Parlament və prezident arasında fərqli möqvelər yaransa belə, seçkiyə gedilməli idi
1990-cı ilin 20 Yanvar hadisələri əsnasında Ayaz Mütəllibov Moskva tərəfindən hakimiyyətə gətirilir. Yalnız bir məqsəd var idi: ölkədə yüksəlməkdə olan Milli Azadlıq Hərəkatının qarşısını almaq. O da bu işdə əlindən gələni əsirgəmirdi. Lakin Moskva və Kommunist Partiyası da daha əvvəlki gücündə deyildi.
Nəticədə, bütün SSRİ-də olduğu kimi Azərbaycanda da 1990-cı ilin parlament seçkiləri qismən demokratik keçirildi. Yerli Kommunist Partiyasının alternativinə çevrilmiş Azərbaycan Xalq Cəbhəsinin xeyli üzvü və müstəqil insanlar parlamentə seçildi. Cümhuriyyətin süqutundan sonra ilk dəfə Azərbaycan Parlamentində (Ali Sovet adlanırdı) kifayət qədər güclü müxalifət fraksiyası formalaşdı. İclasları televizorda göstərilən parlament sessiyaları siyasi mübarizə meydanına çevrildi. Fəqət partokrat-establişment-nomenklatura hələ həlledici çoxluğa malik idi.
Ermənilər və gürcülər Qorbaçovun SSRİ-də qalmaq haqqında 1991-ci ilin martında keçirdiyi referendumunda iştirakdan imtina etsələr də, Mütəllibovun nəzarətində olan deputatlar, azadlıq hərəkatının bütün səylərinə baxmayaraq, Ali Sovetdə həmin referendumun Azərbaycanda keçirilməsinə icazə verdilər. Yəni, faktiki Azərbaycan müstəqilliyinin əleyhinə getdilər. Onların bir çoxu indi də deputatdır. Bu referendum keçirildi, o dövrdə əhalinin partokrat establişmentə alternativ kimi gördüyü Xalq Cəbhəsinin isə camaatı buna qarşı səfərbər etməyə gücü çatmadı. Saxta nəticələrlə, guya azərbaycanlıların 90 faizindən çoxu SSRİ-də qalmağa, yəni müstəqilliyin əleyhinə “səs verdilər”. 1990-cı ilin yanvarını görmüş bir toplum üçün bu sözün əsl mənasında böyük xəcalət idi.
Daha sonra, hələ 1991-ci ilin əvvəllərindən qonşularımız sovet bayrağından və respublikanın adındakı sovet sözündən imtina etsələr də, Mütəllibovla partokrat tərəfdarları buna da müqavimət göstərirdilər və nəticədə ölkədə nonsens baş vermişdi. Fevral ayında indiki bayrağımız qəbul edilsə də, köhnə bayraq da ləğv edilmədi, bir neçə ay iki bayraqlı respublika kimi qaldıq.
Hadisələrin kulminasiya və dönüş nöqtəsi Moskvada Qorbaçova qarşı 1991-ci ilin avqustundakı çevriliş cəhdi oldu. Qorbaçovun müavini, güc nazirlikləri ölkədə yavaş-yavaş da olsa baş verən demokratik dəyişiklikləri ləğv etmək üçün onu hakimiyyətdən uzaqlaşdırdılar. Lakin SSRİ-dəki bütün mütərəqqi qüvvələr bu çevrilişə qarşı çıxdı. Azərbaycan Xalq Cəbhəsi də onu pislədi. Amma Mütəllibov bizim Milli Azadlıq Hərəkatını da qan içində boğmağa hazırlaşan bu çevrilişi ürəklə dəstəklədi.
Çevriliş cəhdi baş tutmadı, onu həyata keçirən bütün iri məmurlar həbs edildi. Nəticədə, Moskvada mərkəzi hakimiyyət xeyli zəiflədi, bunula da SSRİ-nin dağılması prosesi sürətləndi. Kommunist Partiyası hakimiyyətdən getdi, müttəfiq respublikalar bir-birinin ardınca istiqlaliyyətlərini bəyan etməyə başladılar. Sonra Qorbaçov da həmçinin vəzifəsindən könüllü istefa verməli oldu. Artıq Mütəllibovun da istiqlal hərəkatına müqavimət göstərməsi mümkün deyildi, ona görə Azərbaycan da istiqlaliyyətini oktyabrın 18-də elan etdi. Bununla belə, hərəkatın məntiqi nəticəsi onun hakimiyyətdən uzaqlaşdırılıb, bu mübarizənin önündə gedən Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi olmalı idi. Fəqət hələ ki, Xalq Cəbhəsinin buna gücü çatmırdı, çünki camaatın xeyli hissəsi, əksər ziyalılar hərəkatdan kənar müşahidəçi idilər.
Qonşu Gürcüstanda və Ermənistanda isə bu proses tamamlanmış, hərəkat liderləri Moskvanın təyin etdiyi yerli Kommunist Partiyası rəhbərlərini bir müddət əvvəl hakimiyyətdən uzaqlaşdırmış, şərqşünas professor Ter-Petrosyan və ədəbiyyatçı professor Qamsaxurdia öz ölkələrinin prezidentləri seçilmişdilər. Bizdə isə istiqlaliyyətin elanından sonra ümumxalq seçkisi keçirilmədən Kommunist Partiyasının sabiq rəhbəri Mütəllibov istiqlaliyyətin elan edildiyi gün parlamentin qərarı ilə ölkənin ilk prezidenti oldu. İkibayraqlılıq da ləğv edildi.
Bundan bir qədər əvvəl isə Qorbaçova qarşı alınmayan çevrilişin daha bir nəticəsi o oldu ki, Heydər Əliyev 1991-ci ilin sentyabrında yerli xalqın dəstəyi ilə Naxçıvan Ali Sovetinin sədri seçildi.
1991-ci ilin oktyabrın sonunda Ali Sovetin deputatlarının əksəriyyəti qanunverici hakimiyyəti könüllü olaraq deputatların 50 nəfərindən ibarət Milli Şuraya verdilər. Milli Şuranın 25 üzvü sabiq Kommunist Partiyası funksionerlərindən, 25 nəfəri isə müxalifətdən təşkil olunmuşdu. Beləliklə, ölkə parlamentində kommunist partokratiyanın çoxluğuna son qoyuldu.
Noyabr ayında məşhur vertolyot faciəsi baş verdi, ölkənin nüfuzlu siyasi xadimləri, hüquq-mühafizə orqanlarının rəhbərləri həlak oldular.
Həmçinin, 1992-ci il də faciələrlə başladı. Fevralın sonunda Xocalı müsibəti bütün Azərbaycanı sarsıtdı. Aydındır ki, gözlər prezidentə dikildi və hakimiyyət təbii olaraq bu faciənin qarsını ala bilməməkdə günahlandırıldı. Parlamentin sədri Elmira Qafarova istefaya getdi, yerinə Tibb Universitetinin rektoru Yaqub Məmmədov spiker seçildi.
Lakin hiddət böyük idi. Ölkə parlamentı bu faciəni təhqiq etmək üçün komissiya yaratdı. Martın 6-da Mütəllibov da prezident vəzifəsindən istefa verməli oldu. Yaqub Məmmədov ölkə başçısı vəzifəsinin icrasına başladı.
Vəziyyət ağır idi. Cəbhədə situasiya gün-gündən çətinləşdirdi. Yaqub Məmmədov isə tək adam idi və bu işə qətiyyən hazır deyildi. Yəni, faktiki müharibə zamanında ölkə başçısız qalmışdı. Çünki partokratiya Mütəllibovu qurban versə də, hakimiyyətdən getmək istəmirdi.
Mayın 8-də Şuşa itirildi. Bu, azərbaycanlılar üçün sözün əsl mənasında şok idi. Əvvəl də itkilər olmuşdu. Amma Şuşanın getməsi hamıda dəhşətli hisslər yaratmışdı. Faciələr dalbadal baş verir, hakimiyyət isə sankı sadəcə seyr edirdi, əlacsız qalmışdı. Camaat bu faciələrin qarşısını ala biləcək güclü hakimiyyət istəyirdi. Ölkədə ən güclü müxalif qurum Xalq Cəbhəsi idi və onun hakimiyyətə gəlməsi artıq qarşısıalınmaz görünürdü. Lakin Xocalı Komissiyasının öz nəticələrini parlamentin müzakirəsinə təqdim edəcəyi gün partokrat nomenklatura daha bir cəhd etdi. Mütəllibov yenidən hakimiyyətə qayıtdığını bəyan etdi.
Bu addım onsuz da hirsli xalqın hiddətini aşırıb-daşırdı. Ertəsi gün, may ayının 14-də on minlərlə insan parlament binasına tərəf yürüş etdi. Mütəllibov xalqın hiddətini görüb Moskvaya qaçdı. Xalq cəbhəsi hakimiyyətə gəldi, İsa Qəmbər parlamentin sədri seçildi. Lakin cəbhədə faciələr by günlərdə də davam edirdi və bu ərəfədə Laçın da işğal edildi.
Fəqət Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən və partokratiyanın nəhayət ki, hakimiyyətdən uzaqlaşdırılmasından yaranan ümumi ruh yüksəkliyi fonunda iyun ayında hücuma keçən Azərbaycan hərbi dəstələri Dağlıq Qarabağın Xankəndindən sonra ən böyük rayonu olan Ağdərədə qələbə çalaraq, buranı azad etməyi bacardı.
İyunun 24-də Elçibəy prezident seçildi. Rusiya ordusu Elçibəyin tələbi ilə Azərbaycandan çıxarıldı. Sərhədlərimizə nəzarət öz əlimizə keçdi. Azərbaycan Cənubi Qafqazda Rus ordusundan təmizlənmiş ilk ölkə oldu. Mütəllibov dövründə siyasi məsələlərdə digər Cənubi Qafqaz ölkələrindən geri qalırdıqsa, indi bu vacib məsələdə önə keçmişdik. Bu, böyük nailiyyət idi.
Amma Rusiya ordusu Azərbaycana qayıtmaq niyyətindən əl çəkməyəcəkdi. Fəqət, bu dəfə “sülhməramlı” kimi gəlmək istəyirdi, ona görə indi də Azərbaycanın hərbi hissələrinin zəfər yürüşünü saxlamaq məqsədilə ruslar Ermənistana daha açıq kömək etməyə başladılar.
Hərbi hissələrimiz Xankəndi istiqamətində də əməliyyatlar keçirsə də, Əsgəran yaxınlığında ciddi müqavimətlə rastlaşmışdı və irəliyə gedə bilmirdi, pat vəziyyəti yaranmışdı.
Oxşar hadisə Gürcüstanda da olmuşdu. Artıq Abxaziyada ərazi bütövlüyünü bərpa etməkdə olan Gürcüstan hərbi hissələrinin qarşısını Rusiya ordusu kəsmişdi.
Elçibəy hökumətinin daha bir ciddi uğuru da olmuşdu. 1969-cu ildən bəri ölkənin ali təhsil sistemində dərin kök salmış qəbulda korrupsiyaya ildırım sürətilə son qoyuldu. Tələbə qəbul sistemi universitetlərdən alındı, TQDK yaradıldı, imkansız ailələrin də prestijli ali məktəb və fakültələrə daxil olmaq imkanı yarandı.
1992-ci ildə Xalq Cəbhəsinin ən böyük səhvi isə ölkədə demokratik parlament seçkisi keçirməməsi oldu. Sovet dövründə “seçilmiş” prezident getdiyi kimi, Ali Sovetin qalığı olan Milli Məclis (yuxarıda haqqında danışdığım 50 nəfərlik Milli Şura, adını dəyişdirib Milli Məclis qoymuşdu) getməli və ilk demokratik parlament seçkiləri keçirilməli idi. Sözsüz ki, bu seçkidə Xalq Cəbhəsi yaxşı nəticə göstərməyə də bilərdi. Demokratiyanın öz qanunları var. Məhz məğlubiyyətin qorxusundan da seçkiyə getmədilər, müharibə şəraiti əsas gətirildi. Bu, Azərbycanda gələcəkdə avtoritarzimin yaranmasına dırnaqarası töhfə vermiş böyük səhv idi. Hətta parlament və prezident arasında fərqli möqvelər yaransa belə, bu seçkiyə gedilməli idi. Heç bir müharibə filan buna mane olmamalı idi. Hakimiyyət bölgüsü demokratik hakimiyyətin bel sütunudur.
Heç bir möhkəm hakimiyyət arqumenti bunu əvəzləyə bilməz.
Ona qalsa, məsələn, onda gərək amerikalılar bütün müharibələrdə parlamenti buraxardılar. Çünki həmişə konqresslə prezident arasında kəskin qarşıdurmalar olub. Amma məhz bu “yoxla və balansı qoru” yanaşması, yəni icra hakimiyyətinin cavabdehliyini hiss etməsi, böyük səhvlərin qarşısını alaraq, Amerikanın inkişafını təmin edib.
1993-ci ilin aprelində Kəlbəcərin itirilməsi isə camaatın Xalq Cəbhəsinə də etimadını soyutmağa başladı. Hakimiyyətin daxili siyasətindən da narazılıqlar çoxalırdı. Elçibəy bu narazılıqları aradan qaldırmaq üçün müdafiə və daxili işlər nazirlərini istefaya da göndərmişdi.
Amma bu narazılıqlardan ruslar daha məharətlə istifadə etdilər və Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyama təhrik olundu. Xalq isə hakimiyyəti müdafiə etmədi. Bu şəraitdə Xalq Cəbhəsi hökuməti ölkənin tamamilə Rusiyanın nəzarətinə düşməməsi üçün Heydər Əliyevə müraciət etdi. Xalq da bu seçimin tərəfdarı idi. Heydər Əliyev iyunda parlamentin sədri seçildi və de-fakto ölkənin rəhbəri oldu. Elçibəy könüllü olaraq Naxşıvana getdi.
Bir az əvvəl ruslar eyni taktikadan Gürcüstanda da istifadə edib prezident Qamsaxurdiyanı qiyamla vəzifədən uzaqlaşdırmışdılar. Qamsaxurdiya Elçibəydən fərqli olaraq silahlı müqavimət göstərmişdi. Tbilisi bir neçə həftə müharibə meydanına dönmüşdü. Rustaveli küçəsindəki parlament binası Qamsaxurdiyanın son istehkamı idi, qiyamçılar buranı ələ keçirmək üçün hərbi əməliyyat keçirirdilər və sonda buna nail da oldular. Müqavimətin də xeyri olmadı, Qamsaxurdiya getdi.
Beləliklə, Gürcüstan və Azərbaycanda, müvafiq olaraq Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldilər. Lakin onlar sələflərinin Qərbyönümlü siyasətlərini davam etdirdilər. Azərbaycan, əsası Elçibəy tərəfindən qoyulmuş enerji siyasətini davam etdirdi, Əsrin Müqaviləsi imzalandı. Amma nə Əliyev, nə Şevardnadze hərbi məğlubiyyətləri durdura bilmədilər. Şevardnadzenin Abxaziyaya hücumu ilk əvvəl uğurlu olsa da, sonra sarsıdıcı məğlubiyyətlə nəticələndi. Atəşkəs imzalandı və ruslar orada “sülhməramlı” kimi qüvvətləndilər. Heydər Əliyevin cəbhədəki uğursuzluqları daha böyük idi. Onun artıq hakimiyyətdə olduğu dövrdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları da itirildi. Gəncənin əldən getməsi təhlükəsi yarandı. Bu ağır vəziyyətdə Heydər Əliyev də atəşkəs razılığına getməyə məcbur oldu. Bu, ümidsiz vəziyyətə düşmüş xalqa çox vacib idi. Lakin Heydər Əliyevin strateji qələbəsi rus ordusunun sülhməramlı kimi ölkəyə girməsinin qarşısını almaq oldu.
Müasir demokrartik dövlət nəzəriyyəsində onun üç sütün üzərində qurulduğu bildirilir:
1) Güclü dövlət
2) Qanunun aliliyi
3) Cavabdeh, seçilmiş idarəçilik.
Sıralama şərtidir. Çünki demokratiya nəzəriyyəçiləri bunların hansından başlamaq məsələsində hələ də mübahisə edirlər. Məsələn, Fukuyama birinci, ya ikincidən başlamağın vacibliyini deyir. Larry Diamond isə bunu vacib saymır.
Amma bir şey aydın idi, bizim demokratik idarəçilikdən güclü dövlətə doğru inkişaf yolumuz baş tutmadı. Lakin bunun bütün günahını Elçibəy hakimiyyətinin üstünə yıxmaq qətiyyən düzgün olmazdı. Əsas səbəb bizə qarşı olan təcavüz idi. O təcavüz ki, onu Rusiya silahı ilə dəstəkləyirdi, Qərb isə dolayısı ilə Ermənistana olan simpatiyası səbəbindən. Biz təcavüzə məruz qaldığımız halda, 907-lərlə bizi təcavüzkar elan etməklə.
Əliyevin hakimiyyətə gəlməsi ilə isə guya biz ikinci varianta, yəni güclü dövlətdən müasir demokratiyaya keçidə başlayacaqdıq. Qeyd etmək lazımdır ki, Heydər Əliyev çox məharətlə ölkədəki məsuliyyətsizlikdən, savadsızlıqdan doğan, hərc-mərcliyi aradan qaldıracaqdı. Güclü dövlət qurmaq istiqamətində ciddi nailiyyətlər əldə edəcəkdi. Bu, Heydər Əliyevin şəksiz uğuru idi. Amma demokratik olmayan, qanunun aliliyinə dayanmayan dövlət güclənməkdə davam edə bilməz. Heydər Əliyevinsə, nə qanunun aliliyini təmin etmək, nə də demokratik idarəçilik qurmaq fikri yox imiş. Dövlətin daxildə avtoritetini bərpa etməklə Heydər Əliyev tarixi bir missiya yerinə yetirmişdi. Lakin hakimiyyətə gələrkən dediyi “Həyatımın qalan hissəsini xalqıma bağışlayıram” sözünü yerinə yetirə bilmədi. İdarəçilyi yenə də yerlibazlığa, rüşvət və korrupsiyaya söykəndi. Hakimiyyəti oğluna ötürmək haqqında düşündü. 1998-ci il seçkilərindəki saxtakarlıqla onun müasir demokratik dövlət qurmaq istəyinin olmadığı şüurlu insanlara tam çılpaqlığı ilə bəlli oldu və bu, bəndənizin də ona müxlaif mövqeyə keçməsi ilə nəticələndi.
Gürcüstanda da Şevardnadze Əliyev kimi dövlətin avtoritetini bərpa etsə də, onun da demokratik dövlət quruculuğu niyyəti yox idi. Fəqət, orada bizdən fərqli olaraq xalq Qərbin dəstəyi ilə Saakaşvilini hakimiyyətə gətirməklə güclü dövlətin güclü demokratik dövlətə keçidini təmin etdi. Düzdür, Saakaşvili də ərazi bütovlüyü məsələsində sələfləri Qamsaxurdiya, Şevardnadze kimi Rusiyanın müdaxiləsinə görə uğursuzluğa düçar oldu. Amma Gürcüstanı böyük ölçüdə rüşvətsiz, parlamentli, seçkili demokratiyaya çevriməyi bacardı. Vaxtı gələndə özü getdi, amma özündən sonra yaşamalı bir sistem də yaradıb getdi.