Azərbaycanın ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb

Natiq Cəfərli: ”Birinci peyk haqda hesabat vermədən ikinci peykin buraxılması və ya hazırlıqların getməsi məntiqsizdir”

Source:


Natiq Cəfərli: ”Birinci peyk haqda hesabat vermədən ikinci peykin buraxılması və ya hazırlıqların getməsi məntiqsizdir”

Azərbaycanın “Azerspace-2” ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb. Trend-in məlumatına görə, bunu Trend-ə “Azərkosmos” ASC-nin peyk əməliyyatları üzrə qrupunun rəhbəri Dunay Bədirxanov deyib.

D.Bədirxanovun sözlərinə görə, proses ilə yaxından tanış olmaq üçün ASC-nin əməkdaşları ABŞ-da “Space Systems Loral” (SSL) şirkətinin peyk istehsal zavodundadırlar.

Peykin dizaynı orta və ağır geostasionar və yüksək eliptik telekommunikasiya peyklərinin hazırlanmasında istifadə edilən 1300 seriya (SS/L 1300) platforması əsasında həyata keçiriləcək. İkinci peyk proqramı Kanadanın “Export Development Canada” (EDC) kredit agentliyinin uzunmüddətli və güzəştli kreditləri hesabına həyata keçiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir.

Peyk Azərbaycan tərəfindən “Intelsat” beynəlxalq peyk təşkilatından icarəyə götürülən şərq uzunluq dairəsindən 45 dərəcə orbit mövqeyində yerləşdiriləcək. “Azerspace-2” peykinin xidmət zonasına Avropa, Cənub-şərqi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

“Azerspace-2” geostasionar peyki Ku və Ka diapazonlu transponderlər ilə təchiz ediləcək və rəqəmsal tele-yayım xidməti göstərmək üçün, internet şəbəkəsinə qoşulmaq, məlumatların ötürülməsi, VSAT çox xidmətli şəbəkənin yaradılması və s. üçün nəzərdə tutulub.

Xəbəri Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli Azərbaycan hökumətinin birinci peyk barədə hesabat vermədiyini xatırlatdı.

İqtisadçı dedi ki, birinci peyk orbitə buraxılanda təqribən 325 milyon dollara yaxın vəsait xərclənmişdi: “Peykin orbitdə qalma müddəti 12 ildir, bu müddətə qoyduğu vəsaiti qazana biləcəkmi, çünki əməliyyat xərcləri də var. Bu baxımdan birinci peyk haqda hesabat vermədən ikinci peykin buraxılması və ya hazırlıqların getməsi məntiqsizdir”.

O, hesab edir ki, dünyada Azərbaycan kimi kiçik ölkələrin peykə bu qədər həvəslə yanaşması anlaşıqlı qarşılanmır: “Bu sahədə biznes uğuru olsaydı, 900 milyard dollara yaxın ehtiyatı olan Norveç kimi ölkə orbitə peyk buraxıb pul qazanardı. Yəni o qədər də cəlbedici sahə olmadığından bir çox ölkələr imtina edirlər. Ona görə də Azərbaycan hökumətinin hesabatsızlığı, dəiqqi məlumatlar verməməyi şübhələr yaradır. Məsələ ondadır ki, bu sahədə texnologiyalar çox sürətlə dəyişir və tez köhnəlir. Orbitə buraxılan peyklər köhnəlir və bir müddət sonra sıradan çıxır. Bir peykin ömrü 12 ildir, Azərbaycan 12 ildə qoyduğu vəsaiti çıxarda biləcəkmi, bu sualın cavabı yoxdur”.

Ana səhifəXəbərlərAzərbaycanın ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb