“İki ölkənin ticarət dövriyyəsi Azərbaycandan Əfqanistana ixrac üzərində formalaşıb”
“Azərbaycan Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirir. Əfqanıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu, əvvəlki illə müqayisədə 2 dəfədən çox azalma deməkdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə, 275 milyon dollardan çox olub”.
İqtisadçı, deputat Vüqar Bayramov belə deyir. Bildirir ki, son ilin statistikası iki ölkənin ticarət dövriyyəsinin sadəcə Azərbaycandan Əfqanistana ixrac üzərində formalaşdığını göstərur.
Vüqar Bayramov hesab edir ki, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusı təsirləri olmayacaq.
Avqustun 15-də əksər ölkələrin terror təşkilatı kimi tanıdığı Taliban silahlıları Əfqanıstanın paytaxtı Kabilə daxil olub. Onlar prezident sarayını tutublar. Prezident Əşrəf Qani isə ölkəni tərk edib. Hələlik, onun harada olması dəqiqliyi ilə məlum deyil. Hadisələr ABŞ-ın öz hərbçilərini Əfqanıstandan çıxarması ilə başlayıb.
Əfqanıstanda Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi var. Onlar Türkiyə qüvvələri ilə birlikdə Kabil hava limanının təhlükəsizliyini təmin edirlər. Azərbaycan Müdafiə Nazirliyi bir neçə gün öncə açıqlama yayaraq bildirmişdi ki, hərbçilərin həyatına hər hansı təhlükə yoxdur, onlar xidməti vəzifələrinin icrasını davam etdirirlər.
“Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi”
Vüqar Bayramov əlavə edir ki, 20 il öncə Taliban silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu (ÜDM) 4 milyard dollar olub. Ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bilib:
“Doğrudur, Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir. Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi”.
“Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur”
Deputat bildirir ki, sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırmağı da bacarmışdı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlar ilə yenidən əlaqələri inkişaf etdirə bilmişdi:
“Həmçinin 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv də olmuşdu. İlkin proqnozlar, son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda həm iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir. Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra qərb ölkələrinin seyrici olduğu bu xəmir hələ çox su aparacaq”.
Eyni zamanda, Azərbaycan NATO-nun Əfqanıstana qeyri-döyüş yüklərini daşıyan təyyarələrinin ölkənin hava məkanından keçməsinə və hava limanından istifadəyə icazə vermişdi.
Bundan sonrakı vəziyyət necə olacaq?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Turan"a bildirib ki, ABŞ-ın Əfqanıstanla bağlı Azərbaycanın hava məkanından istifadə etməməsi Azərbaycanın bölgədə əhəmiyyətinə heç bir təsir göstərməyəcək:
"Azərbaycanın nüfuzuna heç bir təsir görmürəm. Azərbaycan vaxtilə anti-terror koalisiyasının üzvü idi və öz ərazisindən qeyri-döyüş yüklərinin keçirilməsini təmin edirdi".
Bəs Əfqanıstandan Azərbaycana qaçqınlar gələ bilərmi?
Deputat qeyd edir ki, Azərbaycana qaçqınlar yalnız İrandan keçərək gələ bilər: "Biz isə İranla sərhədi çox möhkəm qoruyuruq. Ona görə də belə bir kütləvi keçid gözləmirəm. Az sayda qaçqınlar, Azərbaycan icazə verərsə, gələ bilər, amma ölkəyə qaçqınların kütləvi axını olmayacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycan son illər Əfqanıstanla sıx əlaqələr qurmuşdu:
"1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə Taliban idi, ölkə qapalı ölkəyə çevrilmişdi. Sonra isə ABŞ Şimal koalisiyası ilə birgə Kabili tutandan sonra NATO qüvvələri tərəfdaş ölkələrə müraciət etdi ki, Əfqanıstana dəstək olaq. Azərbaycan da anti-terror əməliyyatları çərçivəsində sülhməramlıları Əfqanıstana göndərdi".
Politoloq qeyd edib ki, bundan sonra Azərbaycanın ABŞ üzərindən deyil, Əfqanıstanın özü ilə əlaqələri yaranmağa başladı.
Ekspert vurğulayıb ki, ABŞ-Azərbaycan əməkdaşlığının ən vacib istiqamətlərindən biri Əfqanıstana daşınan yüklər idi: "Hansılar ki, Azərbaycanın hava məkanı vasitəsilə həyata keçirilirdi və bunu Vaşinqton yüksək qiymətləndirirdi. İndi buna ehtiyac yoxdur. Bu vəziyyətdən Amerikada olan erməni lobbisi istifadə edə bilər. Erməni lobbisi Dövlət Departamentinin Azərbaycana təzyiq göstərməsini təşviq edəndə Dövlət Departamentinin əsas arqumenti bu idi ki, Azərbaycan üzərindən NATO yükləri Əfqanıstana daşınır. İndi bu yoxdur".