Azərbaycanın EITI-də qalmasına imza atanlar qrant aldılar

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının üzvlərinin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinə (EİTİ) ünvanladıqları müraciət geniş müzakirələrə yol açıb. Martın 8 və 9-da Kolumbiyada Beynəlxalq İdarə Heyətinin toplantısında Azərbaycanın üzvlük məsələsinə baxılacaq. 94 QHT təşkilatı müraciət ünvanlayıb ki, Azərbaycanın qurumdakı üzvlüyü dondurulmasın.

EITI 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb. Həmin vaxt bu addım Azərbaycanda Koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycan qarşısında qoyulan tələb hər 2 ildən bir QHT-lərin Dövlət Reyestrindən çıxarış əldə etməsi, donorlarla bağlanmış qrant müqaviləsinin qeydiyyatı və xarici donorların donor hüququ əldə etməsi ilə bağlı idi.

Müraciətdə imzası olmayan şura üzvü Akif Qurbanov deyir ki, imza atanlar hökumətyönlü QHT-lərdir. O bildirir ki, Koaliyasının adından ancaq koalisiya şurasının üzvləri çıxış edə bilər.

Müraciəti imzalayanlardan Koalisiya Şurasının üzvü Əliməmməd Nuriyev 2015-ci ildən başlayaraq vətəndaş cəmiyyəti sahəsində müsbət addımlar atıldığını deyir. O, ümid edir ki, QHT sahəsində digər problemlər də həllini tapacaq.

Koalisiyanın 2 üzvü Asif Yusifli və Fuad Qəhrəmanlı hazırda həbsdədirlər. Əliməmməd Nuriyev deyir ki, onlar QHT işinə görə həbs olunmayıblar. O, müraciətə qarşı çıxanları qaragüruhçülüqda günahlandırır.

Akif Qurbanov deyir ki, namizədlik statusunun dondurulması Azərbaycanın beynəlxalq kreditlər almasına əngəl yaradacaq.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Fredrik Reinfeldt-i qəbul edib. Görüşdə bu qurumda tamhüquqlu üzv statusunun bərpası üçün lazımi tədbirlərin həyata keçirilməsi müzakirə olunub.

Həmçinin QHT Şurası bu gün qrant müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb. Qaliblərin sırasında müraciətə imza atan koalisiya üzvləri də var. Onlar 3-9 min manat aralığında qrant alıblar.

Ana səhifəVideoAzərbaycanın EITI-də qalmasına imza atanlar qrant aldılar