Azərbaycanın müdafiə büdcəsi faktik olaraq bir milyard dollar itirib – TƏHLİL

Sübuta ehtiyac olmayan məsələ ondan ibarətdir ki, sosial təminatı aşağı olan, insan hüquqları qorunmayan orduda cinayət halları, əsgər ölümləri çox baş verir

Source:


Sübuta ehtiyac olmayan məsələ ondan ibarətdir ki, sosial təminatı aşağı olan, insan hüquqları qorunmayan orduda cinayət halları, əsgər ölümləri çox baş verir

Azərbaycan hakimiyyəti bir çox sahələrdə olduğu kimi hərbi sahə ilə bağlı çox ciddi problemlə üzləşib: təxminən 10-a yaxın hərbi strukturda xidmət edən 200 min nəfərə yaxın hərbi qulluqçunu, xüsusilə də Müdafiə Nazirliyinin təkibindəki hərbi birləşmələrdə xidmət edən 80 min nəfərdən artıq hərbi qulluqçunu və hərbi birləşmələrin hərbi-texniki təminatı sistemini böhran dövründən neçə çıxarmalı? Əldə olunan məlumatlara görə, Müdafiə Nazirliyinin hazırkı rəhbərliyi böhranın az ağrılı keçməsi üçün aşağıdakı addımları atmaq qərarı verib:


Müdafiə Nazirliyinin tabeçiliyində olan bir sıra hərbi birləşmələrin ləğvi və ya bir-birinə birləşdirilməsi;


Hərbi qulluqçuların məvaciblərinin azaldılması, minlərlə iki qat məvacibli vəzifələrdə ödənişlərin bir qata endirilməsi;


Minlərlə zabit, gizir və müddətdən artıq hərbi xidmət qulluqçuların az məvacibli vəziflərə göndərilməsi və ya ixtisar edilməsi;


Hərbi qulluqçulara müxxtəlif istiqamətlər (məzuniyyət, ezamiyyət, əşya-əmlak kompensasiyası, 13-14-cü maaş, maddi yardım və s.) üzrə ödənilməsi zəruri olan ödənişlərin uzun fasilələrlə verilməsi və yaxud qeyri-müəyyən vaxta qədər təxirə salınması;


Hərbi təlimlərin, döyüş-taktiki təlimlərin sayının kəskin azaldılması;


Mənzil tikintisi, təmir-bərpa prosesinin təxirə salınması;


Silahlanma (silah və hərbi texnika alınması) prosesində fasilələr;


və s.

Artıq yuxarıda qeyd edilən addımların həyata keçirilməsinə başlanılıb, minlərlə hərbi qulluqçunun məvacibi azaldılıb, ödənişlərin həyata keçirilməsində ciddi fasilələr yaradılıb və s.

Müdafiə Nazirliyinin rəhbərliyi bu durumu cəmiyyətdən gizlətməyə çalışsa da, bu istiqamətdə məlumat və məqalələrin mətbuatda dərc olunmasına qarşı çıxsa da, vəziyyətin ciddiliyi bu istiqamətdə ictimai müzakirələrin aparılmasını zəruri edir.

Araşdırmalar göstərir ki, ölkə rəhbərliyinin, xüsusilə də Müdafiə Nazirliyinin hazırkı ali idarəetmə heyətinin təhlükəsizlik və müdafiə sektorunda “mümkün maliyyə qənaəti” barədə hazırkı strategiyası kökündən yanlışdır və ümumilikdə Azərbaycanın milli təhlükəsizlik maraqlarına ziddir. Bu, bir spontan, hədəfi, məqsədləri bəlli olmayan fəaliyyətlər toplusudur. Əgər yuxarıda qeyd edilənləri həyata keçirsələr, o zaman Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti aşağı düşəcək, cəmiyyətdə ordu ilə bağlı qeyri-müəyyənlik yaranacaq, Silahlı Qüvvələrdə cinayət halları, əsgər ölümləri və s. artacaq.

Sübuta ehtiyac olmayan məsələ ondan ibarətdir ki, sosial təminatı aşağı olan, insan hüquqları qorunmayan orduda cinayət halları, əsgər ölümləri çox baş verir. Sosial təminatı yüksək olan, insan hüquqları qorunan orduda isə cinayət halları çox cüzi olur.

Azərbaycanın mövcud ordu quruluşu “çox vəsait tələb edən, lakin həmin vəsaitə müvafiq döyüş hazırlığına malik olmayan” ordu quruluşudur. Vaxtilə, 1995-2013-cü illərdə belə ordunun mövcudluğu Müdafiə Nazirliyinin rəhbər heyətinin, xüsusilə də Səfər Əbiyevin, Nəcməddin Sadıkovun, eyni zamanda onların hakimiyyətdəki dəstəkçilərinin, ümumilikdə hərbi-siyasi elitanın marağında idi. Ordu bir növ korrupsiya məqsədlərini həyata keçirmək üçün baza idi. Burada milyardlarla vəsait “həzm-rabedən” keçirilirdi və heç kim də cəzalandırılmırdı.

Təəssüflər olsun ki, hazırda da bu proses davam edir və müdafiə xərcləri birbaşa korrupsiya və rüşvətxorluğun hədəfindədir. Əks halda bu xərclərin necə olması, müdafiə büdcəsinin detalları barədə cəmiyyətə məlumatlar verilər, xeyli sayda şübhə doğuran məsələləri, o cümlədən əsgər ölümlərini cəmiyyətdən gizlətməzdilər.

Əbiyev dövrü, xüsusilə də son 10 il hərbi-siyasi hakimiyyət üçün müdafiə xərclərindən “sabit yeyinti” dövrü idi. Amma indi vəziyyət dəyişib, hər hansı sabitlikdən söhbət gedə bilməz: hakimiyyət təxminən 3 milyard manatlıq (əvvəllər bu, 3 milyard dollardan artıq edirdi) müdafiə xərclərini 200 minlik hərbi heyət və hərbi birləşmələrin, eləcə də müdafiə sənayesinin böyük miqdarda silah-hərbi texnika, maliyyə ehtiyacları üçün necə xərcləmək yollarını tapmalıdır. İndi bu vəsait heç 2 milyard dollar belə etmir. Faktik olaraq Azərbaycan müdafiə xərcləri devalvasiyadan ən azı bir milyard dollar itirib. İndi bunun yerini necə dolduracaqlar? Vəziyyəti necə qaydasına salacaqlar? Məsələ ondadır ki, indiyə qədər müdafiə xərclərinin ən azı 50 faizi xaricdən idxal edilən silah, hərbi texnika, müxtəlif texniki ləvazimatlara yönəldilirdi, bu məsələdə hərbi sənayeyə xaricdən yatırımlar da əsas yer tuturdu, Sözsüz ki, bütün bunların qarşılığı avro və dollarla ödənilirdi. Hazırda isə, neftin qiymətinin düşməsi ilə əlaqədar bu kimi məqsədlərə ödənilməsi üçün büdcədə ciddi maliyyə imkansızlığı yaranıb və ilin ortalarına qədər bu durum getdikcə daha da pisləşəcək.

Müşahidələr göstərir ki, müdafiə xərclərində ortaya çıxan boşluğu hələlik sosial təminat üzrə ödənişlərdə ixtisarlarla, azaldılmalarla doldurmağa başlayıblar. Hələlik silah və hərbi texnika üzrə xərclənən vəsaitlərə cüzi toxunublar. Amma belə görünür ki, ilin ortalarına doğru bu istiqamətdə vəziyyət getdikcə pisləşəcək. Təəssüf doğuran hal ondan ibarətdir ki, Azərbaycana belə bir vəziyyətdə hər hansı beynəlxalq kömək yoxdur: ötən 2-3 il ərzində rəsmi Bakı məqsədyönlü şəkildə ABŞ və NATO ilə hərbi-siyasi əlaqələri faktik olaraq kəsib və belə vəziyyətdə təklənməyinə özü səbəb olub.

Faktiki olaraq Azərbaycan hakimiyyəti növbəti ciddi problemlə üz-üzə qalıb. Amma bu dəfə bu problem təkcə onun problemi deyil artıq. Çünki ordu Azərbaycanın təhlükəsizliyinə cavabdeh olan qurumdur və bu baxımdan hakimiyyətin bu istiqamətdəki istənilən addımı ümumi müzakirəyə səbəb olmalı, cəmiyyət hakimiyyəti səhvlərdən çəkindirməlidir.

Ana səhifəXəbərlərAzərbaycanın müdafiə büdcəsi faktik olaraq bir milyard dollar itirib – TƏHLİL