Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş meydanında itkin düşmüş hərbi qulluqçumuzun axtarılması prosesi yenidən bərpa edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a bildiriblər ki, əvvəllər dəfələrlə axtarışlar aparılmış ərazidə bu gün hərbi qulluqçumuzun meyiti aşkar edilərək götürülüb: “Bu, o qənaətə gəlməyə əsas verir ki, erməni tərəfi həmin meyiti əvvəlcədən taparaq götürüb, bəlli olmayan səbəblərdən özündə saxlayıb və bu barədə nə vasitəçilərə, nə də Azərbaycan tərəfinə rəsmi heç bir məlumat verməyib.
Axtarışların aprelin 19-da bərpa ediləcəyi barədə rəsmi məlumat yayıldıqdan dərhal sonra erməni tərəfi meyiti əvvəllər axtarışlar aparılan əraziyə atıb.
Hazırda hərbi qulluqçumuzun ölümünün baş verməsi şəraiti, səbəbi, vaxtı, meyitin üzərində hər hansı işgəncə, təhqir əlamətlərinin olub-olmamasını təyin etmək məqsədilə tibbi-məhkəmə ekspertizası, müvafiq tanınma və digər zəruri prosedurlar həyata keçirilir”.