Emil Məmmədli
Ekspertlər dövlət strukturlarından tutmuş mətbuata qədər nüfuz agentlərinin mövcudluğunu iddia edirlər
Bir sıra ekspertlər və sosial şəbəkə istifadəçiləri Azərbaycanın Avropanın ayır-ayrı ölkələrilə və ümumilikdə Avropa strukturları ilə münasibətlərinin kəskinləşməsinin Rusiyaya bağlı şəxslərin fəaliyyətinin nəticəsi olduğunu bildirirlər.
Yanvarda Avropa Şurası Monitorinq Komitəsinin iclasında Azərbaycanın nümayəndə heyətinin hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərar qəbul olundu. Həmin hadisə ilə bağlı yazısında Ukraynadan olan jurnalist qeyd edib ki, Səməd Seyidov iclasa gələnə qədər komitənin heç də bütün üzvləri Azərbaycanın əleyhinə deyildilər və yüngül qərar çıxarılacaqdı.
“Amma Səməd Seyidov əlindən gələn hər şeyi etdi ki, Avropa Şurası Azərbaycanla bağlı ən sərt qərarı versin”, – jurnalist yazır.
Bir neçə gün bundan əvvəl isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdə olarkən bu ölkənin Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinlə görüşüb. Görüşdən sonra Karasin deyib ki, ikitərəfli məsələlərdən Xankəndidə baş konsulluğun açılmasını qeyd etmək istəyir:
“Biz yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”.
Siyasi şərhçi Rauf Mirqədirov məsələni Meydan TV üçün şərh edərkən qeyd edib ki, Rusiyanın Prezident Administrasiyasında və nazirliklərdə çalışan nüfuz agentləri var. Onun sözlərinə görə, belə nüfuz agentləri həmçinin mətbuatda, QHT-lərdə, ictimai baxımdan tanınmış şəxslər arasında da olmamış deyil.
“Ancaq bu təsirin motivlərini nəzərə almalı və öyrənməliyik. Yəni onların birbaşa və dolayısı ilə Rusiya tərəfindən yönəldilib, yönəldilmədiyini aydırmaşdırmalıyıq”, – o deyib.
Azərbaycan siyasətçilərindən kimlərin Rusiyanın maraqları çərçivəsində fəaliyyət göstərə biləcəyi barədə sualları cavablandıran R.Mirqədirov vurğulayıb ki, onun ağlına Səməd Seyidovdan daha çox Ziyafət Əsgərov, yaxud Əli Hüseynov gəlir.
“Ziyafət Əsgərov spikerin müavini olanda bütün beynəlxalq platformalarda Rusiyanın narrativlərini təkrarlayır, açıq şəkildə Qərbin əleyhinə çıxırdı. Səməd Seyidov son dövrlərdə özünü rusiyapərəst kimi göstərməyə başladı”, – siyasi şərhçi bildirib.
Ekspert deyib ki, Qərblə münasibətlərin korlanması baxımından Avropada başqa adlar səslənir:
“Mənə müraciət edən jurnalistlər və ekspertlər daha çox nədənsə Hikmət Hacıyevin adını hallandırırlar. Bəlkə o, ictimai məkanda hakimiyyətin xarici siyasəti ilə bağlı tez-tez çıxış etdiyi üçün belə deyirlər. Onun adının tez-tez səslənməsinə təəccüblənirəm, çünki Hacıyevin diplomatik fəaliyyətinin çox hissəsi Qərbdə olub. Ona görə Azərbaycanın xarici siyasətinə təsir göstərmək baxımından Səməd Seyidovun ciddi fiqur olduğunu düşünmürəm”.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə deyib ki, Azərbaycanın hakimiyyət çevrələrində Rusiyanın nüfuz agentlərinin olması barədə söhbətlərə real baxır.
“Sualı fərqli qoyardım – Azərbaycan hökumətində rusiyameylli olmayan adam varmı? Çünki Azərbaycanın hakim elitası tam rusiyayönümlüdür”, – A.Qasımlı deyib.
Bununla belə, siyasətçi hesab edir ki, Avropa ilə münasibətlərin korlanmasında bir neçə aparıcı siyasətçini günahlandırmaq düzgün deyil, çünki bu, ümumiyyətlə hakimiyyətin siyasi kursudur:
“Aparılan siyasi kurs İlham Əliyevindir və bu, şüurlu şəkildə qəbul olunan siyasi kursdur. Ona görə Avropa Şurasında münasibətləri kimlərinsə korlaması barədə deyilənlər nağıllardır”.
Avropa strukturları ilə münasibətlərin korlanmasında Səməd Seyidovun adının tez-tez hallanmasını da Azər Qasımlı təsadüfi saymır. Onun fikrincə, S.Seyidovun adı AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğuna görə çox hallanır:
“Əsas sima Seyidovdur, ona görə adı hallanır, o da Əliyevin göstərişini yerinə yetirir. İlham Əliyev ona desə ki, çıx Avropanı təriflə, onu da səsləndirəcək. Əks təqdirdə, “Avropa islamafobdur, əxlaqsızdır, qadınla kişini eyni tuturlar” söylə desələr, onu da təkrarlayacaq”.