Azərbaycanın “Neft strategiyası” Avropadan Asiyaya üz tutmaqdadır

Mümkündür ki, Azərbaycan enerji siyasətini Rusiya ilə uzlaşdırmaq məqsədilə getdikcə neft ixracında Asiya ölkələrinin payını artırır

Source:

Sentyabrın 20-də Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı Azəri, Çıraq və Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsi (ACG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanmasından 20 il ötdü. 20 il öncə bu saziş Azərbaycanın çətin siyasi və iqtisadi durumunda imzalanmışdı. Heç kim üçün sirr deyil ki, o zaman prezident Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Qərbin siyasi dəstəyini qazanmaq istəyirdi. Eyni zamanda müqavilədə Türkiyə, Rusiya və İran kimi qonşu ölkələrə də pay nəzərdə tutulmuşdu ki, burada məqsəd Azərbaycanda marağı olan bütün dövlətləri razı salmaq, ölkə adına gəlirlər əldə etmək və hakimiyyəti qorumaq idi.

1998-ci ilin dekabrında nəhayət, ACG layihəsi üzrə hasil edilən xam neft Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) kəməri ilə Qara Dənizə nəql edilməyə başladı. Ancaq böyük neftin ixracı yalnız neçə illər sonra, yəni 2006-cı ilin iyunundan – Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə başlayandan sonra ixrac olunmağa başlayacaqdı. Bu isə dünya bazarında xam neftin qiymətinin durmadan bahalaşdığı dövr idi. Beləliklə də, yüksək qiymətlər Azərbaycanın gözləndiyindən xeyli əvvəl – 2006-cı ilin noyabrında mənfəət nefti əldə etməsinə imkan yaratdı.

BP Azərbaycan şirkətinin məlumatına görə, layihə üzrə hasilat başlayandan 2013-cu ilin sonunadək 2.3 milyard barrel neft hasil edilib. Azərbaycan isə yalnız mənfəət neftinin satışı hesabına 105 milyard dollar gəlir əldə edib.


2009-2013-cü ildə Azərbaycanın xam neft ixracı


Neft ixracı


2009


2010


2011


2012


2013

Milyon ton

27.8

31.9

27.8

24.2

24.9

Milyon US$

11989.7

18489.6

22911.0

20232.6

20244.1


Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi

Azərbaycan ACG layihəsindəki payından əlavə ARDNŞ-in  də hasil etdiyi xam neftin bir hissəsini xarici bazarlara çıxarır. Qeyd edək ki, hasilatın ilk dövrlərində Azərbaycanın ACG-dən əldə etdiyi mənfəət neftinin satışını layihənin operatoru olan BP şirkəti həyata keçirirdi və əldə olunan gəliri ARDNŞ-yə, ARDNŞ isə ARDNF-ə ödəyirdi.  2008-ci ildə ARDNŞ “SOCAR Traiding” şirkətini təsis edildikdən sonra Azərbaycan neftini bu şirkət satmağa başladı. Əgər bu dövrə qədər Azərbaycan nefti əsasən Avropa ölkələrinə (burada İtaliyanın yüksək payı vardı) satılırdısa,  2008-ci ildən etibarən ixracatın coğrafiyası genişlənməyə başladı. Beləliklə də, son 5 ildə “Azərilight” markalı neft dünyanın 36 ölkəsinə satılıb. 2009-cu ildən sonra isə Azərbaycanın neft ixracı coğrafiyasında ciddi dəyişikliklər baş verməyə başlayıb. Daha aydın söyləsək, baş ofisi Cenevrədə yerləşən “SOCAR Traiding” şirkətinin Dubay və Sinqapur ofisləri açıldıqdan sonra ölkəmizin neft ixracında Avropa ölkələrinin payı azalmaqda, İndoneziya, Tayland, Hindistan, Tayvan və Vietnam kimi Asiya ölkələrinin payları artmaqdadır.

Bəs Azərbaycanın ölkələr və regionlar üzrə neft ixracının strukturunda əsas dəyişikliklər nədən ibarətdir? Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, İtaliyanın neft ixracında payı əgər 2008-ci ildə 43% idisə 2013-cü ildə bu göstərici 28.7%-ə enib. Eyni zamanda 2008-ci ildə İndenoziyanın payı 3.2% olduğu halda, 20013-ci ildə 13.7%-dək artıb. Ümumiyyətlə, 2013-cü ildə Azərbaycanın neft ixrac etdiyi ölkələr zənbilində Tayland (8.2%), Hindistan (5.4%), Tayvan (2.3%),  Vietnam (1.4%) və Malaziya kimi dövlətlər var ki, son 4 il ərzində bu ölkələrə neft satışı davamlı olaraq artıb.

Başqa diqqətçəkən bir məsələ də Azərbaycanın neft ixracında ABŞ, Fransa və İsral kimi tərəfdaşların paylarının azalmasıdır. ABŞ-ın payı 2008-ci ildə 13.5% idisə, sonrakı illərdə davamlı azalaraq 2013-cü ildə 4.8%-ə enib. Fransaya neft ixracı isə 2008-2011-ci illərdə davamlı artdığı halda (5.2%-dən 17.6%-dək), sonrakı illərdə azalaraq 2013-cü illdə 5.6% təşkil edib. Oxşar tendensiya İsrailə neft satışı ilə bağlı özünü göstərir. Əgər İsrailin neft ixraxında payı 2008-ci ildə 7.7%, 2009-ci ildə 10.1% olubsa, sonrakı illərdə azalaraq 2013-cü ildə isə 6.2%-ə düşüb.


2008-2013-cü illərdəAzərbaycanın xam neft ixracının əsas ölkələr üzrə strukturu (%-lə)

Beləliklə, son 6 il ərzində ABŞ və Avropanın əsas enerji tərəfdaşı olan Azərbaycan zaman-zaman neft ixracının yönünü Asiya ölkələrinə çevirib. Bununla da Azərbaycanın neft ixracında Asiya ölkələrinin payı 2008-ci ildə 12.2% idisə 2013-cü ildə bu göstərici 31%-ə çatıb.

Onu da əlavə edək ki, Azərbaycan Asiya ölkələrinə yalnız xam neft satışını deyil, neft məhsulları satışını da artırmaqdadır. Məsələn, ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığın nəticəsində Azərbaycan Əfqanıstana 2013-cü ildə 105 milyon dollarlıq kerosin satıb. Bu sahədə Azərbaycanın Asiyadan başqa iki böyük tərəfdaşı var – Vyetnam və Tacikistan.


2008-2013-cü illərdəAzərbaycanın xam neft ixracının bölgələr üzrə strukturu(%-lə)

Məlumdur ki, xam neftin satışı zamanı çatdırılma məsafəsi artdıqca nəqliyyat xərcləri də artır və bu da qara qızılın qiymətinə təsir edir. Buna görə də ilk baxışdan belə təəssürat yarana bilər ki, Azərbaycan daha çox gəlir əldə etmək üçün xam neftin satışında Asiya ölkələrinə önəm verməyə başlayıb. Ancaq Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, ixrac səbətinə daxil olan əsas ölkələr üzrə qiymətlər çox cüzi fərqlənir, bu da çox ehtimal nəqliyyat xərclərinin nəticəsidir. Orta hesabla götürsək, 2013-cü ildə Azərbaycan xam nefti İtaliyaya barelə görə 111.32 dollara, Almaniyaya 113.90 dollara satıbsa, İndoneziyaya 113.05 dollara, Tailanda isə 114.09 dollara satıb. Qeyd edək ki, Azərbaycan neftinin 2013-cü ildə orta illik satış qiyməti barelə görə 112.03 dollar olub.


2013-cü ildə Azərbaycan neftinin ölkələr üzrə orta satış qiyməti


Ölkələr


Satış qiyməti

US$/ton


Satış qiyməti*

US$/barel

İtaliya

809.3

111.32

İndoneziya

821.9

113.05

Tailand

829.5

114.09

Almaniya

828.0

113.90

İsrail

806.9

110.99

Fransa

804.7

110.69

Hindistan

819.6

112.74

ABŞ

825.6

113.56

İllik orta

814.5

112.03


Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi

– *Beynəlxalq Enerji Statistikasına (International Energy Statistics) uyğun olaraq hesablamalarda metric tonun barelə nisbəti Azərbaycan üzrə 7.24 götürülüb.

Bəs Azərbaycanın “Neft strategiyası”nın yönünü Avropadan Asiyaya dəyişməsinə hansı faktorlar səbəb ola bilər?

İlk olaraq ağıla ehtimal ABŞ və Avropa Birliyi ilə getdikcə gərginləşən siyasi münasibətlər gəlir. Belə görünür ki, Azərbaycan gərginləşən münasibətlərinin fonunda özünə Asiyada ticarət tərəfdaşları tapmaqla neft satışı əməliyyatlarını da Avropa və ABŞ-dan kənarda həyata keçirməyi düşünür.

İkinci bir ehtimal isə Rusiya ilə münasibətlərlə bağlı ola bilər. Məlum olduğu kimi, uzun illərdir ki, Qazaxıstan və Türkmənistan Rusiyanın “icazəsini ala bilmədiklərinə görə” öz enerji ehtiyatlarını Avropaya nəql edə bilmirlər və Çin bazarına üz tuturlar. Mümkündür ki, Azərbaycan da məhz Rusiya ilə enerji siyasətini uzlaşdırmaq məqsədilə getdikcə neft ixracında Asiya ölkələrinin payını artırır.

Ana səhifəXəbərlərAzərbaycanın “Neft strategiyası” Avropadan Asiyaya üz tutmaqdadır