Vəkil: “Dövlət öz nüfuzu naminə bu işlərə baxmalıdır”
Avropa Şurası Nazirlər Komitəsinin 1-3 sentyabr tarixli iclasında Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icrasının hansı səviyyədə olması müzakirə ediləcək.
Bununla bağlı “Facebook” səhifəsində paylaşın edən vəkil Elçin Sadıqov Avropa Məhkəməsinin 13 fevral tarixində Bayram Məmmədov və Qiyas İbrahimov haqqında qərarının hələ yerinə yetirilmədiyini bildirib.
Vəkil qərarın ötən ayın 13-də qüvvəyə minməsinə baxmayaraq Azərbaycan hökumətinin icra ilə bağlı heç bir addım atmadığından narahatlığını bildirib:
“Kompensasiyalar ödənilməyib. Qiyas İbrahimov və Bayram Məmmədov barəsindəki qanunsuz hökmlər ləğv edilməyib. Qiyas İbrahimova və Bayram Məmmədova polislər tərəfindən işgəncə verilməsi AİHM tərəfindən müəyyən edilsə də, qərarda adı çəkilən polis əməkdaşları barəsində araşdırma başlanılmayıb”.
O qeyd edib ki, AİHM qərarda müəyyən edib ki, ərizəçilər narkotik vasitənin alışı, satışı gəzdirilməsi ilə məşğul olmayıblar.
Vəkil Əsabəli Mustafayev Meydan TV-nin bu barədə sualını cavablandırarkən bildirib ki, onun göndərdiyi şikayətlərdən icra olunmalı 150 qərar var.
“Çoxunun kompensasiyaları ödənilsə də, insanların hüquqi reablitasiyası olmayıb. Ona görə qərarların tam icra olunduğunu deyə bilmərəm. Hətta elə işlər var ki, 2007-ci ildə qərar qəbul edilib, amma kompensasiyalar ödənmir, yaxud qismən ödənir. Bu, siyasi fəaliyyətlə bağlıdır”.
O, konkret olaraq, AXCP üzvləri Fuad Qəhrəmanlı, İlham Hüseynin şikayətləri haqqında qərarların olduğunu, amma kompensasiya ödənmədiyini deyib.
“Sonuncu dəfə Ali Məhkəmə İnsan Haqları konvensiyasının 18-ci maddəsi ilə bağlı işlərə baxdı. ReAL Partiyasinin sədri İlqar Məmmədov və üzvü Rəsul Cəfərova bəraət verdilər. Həmin qrupda olan işlərə isə baxmadı. Bu baxımdan İntiqam Əliyev, Anar Məmmədlinin işlərini qeyd edə bilərəm”.
Ə.Mustafayev hesab edir ki, dövlət öz nüfuzu naminə bu işlərə baxmalı, ayrı-seçkilik etmədən qərar qəbul etməlidir.