəbəkələrdə bununla bağlı reklam kampaniyası aparır.

Anonslarda bildirilir ki, turlar avqust ayından etibarən başlayacaq.

Artıq turlar təşkil edilən sanatoriyaların adları və qiymətləri də elan edilib.

2014- cü ildə Rusiya Ukraynaya məxsus Krım yarımadasını ilhaq edərək, öz ərazisi elan edib. Bu halı dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan tanımır. Ukrayna Krıma rəsmi Kiyevin icazəsi olmadan səfərləri qadağan edib və bunu ölkənin ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edir.

“Netravel.az” şirkətinin Günay Quliyeva adlı əməkdaşı Meydan TV-nin müvafiq sualına Krımın ilhaq edilməsindən məlumatsız olduqlarını bildirib.

“Biz uçuşları Bakıdan təşkil edirik. Krımın ilhaq olunmasından xəbərimiz yoxdur. Onu kim deyib ki, sizə?”

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə bildirib ki, turizm şirkətlərinə lisenziya verilməsi qaydası 2015-ci ildən ləğv edilib və hazırda 2700-3000 şirkət və fərd bu sahə ilə məşğul olur.

“Bizim bir dövlət təşkilatı olaraq turizm şirkətlərinə birbaşa nəzarət etmək imkanımız yoxdur. Amma istənilən halda turizm şirkətləri Azərbaycan dövlətinin beynəlxalq aləmdə üzərinə götürdüyü öhdəliklərə və razılaşmalara əməl etməlidirlər. Biz mütləq həmin şirkətlərə bununla bağlı müraciət edəcəyik və məsələ araşdırılacaq”.

Kənan Quluzadə deyib ki, yaxın zamanlarda yol xəritəsi çərçivəsində reyestr yaradılacaq ki, bunun vasitəsilə turizm şirkətlərinin fəaliyəti sistemləşsin.

“Amma lisenziyanın bərpası gündəmdə deyil”.

Turizm şirkətinə Meydan TV-nin etdiyi zəngdən az sonra adıçəkilən turun reklamı sosial şəbəkələrdən yığışdırılıb. Amma, Krıma turların təşkil edilməsi üçün fəaliyyətin davam etdirilib, etdirilməyəcəyi məlum deyil.

İnstagram səhifəsindən çıxarış
İnstagram səhifəsindən çıxarış
Ana səhifəXəbərlərAzərbaycanın turizm şirkəti Ukraynanın ilhaq olunan ərazisinə turlar təşkil etməyə başlayıb