İdmançıların mağazadan oğurluq etdiyi bildirilir
Azərbaycanın cüdo üzrə millisi aprelin 22-də Yaponiyadan qayıdıb.
Komanda.az saytının məlumatına görə, cüdoçular “gündoğar ölkə”də təlim-məşq toplanışında olub. Komanda yapon cüdoçularla birgə məşq edib. Ancaq Azərbaycan millisi Yaponiyadan vaxtından əvvəl qayıdıb. Daha doğrusu, Azərbaycan millisini Yaponiyadan deportasiya ediblər. Səbəb isə milli üzvlərinin mağazadan oğurluq etməsidi. Belə ki, millinin üzvləri – Mehman Sadıqovla Qurban Qurbanov bu ölkənin ticarət mərkəzlərindən birində alış-veriş edərkən oğurluq ediblər. Amma polis azərbaycanlı idmançıları həbs edib. Nəticədə azərbaycanlı cüdoçular tam tərkibdə Yaponiyadan deportasiya olunub.
Məsələ ilə bağlı “Futbol+” qəzetinə danışan millinin köməkçi-məşqçisi Mehman Əzizov mağazadakı insidenti təkzib edib:
“Bizim məşqimizdən sonra azyaşlı yapon uşaqların məşqi olurdu. Cüdoçularımızdan biri uşaqlardan hansınısa başı üzərinə qaldırıb, şəkil çəkdirdi. Bu da uşağa olan sevgidən qaynaqlanırdı. Uşağın valideyini baş məşqçiyə şikayət etdi. Oğurluq hadisəsi isə olmayıb”.
Ancaq məsələdə adı hallanan Mehman Sadıqov “Futbol+” qəzetinə mağazada insident yaşandığını etiraf edib:
“Əslində orda baş verən hadisə bura bir qədər fərqli çatıb. Bəli, Qurbanla dükanda olmuşuq. Amma cibimizdə pul var idi və paltar oğurlamaqdan söhbət gedə bilməz. Paltar seçib götürdük. Ancaq üstümüzdə çek olmadığından satıcı bizi oğurluqda günahlandırdı. Ona başa salmağa çalışdıq ki, bunu oğurlamaq fikrimiz yoxdu. Bizdə dollar olduğundan pulu dəyişməliydik. “Bizi buraxın, pulu dəyişib gələk” – dedik. Onlar isə yalnız polislə birgə gedib pulu dəyişə biləcəyimizi dedilər. Polis bizdən pasport istədi. Sənədlərimiz baş məşqçidə olduğundan, Hacıağa müəllim də ora gəldi. Sənədlərimizi təqdim etdik, dolları yenlə dəyişib paltarı aldıq və məsələ bağlandı. Amma bu hadisəyə görə komandanı Yaponiyadan çıxardılar”.
Mehman Sadıqov yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında AÇ və DÇ-nin bürünc medalçısıdı.