Lixtenşteyn Bakı ilə dialoqu davam etdirəcəklərini deyir
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir.
Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Lixtenşteynin Xarici İşlər naziri Dominik Hasler AŞPA-nın yaz sessiyasında bildirib ki, Azərbaycan təşkilatın digər iştirakçıları kimi tamhüquqlu üzvdür və bərabər hüquqlara malikdir.
“Təbii ki, ölkənin mülki və siyasi hüquqlar nöqteyi-nəzərdən Avropa Şurasının standartlarına uyğun olmaq üzrə eyni öhdəlikləri də var. Əmin ola bilərsiniz ki, Nazirlər Komitəsi bu məsələnin ortaq həll yolunu tapmaq üçün dialoqu ardıcıl olaraq davam etdirəcək. Bir-birimizə ehtiyacımız var və ümid edirəm ki, bizi birləşdirən dəyərlər naminə əməkdaşlıq və dialoqun davam etməsi üçün Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında layiqli yerinə qayıdacaq”, – Avropa Şurası Nazirlər Komitəsinin rəhbəri deyib.
Dominik Hasler Azərbaycanda həbsdə olan Qarabağ separatçıları ilə bağlı suala da cavab verib.
“Ermənistan üçün onlar hərbi əsir, Azərbaycan üçün adi cinayətkardır. Ancaq nə olursa-olsun, onlar insandır və Avropa konvensiyaları ilə qorunur. Buna görə onlara qarşı rəftar buna uyğun olmalıdır”, – deyə Hasler bildirib.
2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Bəyanatı səsləndirən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qərarı Azərbaycana qarşı ədalətsiz mövqe sayıb və təşkilatdakı islamafob, azərbaycanafob meyllərlə əlaqələndirib.
AŞPA-nın 2023-cü il payız sesiyasında Azərbaycanın Qarabağ regionunda keçirdiyi antiterror əməliyyatı pislənmişdi.
Buna cavab olaraq Azərbaycan AŞPA-ya fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərini müşahidə etmək üçün dəvət göndərmədi.
Bu da qurumda Azərbaycana qarşı münasibəti daha da kəskinləşdirdi.
Monitorinq Komitəsinin 2024-cü il yanvarın 23-də keçirilən iclasında Azərbaycana qarşı qəbul olunan sənəddə, səbəblərdən biri kimi də, məhz bu göstərilmişdi.
Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.
1996-cı il iyulun 13-də isə Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.
2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.