Azərbaycanın BMT-nin hesabatında yeri: pandemiya nələri üzə çıxarıb?

Baku, Nurlan Mammadzada/Shutterstock

“İqtisadi böhran, sosial durumu ağır olan insanların problemləri, yoxsulluq, bərabərsizlik və işsizlik…”

COVID-19 pandemiyası dünyanın bir çox yerində sosial müdafiə sahəsinə ciddi zərbələr vurub.

Pandemiya əsasən də insan hüquqları, sosial təhlükəsizlik, bərabərsizlik boşluqları üzə çıxardı.

BMT Beynəlxalq Əmək Təşkilatının ən son açıqlanan Qlobal Sosial Müdafiə Hesabatında belə deyilir.
Hesabata görə, pandemiya dünyada iqtisadi böhranı, sosial durumu ağır olan insanların problemlərini, yoxsulluğu, bərabərsizliyi və işsizliyi şiddətləndirib.

Hesabat müəllifləri bildirirlər ki, çətin durumda olan bəzi ölkələrə beynəlxalq dəstək göstərilib. Buna baxmayaraq, aşağı və orta gəlirli ölkələr pandemiyanın gətirdiyi mənfi təsirlərlə üz-üzə qalıblar.

Təşkilat hesab edir ki, bu gün dünyada sosial-iqtisadi vəziyyətin bərpası müddəti qeyri-müəyyən olaraq qalır:

“Vəziyyətin normallaşması üçün sağlamlıq ön plandadır. Sağlamlıq üçün də vaksin önəmlidir. Bu zaman da bütün dünya əhalisinin vaksinə əlçatımlığı məsələsi önə çıxır. Bəzi ölkələrin peyvəndə əlçatımlığı çox aşağıdır”.

Təşkilat hesabatda 10 müxtəlif indikatora əsaslanaraq sosial müdafiənin effektiv təşkili üzrə ölkələri müqayisə edib.

Azərbaycanla bağlı hissədə qeyd edilir ki, ölkədə aztəminatlı əhalinin yalnız 13.4 faizi sosial yardım proqramı ilə əhatə olunub.

Bu göstərici Ermənistanda 19.6, Gürcüstanda 92,9, Qırğızıstanda 14.1, Özbəkistanda 15.6, Qazaxıstanda 74.2 faizdir. Azərbaycanın da daxil olduğu kateqoriyada ən aşağı göstərici 7.5 faizlə Tacikistandadır.

BMT Beynəlxalq Əmək Təşkilatı, Foto: Michael Derrer Fuchs/Shutterstock

Hesabatda bildirilir ki, Azərbaycanda qeyri-sığorta əsaslı pensiya məbləğinin mütləq yoxsulluq həddi hesab olunan məbləğə nisbəti 46,6 faizdir. Qonşu ölkələrə baxanda bu rəqəm Gürcüstanda 109, Ermənistanda 39, Türkiyədə 21,7, Türkmənistanda 42.2, Rusiyada 46.4, Qazaxıstanda 95.1 faiz təşkil edir.

Təşkilat vurğulayır ki, Azərbaycan və Ermənistanda pensiya yaşına çatmış yaşlı əhalinin təqaüd sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb. Hesabatda bildirilir ki, bu, ciddi problemdir.

“Hökumət son 15 ildə sığorta əsaslı pensiya sisteminə tələbləri sərtləşdirib”

İqtisadçı Rövşən Ağayev bildirir ki, hökumət sığorta əsaslı pensiya sisteminə bağlı tələbləri son 15 ildə sərtləşdirib:

“Buna paralel olaraq rəsmi məşğulluğun əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edə biməyib”.

İqtsadçı deyir ki, nəticədə isə uyğun yaşa çatan yaşlı insanlar pensiya hüququndan məhrum olub: “Əvəzində hökumət onlara daha aşağı məbləğlərlə ifadə olunan qocalıq müavinəti təklif edib”.

Beynəlxalq Əmək Təşkilatının hesabatında o da qeyd olunur ki, Azərbaycanda hazırda əmək qabiliyyətli yaşda (15+) olanların təxminən 40 faizdən daha az hissəsi öz gələcək pensiyalarını təmin etməyi təklif edirlər.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Region ölkələrindən Türkiyədə həmin göstərici 60 faizdən çox, Ermənistanda 50 faizə yaxındır.

Eyni zamanda, Azərbaycanda uşaqların cəmi 16,9 faizi ən azı bir sosial müdafiə (səhiyyə xaric) tədbirilə əhatə olunub. Həmin göstərici Qazaxıstanda 57,4, Gürcüstanda 48,1, Ermənistanda 30,2 faizdir.

Dünya üzrə götürəndə orta hesabla 26,4 faizə gəlib çıxır. Aşağı gəlirli ölkələrdə 8,5 faiz, orta gəlirli ölkələrdə 20 faizdən çox, yüksək gəlirli ölkələrdə isə 87 faizdir.

Övlad dünyaya gətirmiş qadınların Azərbaycanda cəmi 16 faizi hökumətin sosial müdafiə proqramı ilə əhatə olunub. Bu rəqəm Qazaxıstanda 44,2, Ermənistanda 61,6, Gürcüstanda 26 faizdir. Dünya üzrə orta hesabla 45 faiz olur.

Aşağı gəlirli ölkələrdə 10,5, orta gəlirli ölkələrdə 40 faiz ətrafında, yüksək gəlirli ölkələrdə isə 86 faiz təşkil edir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatı isə 2021-ci ildə ünvanlı dövlət sosial yardımının 77 min 269 ailəyə təyin olunduğunu bildirir. Məlumata görə, il ərzində ailədə bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardım 57.1 manat olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından isə belə məlum olur ki, 2020 və 2021-ci illərdə Azərbaycanda sosial islahatlar davam edib.

Prezident İlham Əliyevin dekabr ayında imzaladığı yeni fərman və sərəncamlarla ölkədə sosial ödənişlərin artırılması istiqamətində islahatların növbəti mərhələsinə başlanıb. 2.1 milyondan çox şəxsi əhatə edən sosial ödənişlərin artımı üçün illik əlavə 1.5 milyard manat vəsait ayrılıb.

Nazirlikdən vurğulanıb ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği son 4 ildə 88 faiz artaraq 280 manatı ötüb.

2018-2021-ci illərdə sosial təminat (pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım) üzrə illik xərclər 2.4 milyard manat və ya 60 faiz artaraq 6.4 milyard manata çatıb.

Ana səhifəİqtisadiyyatAzərbaycanın BMT-nin hesabatında yeri: pandemiya nələri üzə çıxarıb?