Rəsmi Tehran yekun qərarın Bakının əməkdaşlığı ilə çıxarılacağını deyir
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaqın tamamlandığı bildirilir.
Bu barədə “Turan” İran mediasına istinadən məlumat yayıb.
İranın məhkəmə sistemi və ədliyyə üzrə nümayəndəsi Məsud Satayşi yerli mediaya deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda bir nəfər iştirakçı olub.
Məsud Satayşi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu “gözlənilməz və kədərli insident” adlandırıb.
O, cinayət işində yekun qərarın Azərbaycan hökumətinin əməkdaşlığı ilə çıxarılacağını vurğulayıb.
Məsud Satayşinin bugünkü bəyanatı İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın Azərbaycana səfəri ərəfəsində səslənib.
Nazir iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək.
Qısa xronika
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.
Azərbaycan yanvarın 29-da Tehrandakı səfirliyin bütün əməkdaşlarını və onların ailə üzvlərini İrandan çıxarıb.
Hazırda səfirlikdə onun binasının və oradakı əmlakın mühafizəsini həyata keçirən 5 əməkdaş qalıb.
Bundan əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi ki, Bakı dəfələrlə səfirliyin təhlükəsizliyinin təmin olunmasını tələb etsə də, İran hakimiyyəti bu müraciətlərə məhəl qoymayıb.