“Əslində birinci dəfə sorğuda iştirak edəndə mənə dedilər ki, bunlar yalan söhbətlərdi, sorğunun nəticələri gedib ora çıxmayacaq”
FİFA-nın ilin futbolçusu ilə bağlı keçirdiyi səsvermədə Azərbaycanı təmsil edən xanım jurnalist Lalə Dəmirovanın axtarıldığı barədə məlumat vermişdik.
Azərbaycanın idman mətbuatı diletant seçimlə yadda qalan bu xanım jurnalistin şəxsiyyətini, hansı mətbuat orqanında çalışdığını müəyyənləşdirmək üçün geniş kampaniya aparırdı. Nəhayət, Lalə Dəmirova tapılıb. Nə qədər qəribə də olsa, xanım jurnalisti FİFA-nın dəstəyilə tapmaq mümkün olub. “Futbol+” qəzetinin FİFA-ya müraciətindən sonra qurum xanım jurnalistin məlumatlarını təqdim edib. Və məlum olub ki, Lalə Dəmirova Az.TV-də çalışır. Maraqlıdı ki, bu məsələ ilə bağlı sosial şəbəkələrdə geniş kampaniya aparılsa da, xanım jurnalist özü bir tərəfə qalsın, dövlət televiziyasının əməkdaşları da onun haqqında məlumat verməkdən çəkiniblər. Amma FİFA-nın verdiyi məlumatlar vasitəsilə tapılan xanım jurnalist məsələ ilə bağlı danışıb. Onun müsahibəsini qısa ixtisarla təqdim edirik:
–
Azərbaycan adından sorğuda iştirak etmisiz, amma sizi heç kim tanımır. Sizi FİFA-ya kim məsləhət gördü?
– Kimsə məni tanımaya bilər. Hazırda dövlət televiziyasında çalışıram. 5 il də “İdman Azərbaycan” telekanalının saytında işləmişəm. Bu illərdə beynəlxalq federasiyalarla müntəzəm əlaqədə olmuşam. FİFA-nın saytında da qeydiyyatdan keçmişəm. Onlar hər dəfə mənə sorğularla bağlı elektron məktublar göndərirlər. Bu dəfə də belə oldu və sorğuda iştirak etdim.
– Ümumiyyətlə, futbolla maraqlanırsız?
– Bəli, yaxından maraqlanıram. Açığı, qadın yox, kişi futbolu ilə. Avropa, dünya çempionatlarını izləyirəm. Yəni marağım var.
–
Neçə gündü həm sosial şəbəkələrdə, həm də KİV-də sizi axtarırlar. Niyə ortaya çıxıb cavab vermirdiz? Xəbəriniz yox idi?
– Xeyr, xəbərim olmayıb. Sosial şəbəkələrdə varam. “Facebook”da adım fərqli, kiril əlifbası ilə yazılıb. Yəqin elə ona görə tapmamısız. Dünən axşam elektron məktub aldım ki, məni axtarırsız. Amma vaxtım olmadı deyə, cavab verə bilmədim.
–
Sorğuda ən yaxşı futbolçu Karl Lloyd və ilin məşqçisi seçilən Cill Ellisə səs verməmisiz. Seçimi nəyə əsasən etmişdiz?
– Bunu deməkdə çətinlik çəkirəm. Əslində birinci dəfə sorğuda iştirak edəndə mənə dedilər ki, bunlar yalan söhbətlərdi, sorğunun nəticələri gedib ora çıxmayacaq. İT mütəxəssislərimiz FİFA-nın mənə yolladığı linkə baxıb bildirdilər ki, belə provayder mövcud deyil. Bu səbəbdən yekun səsvermədə elə-belə iştirak etdim. Yəni hansısa xüsusiyyətlərə görə fərqləndirə bilmədim. Seçimim səhv olduğuna görə təəssüflənirəm.
Lalə Dəmirovanın seçimi belə olmuşdu: İlin futbolçusu – Anri Amandin, Le Sommer Eugeni, Şaşiç Çelia. İlin məşqçisi: Farid Benstiti, Laura Harvey, Norio Sasaki.
Bu nominasiyalarda qalib Karli Lloyd və Cil Ellis olublar. Lalə xanım da qalibləri üçlüyə layiq görməyib.