Azərbaycanın investisiya yatırmaq istədiyi Afrika ölkəsini tanıyaq – Cavab veririk #25

17 il ərzində 6 çevriliş olan ölkəyə niyə investisiya yatırırıq?

Source:

Azərbaycan öz şirkətləri ilə Burkina-Faso şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasını istəyir.


Bu sözləri

Burkina-Fasoda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, energetika naziri Natiq Əliyev bu ölkənin Prezidenti Roç Mark Kristian Kabore ilə görüşdə deyib. Enerji sektorundakı vəziyyətdən danışan nazir deyib ki, enerjisiz heç bir iqtisadi və sosial inkişaf mümkün deyil. Məhz buna görə də biz öz xidmətlərimizi təklif edirik. Beləliklə Azərbaycan Burkina-Fasoya investisiya yatırmaq niyyətindədir. Əgər investisiya yatırırıqsa o zaman həmin ölkəni tanıyaq və hazırki durumundan xəbərdar olaq.

Burkina-Faso haqqında

1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlandırılan Burkina-Faso Qərbi Afrikada yerləşən dövlətdir. Şimalda Mali, şərqdə Nigeriya, cənub-şərqdə Benin, cənubda Toqo və Qana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina-Fasonun dənizə çıxışı yoxdur. Ölkənin adının mənası “vicdanlı adamların vətəni” deməkdir. Paytaxtı – Uaqaduqu şəhəridir. Dövlət başçısı prezident, qanunvericilik orqanı iki palatalı parlamentdir.

XIX əsrin sonlarında ölkənin fransızlar tərəfindən işğalına başlanılır. 1959-cu ildə uzun illərdir müstəmləkədə qalan ölkənin başına Yameoqo gəlir. İlk işi isə öz partiyasından başqa digər partiyaların fəaliyyətini qadağan etmək olur.

Müstəqillik dövrü

Yameoqonun prezidentlik dövrü uzun sürmür. 6 il sonra ümummilli tətil nəticəsində devrilir. Hakimiyyəti hərbçilər ələ keçirir. 1970-ci ildə yeni Konstitusiya qəbul edilir. Lamizana ümumi səsvermə nəticəsində ölkə prezidenti seçilir. 1974-cü ildə seçkilər ərəfəsində hakim partiya ilə münasibətlər pozulur və Lamizana hakimiyyəti yenidən ələ keçirir. 3 il sonra 1977-ci ölkə mülki idarəetmə sisteminə keçir. 1980-ci ildə isə pollkovnik Saye Zerbonun başçılığı ilə yenidən hərbi çevriliş baş verir və polkovnik ölkə başçısı olur. 1982-ci ilin noyabrında Zerbo devrilir və hakimiyyətə mayor Jan Batista Uedraoqo gəlir. Cəmi 1 il sonra 1983-cü ilin avqustunda növbəti hərbi çevriliş baş verir və Sankara dövlət başçısı olur. O, ölkənin adını dəyişərək Burkina Faso qoyur. Sosial inqilabi dəyişikliklər kursunu elan edir.

Tomas Sankaranın hakimiyyət dövrü

İndiyə qədər ölkəni idarə edən prezidentlər içərisində hələ ki, ən yaxşısı Sankara hesab edilir. Ona hətta Afrikanın Çe Guevarası da deyirlər. O, ev dustaqlığı ilə cəzalandırıldığı 1983-cü ildə xalq dəstəyi ilə çevriliş nəticəsində hakimiyyətə gəlir. Sosialist inqilabçı olan Sankara “Ya ana vətən, ya da ölüm, biz qazanacağıq!” sloqanı ilə irəliləyir. Hakimiyyəti dönəmində qadın haqlarına əhəmiyyət verir və hakimiyyətdə qadınların da təmsil olunmasına şərait yaradır. Qadın sünnətini qadağan edir və çox arvadlılığa qarşı çıxır. AİDS-i Afrika üçün ciddi təhdid kimi görən ilk Afrika ölkəsi Burkina-Faso olur. Ölkənin çölə çevrilməkdə olması və meşələrin qırılması əleyhinə kampaniyalar başladılır. Hakimiyyətdə olduğu 3 il ərzində Dünya Bankı ölkədə korrupsiyanın olmadığını bəyan edir. O, prezident maaşından imtina edərək kimsəsizlər fonduna bağışlayıb. Sankara dövlət məmurlarının maaşlarını kəsir, onlara şəxsi sürücüdən istifadə etməyi və birinci sinif aviabiletlərlə uçmağı qadağan edir. Məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırır. Yeni il qabağı Sankara məmurlara kimsəsizlər fonduna bir aylıq əmək haqlarını bağışlamaları haqqında göstəriş verib. Bir dəfə isə Sankaranın nazirlər kabinetinin yarısını işdən çıxararaq kollektiv şəkildə fermalara göndərərək onların fermada daha faydalı olduqlarını dediyi də bildirilir.

Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmalarını qadağan edərək belə izah edib: “Mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram”.

O, öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağı da qadağan edib. O, “Mersedes” markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını sataraq əvəzinə nazirləri ölkədə ən ucuz marka olan “Reno” avtomobilləri ilə təmin edib.

Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olub.

Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlmədən öncə aldığı “Pejo” markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, dörd velosipeddən ibarət olduğu aşkar olunur. Onun hakimiyyəti 1987-ci ildə devrilir və aldığı çoxsaylı güllə yarasından həyatını itirir.

Hazırda ölkənin durumu

Burkina-Fasoda cəmi 1 dəmir yolu xətti var. Bu yol da Fildişi Sahillərinin ticarət şəhəri olan Abidjan ilə Burkina-Fasonun paytaxtı Uaqaduqunu birləşdirir.

Ölkədə 33 hava limanı olsa da, cəmi 2-də təyyarə pisti asfaltlanıb. Və yalnız o iki hava limanı beynəlxalq hava limanları standartlarına cavab verir. Paytaxtda yerləşən hava limanlarından biri “Air Burkina” bir neçə Afrika ölələri ilə birgə əməkdaşlıq etdiyi “Air Afrique” şirkətinin iflası nəticəsində 2002-ci ildə “Air Burkina”nın səhmləri özəlləşdirilib. Cəmi 7 ölkəyə xarici uçuş həyata keçirir: Benin, Fildişi Sahili, Qana, Mali, Nigeriya, Seneqal və Toqo.

Burkina-Faso dünyanın ən kasıb və iqtisadiyyatı ən ağır durumda olan ölkələrindən biridir. Eyni zamanda HIPC (Heavily Indebted Poor Countries), yəni az inkişafda olan yüksək borca malik ölkələr sırasındadır. 2013-cü ildə “Human Development Index”in (İnsan İnkişaf İndeksi) hesabatına görə 187 ölkə içində 181-ci yerdə olub.

Ölkədə adam başına düşən gəlir 1 dollar 50 sentdir.

Ölkə əhaləsinin demək olar ki, 90 faizinin öz torpaq sahəsi var. Bu torpaq sahələri isə əlverişsiz şəraitdədir. Bəlli dönəmlərdə isə ölkənin şimal hissəsində olan quraqlıqlar nəticəsində əkilmiş məhsullar məhv olur. Uzunmüddətli qıtlıq halları yaşanır. Ölkənin xaricə ixrac etdiyi əsas məhsullar fısdıq və pambıqdır. 2005-ci ildən isə aqrar islahatlar nəticəsində ölkədə buğda əkiminə dəstək verilib.

Burkina Fasonun mədən sənayəsi də yox vəziyyətindədir. Qızıl və manqan çıxarılması mümkün olsa da yer altı yolların tikilməsi hələ də reallaşmayıb. Ölkədə 1 ədəd pivə fabriki və 1 ədəd motosiklet istehsal edən zavod fəaliyyət göstərir.

Burada ən çox sevilən idman növü futboldur. 1964-cü ildə FİFA-ya üzv qəbul edilən ölkənin ən böyük uğuru 2013-cü ildə Afrika Millətlər kubokunda ikinci yer və 1993-cü ildə öz ölkələrində baş tutan Afrika Millətlər kubokunda qazandıqları dördüncü yerdir.

Ölkə əhalisinin oxumaq və yazmaq qabiliyyəti az olduğuna görə ədəbiyyat sahəsində tanınmış imzalar demək olar ki, yoxdur. Antoine Dim Delobsom 1934-cü ildə Mossi əfasanələri və mifləri haqqında kitab yazsa da, Nazi Boni tərəfindən 1962-ci ildə qələmə alınan “Crépuscule des temps anciens” adlı əsər Burkina-Faso ədəbiyyatının başlanğıcı hesab edilir.

Ana səhifəXəbərlərAzərbaycanın investisiya yatırmaq istədiyi Afrika ölkəsini tanıyaq – Cavab veririk #25