”Financal Times”: ”Enerji ilə zəngin Azərbaycan son 50 ilin böyük qismini bir ailənin idarəçiliyi altında keçirib”
“Azərbaycan hökumətinin Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünü (MHŞT) tərk etməsi Avropaya istiqamətlənəcək multi-milyard dollarlıq qaz layihəsi üçün tələb olunan krediti sual altına qoyub”.
Bunu “Financal Times” qəzeti yazır.
Martın 9-da MHŞT Azərbaycanda sivil cəmiyyətin bərbad durumda olmasını əsas gətirərək rəsmi Bakının təşkilatdakı fəaliyyətini dayandırıb. Bunun ardınca isə Azərbaycan hökuməti bəyanat verərək təşkilatdan çıxdığını bəyan edib.
Qəzetin yazdığına görə, Xəzər dənizində yerləşən qaz yataqlarının “Cənub” qaz dəhlizi vasitəsilə Avropaya çatdırılması üçün 46 milyard dollar həcmində layihəyə Azərbaycanın töhfəsi risklə üzləşir:
“Bakının təşkilatdan çıxması bu layihənin maliyyə sponsorlarını ticari sövdələşmə ilə şəffaflıq və yaxşı idarəçilik arasında seçim qarşısında qoyacaq”.
Avropanın Yenidənqurma və İnkişaf Bankı Bakının qərarına şərh verərək qurumun özünün “ciddi daxili yoxlama prosesi”nə malik olduğunu qeyd edib.
Azərbaycanda neft hasilatı ilə məşğul olan ən iri xarici şirkət BP “əldə olunmuş proqresə baxmayaraq” MHŞT-nin Əliyev hökumətinə qarşı qərarından məyus olduğunu bildirib.
Qəzet yazır ki, Azərbaycanda milyardlarla dollar həcmində biznes edən BP şirkəti MHŞT-nin Azərbaycan hökumətinə qarşı qərarına etiraz edir.
Neft şirkəti habelə Azərbaycanın təşkilatdan çıxmaq qərarından da məyusluğunu ifadə edib.
“Biz hesab edirik ki, MSŞT İdarə Heyətinin qərarı və onun fəsadları heç kəsin marağında deyil”, – BP bəyan edib.
Dünya Bankı isə “Azərbaycanın gəlirlərin idarəçiliyi və mədən sənayesində ümumi şəffaflığın aydın, inkluziv və şəffaf çərçivədə inkişaf etdirmək yönündə davamlı səylərini” dəstəkləyəcəyini bəyan edib.
“Enerji ilə zəngin Azərbaycan son 50 ilin böyük qismini bir ailənin idarəçiliyi altında keçirib”, – “Financial Times” yazır.
Tərcümə: “Turan” İA