Paşinyan Bakını üçtərəfli bəyanatı pozmaqda günahlandırıb
Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürüldüyü bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bu addımın yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar atıldığını deyib.
Ermənistan mediası Azərbaycan ərazisindəki tanınmamış “Dağlıq Qarabağ Respublikası”na istinadən məlumatı təsdiqləyib.
“Azərbaycan silahlı qüvvələri bu gecə Aqavno və Tex kəndləri arasında yerləşən Qoris-Stepanakert (Xankəndi) avtomobil yolunu bağlayıb”, – deyə “Dağlıq Qarabağ” rəhbərliyi əlavə edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan da martın 30-da hökumətin iclasında deyib ki, Azərbaycan nəinki qanunsuz blokadanı davam etdirir, həm də Rusiya sülhməramlı qüvvələrinin “DQR”-də məsuliyyət zonasına növbəti dəfə müdaxilə edib.
N.Paşinyan Bakını 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda günahlandırıb:
“Beləliklə, Azərbaycan nəinki Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etmir, həm də daxili nəqliyyat əlaqələrini kəsməyə yönəlmiş addımlar atmaqla Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirir”.
Onun sözlərinə görə, Azərbaycan 2054,0 yüksəklikdən Stepanakerti (Xankəndi) Hin Şen (Kiçik Qaladərəsi), Mets Şen (Böyük Qaladərəsi) və bir sıra digər kəndlərlə birləşdirən torpaq yolu nişan alıb:
“Azərbaycan bunu Ermənistandan “Dağlıq Qarabağ”a guya hərbi yüklərin və şəxsi heyətin daşınması ilə izah edir. Bu məlumat tamamilə həqiqətə uyğun deyil. Hərbi nəqliyyatla bağlı məlumatlar yalan təbliğatdır. Onun məqsədi mümkün eskalasiya üçün legitimlik yaratmaqdır”, – deyən Nazirlər Kabinetinin rəhbəri bir daha bəyan edib ki, Ermənistan “Dağlıq Qarabağ”a hərbi daşıma həyata keçirmir, Ermənistanın “Dağlıq Qarabağ”da ordusu yoxdur.
Martın 25-də Azərbaycan Müdafiə Nazirliyi Füzulinin Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində qeyri-qanuni erməni silahlılarının kənd təsərrüfatı işləri adı altında səngər qazıntıları apardığı haqda məlumat yaymışdı.
Nazirlik Azərbaycan ordusunun səngər qazıntısı cəhdinin qarşısını aldığını qeyd etmişdi.
“Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bölmələrimiz görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – Müdafiə Nazirliyinin məlumatında vurğulanmışdı. Ancaq nazirlik təxirəsalınmaz tədbirlərin detallarını açıqlamamışdı.
Elə həmin gün nazirlik digər açıqlamasında Azərbaycan ordusunun Laçın dəhlizinin şimalındakı qanunsuz silah-sursat daşınan yolları nəzarətə götürdüyünü təsdiqlədi.
“Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”.
2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən İkinci Qarabağ müharibəsində hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.