Nəcib Osmanovun mühakiməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun mühakiməsi başlayıb. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. Lakin keçmiş diplomat həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.
Onun işini Bakı Ağır Cinayətlər Məhkəməsində
Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.
Fevralın 13-də məhkəmənin hazırlıq iclası keçirilib. Hakimlər də Nəcib Osmanov haqqında qətimkan tədbirini dəyişməyib – qərar verib ki, hökm çıxarılana qədər həbs olunmasın.
Cinayət işinin materiallarında iddia olunur ki, Nəcib Osmanov 2021-2022-ci illərdə attaşe işlədiyi müddətdə dövlət büdcəsindən səfirliyə ayrılmış 347 min manat vəsaiti mənimsəyib. Onun özünü təqsirli bilib-bilmədiyi fevralın 24-də keçiriləcək növbəti məhkəmə iclasında ittihama münasibət bildirəndə məlum olacaq.