“Çirkli olmaqda şübhəli bilinən vəsaiti bilərəkdən transfer etməsindən şübhələnməyə əsas var”
Estoniyada Danimarkanın “Danske Bankı” ilə bağlı çirkli pulyuma qalmaqalına görə 10 nəfər saxlanıb.
Azadlıq Radiosu xəbər verir ki, rəsmi məlumat dekabrın 18-də
yayılıb.
Məlumatda bildirilir ki, həmin şəxslər sözügedən qalmaqal çərçivəsində ilk saxlananlardır.
Danimarka, Estoniya, Britaniya və Birləşmiş Ştatlar 2007-2015-ci illərdə bu filial vasitəsilə 234 milyard dollar yuyulmasını araşdırır.
Saxlanan şəxslərin “çirkli olmaqda şübhəli bilinən vəsaiti bilərəkdən transfer etməsindən şübhələnməyə əsas var”, – Estoniya prokurorunun bəyanatında deyilir.
“Danske” sentyabrda yaydığı hesabatda bildirirdi ki, 42 keçmiş əməkdaşı və agentinin “şübhəli fəaliyyətdə iştirakı” düşünülür.
Danimarka bankı saxlanan şəxslərin Estoniya hakimiyyətinə barəsində məlumat verilənlərin siyahısında olub-olmadığını açıqlamayıb.
“Danske Bank” qalmaqalında Azərbaycanın da adı hallanır. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) çərçivəsində aparılmış araşdırmada iddia olunurdu ki, “Danske” bankının Estoniya filialı Britaniyada qeydiyyatdan keçmiş dörd firmanın hesablarını idarə edib. Azərbaycan elitası həmin hesablar vasitəsilə avropalı siyasətçilərə lobbiçilik məqsədilə pul, bahalı hədiyyələr verib, pul
yuyub.