Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası iki əsgərin qalıqlarının Ermənistana təhvil verildiyini təsdiqləyib.
Bu barədə komissiyanın yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb:
“Qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib. Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Genetik Araşdırmalar Mərkəzi də meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olduğunu təsdiqləyib”.
İyunun 21-də üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqları Ermənistana təhvil verilib.
Məlumatı Ermənistan tərəfi yayıb
İyunun 21-də Azərbaycanın 2022-ci ilin sentyabrında həlak olan iki əsgərin qalıqlarını Ermənistana təhvil verdiyi bildirilir.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
Azərbaycanın rəsmi orqanları bu barədə məlumat yaymayıb.
2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkilərə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyi 80 hərbçinin həyatını itirdiyini, 282 nəfərinin isə yaralandığı barədə məlumat yaymışdı.
Ermənistan Müdafiə Nazirliyi isə 224 hərbçinin öldüyünü deyirdi.