Samir Əliyev: ” Reytinqin aşağı düşməsi ölkə iqtisadiyyatının digər sahələrinə, məsələn, SOCAR, Azərsu, Azərişıq, o cümlədən bank sektoruna mənfi təsir göstərəcək”
Prezident İlham Əliyevin 8 sentyabr müşavirəsində 2011-ci il aksiyaları ilə bağlı çıxışı bir sıra sualları gündəmə gətirdi. Prezident “Fitch” reytinq agentliyinin Azərbaycanın builki sabit reytinqini bir daha təsdiqləyib. “Azərbaycanın 3B səviyyəsində reytinqi var və bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir. Bu, mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdi. Halbuki çox böyük hadisədir. İndi başqa ölkələrin də kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nə üçün? Əvvəllər bədxahlar, paxıllar bizim uğurlarımızı neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasilatı var, ona görə də inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür, neftin də qiyməti iki dəfədən çox düşüb, amma biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır”,-deyə dövlət başçısı fikrini yekunlaşdırıb.
Prezidentin çıxışını Meydan TV-yə şərh iqtisadçı Samir Əliyev Azərbaycanın sonuncu dəfə “Fitch” reytinq agentliyindən avqustun 28-də reytinq aldığını bildirib: “Bu reytinq özündən əvvəlki reytinqi saxlayıb, yəni BBB – (mənfi) səviyyəsi dəyişməz qalıb. Ümumiyyətlə, reytinq cədvəlləri iki hissədən ibarət olur: investisiya və qeyri-investisiya səviyyəsi. İnvestisiya səviyyəsinin ən yüksək həddi AAA, ən aşağı həddi isə məhz Azərbaycanın aldığı BBB-dir. Bu, o deməkdir ki, sabah iqtisadi tənəzzül görə “Fitch” agentliyi Azərbaycanın reytinqini aşağı salarsa, bu halda Azərbaycanın reytinqi qeyri-investisiya səviyyəsinə düşə bilər. Qeyri-investisiya səviyyəsinə ruslar “musor” deyir, bizdə isə zibil adlanır. Bu səviyyəyə düşmək artıq borc almaq imkanlarının məhdudlaşdırılmasıdır”.
Samir Əliyev hesab edir ki, reytinqin aşağı düşməsi ölkə iqtisadiyyatının digər sahələrinə, məsələn, SOCAR, Azərsu, Azərişıq, o cümlədən bank sektoruna mənfi təsir göstərəcək.
“Əslində, “Fitch” agentliyi reytinqi yayanda narahatlıqlarını da ifadə edib. Neqativ amil kimi neftin qiyməti göstərilib. Əgər neftin qiymətinin
enməsi uzun müddət davam edərsə, bu, Azərbaycanın reytinqinə mənfi təsir göstərə bilər. Digər səbəb geosiyası vəziyyətdir, yəni Dağlıq Qarabağ ətrafındakı durum. Amma hökumət müəyyən addımlar atarsa, reytinqimiz yaxşılaşa bilər. Söhbət iqtisadi diverfikasiyadan, qeyri-neft sektorunun payının, şəffaflığın, idarəetmə keyfiyyətinin artırılmasından gedir”,- iqtisadçı belə dedi.
Samir Əliyev prezidentin “başqa ölkələrin də kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir” fikrini şərh edərkən deyib ki, bu məsələyə iki aspektdən yanaşmaq olar: “Birinci odur ki, inkişaf etmiş ölkələrin də reytinqi düşə bilər. Amma inkişaf etmiş ölkələrin reytinqi Azərbaycandan kifayət qədər yüksəkdir. Məsələn, Fransanın, İtaliyanın, Yunanıstanın reytinqi aşağı salınır, ancaq AAA səviyyəsinə qədər, bu, investisiya səviyyəsinin ən yüksək həddidir. İkinci aspekt kimi Ukraynanın göstərə bilərik ki, bu ölkənin reytinqi Azərbaycandan da aşağı düşüb. Sadəcə, Ukraynanın indiki vəziyyətini də nəzərə almalıyıq. Rusiyanın da reytinqi aşağı düşüb. Bu baxımdan Azərbaycanın reytinqi uzun müddətdir indiki səviyyədə qalıb və hər hansı yaxşılaşma halı olmayıb, bu, son pillədir”.
