“Azərbaycanı tənqid edən kanallar yayımdan qaldırılmamalıdır”

Qulu Məhərrəmli: “ Azərbaycan Beynəlxalq televiziya strukturlarına və sərhədsiz televiziya təşkilatlarına üzvdürsə, bunlar üçün heç bir məhdudiyyət qoyulmamalıdır”

İqbal Ağazadə: “ İqtidar əlehinə olan xəbərlər, Azərbaycanın əleyhinə demək deyil”

Ələsgər Məmmədli: “Kabel televiziyasının şərtlərini, qaydalarını, fəaliyyətini tənzimləyən qanun yoxdur”

Source:


Qulu Məhərrəmli: “ Azərbaycan Beynəlxalq televiziya strukturlarına və  sərhədsiz televiziya təşkilatlarına üzvdürsə, bunlar üçün heç bir məhdudiyyət qoyulmamalıdır”


İqbal Ağazadə: “ İqtidar əlehinə olan xəbərlər, Azərbaycanın əleyhinə demək deyil”


Ələsgər Məmmədli: “Kabel televiziyasının şərtlərini, qaydalarını, fəaliyyətini tənzimləyən qanun yoxdur”

“Elə ölkələrin elə kanalları var ki, onlar vaxtaşırı efirdə Azərbaycan reallıqlarını təhrif edən materiallar verirlər. Elə xarici kanallar var ki, Azərbaycana düşmən mövqe sərgiləyən iş adamlarına, siyasətçilərə məxsusdur. Onlar da istər-istəməz ara-sıra da olsa, Azərbaycan əleyhinə təxribat xarakterli, dezinformasiya xarakterli məlumat yayırlar. Mən onların adlarını açıqlamaq istəməzdim. Bu kanallar bizə də, operatorlara da, tamaşaçıya da bəllidir. Kabel şəbəkəsi yayımçılarının rəhbərlərinə tövsiyəmiz bu oldu ki, kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorlar yayım paketini formalaşdırarkən bunları da nəzərə alsınlar. Azərbaycana düşmən münasibətdə olan kanallara efirimizi peşkəş edə bilmərik”.

Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

MTRŞ yetkilisinin bu fikri birmənalı qarşılanmayıb. Məsələn, telejurnalist Qulu Məhərrəmli hesab edir ki, kabel şəbəkəsinə daxil olan xarici kanalların çıxarılması qanunla tənzimlənməlidir: “Azərbaycan Beynəlxalq televiziya strukturlarına və  sərhədsiz televiziya təşkilatlarına üzvdürsə, bunlar üçün heç bir məhdudiyyət qoyulmamalıdır. Yəni hansı səbəblərə görə biz bu kanalı çıxarıb, digər kanalları saxlamalıyıq? Bunun aydın cavabı olmalıdır. Əgər  o kanallarda mütəmadi olaraq Azəbaycan tənqid olunursa, Azərbaycana qarşı daima psixoloji müharibə aparılırsa, bunu bilərəkdən davamlı şəkildə edirlərsə, əlbəttə ki, o kanalın yayımlanması məqsədə uyğun deyil.  Hansısa kanal bir dəfə Azərbaycanla bağlı tənqidi material verirsə, həmin kanalın bağlanması ağlabatan deyil”.

Qulu Məhərrəmli deyir ki, öncə hansı meyarlar əsasında bu kanallarla işləyirik, bunu dəqiqləşdirməliyik: “Sabah o kanal  ele bir xəbəri yayımlaya bilər ki, bu informasiya müharibəsi baxımından ölkəmizə böyük uduş gətirə bilər. Ona görə ciddi şəkildə götür-qoy etmək lazımdır”.


İqtidar əlehinə olan xəbərlər, Azərbaycanın əleyhinə demək deyil

Millət vəkili İqbal Ağazadənin fikrincə, heç kim “bəzi” anlayışından istifadə edərək, qanun tətbiq edə bilməz.  Millət vəkili deyir ki, qanun ya xarici kanalların hamısına tətbiq olunmalıdır, ya heç birinə: ““Bəzi” anlayışı qanuna ziddir və qanunun fəlsəfəsi ilə heç cür uyğun gəlmir. Azərbaycanın əleyhinə xəbər vermək, düşmən münasibətdə olmaq deyil. İqtidar əlehinə olan xəbərlər, Azərbaycanın əleyhinə demək deyil.  Ermənistanın bəzi televiziya kanallarının burada yayınlanması,  İranın Azərbaycana ərazı iddiası ilə bağlı kanallarının yayınlanması və s. bunlar Azərbaycanın əleyhinə ola bilər. İqtidarın əleyhinə olan informasiyaların Azərbaycanın əleyhinə təqdim edilməsini doğru hesab etmirəm”.

Millət vəkili  Azərbaycan əleyhinə yayınlanan kanalların müsbət tərəfinin də olduğunu düşünür: “Bunun heç bir ziyanı yoxdur. Nəticə etibarilə Azərbaycanı sevən hər bir insanda vətəninə bağlılığı daha da gücləndirir. Onlar düşmənlərin əleyhimizə hansı vasitələrdən istifadə etdiyini görürlər. Etnik milli konfliktə yol açanları isə dayandırmaq lazımdır”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli düşünür ki, Milli Teleradio Şurası  lisenziya şərtlərində irəli sürmədiyi tələbləri daha sonrakı fəaliyyətdə irəli sürə bilməz.


Televiziyalarda bizim əlehimizə yayın aparanların  olması əslində  cəmiyyətin lehinədir

“Milli Teleradio Şurası lisenziya verən qurumdu. O, kabel televizyaları fəaliyyətə başlamazdan öncə lisenziyasının şərtlərini müəyyən edir. Əgər bu gün elan olunduğu kimi, 150-200 kanal bir yerdə birləşibsə, deməli, bu lisenziya şərtlərində aydın şəkildə gösərilməlidir ki, siz ancaq 150-200 kanal yox, retranslyasiya müqaviləsi bağlayan kanallarla iş görə bilərsiz. Bu baxımdan MTRŞ-nın birinci işi lisenziya verməzdən öncə həm konsepsiya verilən zaman, həm də şərtləri müəyyən edən zaman kabel tv-nin hansı formada fəaliyyət göstərəcəyini müəyyən etməkdir.

İkinci problem odur ki,  2002-ci ildə “Teleradio haqqında” qanun qəbul olunanda qanunun 33-cü maddəsində deyilirdi ki, kabel televiziyası kabel tv haqqında ayrıca Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Yəni 2002-ci ildən sonra yeni qanun qəbul olunmalı idi. Kabel televiziyasının şərtlərini, qaydalarını, fəaliyyətini o tənzimləməli idi. Aradan 13 il keçsə də,  qanun yoxdur.  MTRŞ bu fəaliyyəti həyata keçirsə də, qanuni infrastruktur yoxdur. İndiki halda MTRŞ heç bir kanala deyə bilməz ki, sənin 150, ya da 250 yayımın olmalıdı. Çünki bunu yalnız qanun məhdudlaşdıra bilər. Qanun lisenziya şərtlərini  müəyyən etməlidir və şura da o şərtləri həyata keçirməlidir. Bunun olmaması qanunvericilikdə boşluğun olmasından xəbər verir və bu boşluğu da MTRŞ doldurmağa çalışır. Amma şura qanunverici olmadığı üçün bu tip məsələləri doldura bilməz. Yəni bu qanunvericilik sahəsinə müdaxilə hesab olunur”.

Ekspert deyir ki, televiziyanın nə vaxt Azərbaycanın lehinə, əleyhinə hərəkət edəcəyini müəyyən etmək kabel tv-nin işi deyil. Bunun üçün məhkəmə qərarı olmalıdır: “Bu qərar kiminsə fikrinə görə baş tuta bilməz. Azərbaycanın əleyhinə olan məsələ Azərbaycan cəmiyyəti üçün bilgilənmə baxımından daha faydalıdır ki, cavabvermə hüququ doğurur. Məsələn, Azərbaycan əleyhinə olan məqam deyilməsə, biz necə məlumat ala bilərik? Ona cavab vermə hüququmuz da yaranmaz. Amma bu tip yayımı görəndən sonra haqsız olduqlarını görüb, onu düzəltmə şansımız olur. Bu baxımdan televiziyalarda bizim əleyhimizə yayım aparanların da olması əslində cəmiyyətin lehinədir. Çünki bizim əleyhimizə kimin təbliğat apardığını müəyyən edə və onu aradan qaldıra bilərik”.

Ələsgər Məmmədli kabel tv-lərlə bağlı monopoliyanın yaradılmasını təhlükəli hesab edir. Onun fikrincə, hər kəs öz istədiyi kanalı seçə bilməlidir:

“MTRŞ-nın narahatlıq yaşadığı tv varsa, onu məhkəmədə mübahisələndirməlidir, konkret faktı ortaya qoymalıdır ki, bu yayım Azərbaycan dövləti əleyhinə yönəlib və s. Yalnız bu halda məhkəmə həmin tv-nin kabel tv-də yayımına qadağa qoya bilər. Əgər belə hal yoxdursa, sadəcə kabel tv-lərə məsləhət verilirsə ki, hansısa tv  yayım paketindən çıxarılsın, bu, işə müdaxilədir və hüquqi baxımdan düzgün deyil”.

Ana səhifəXəbərlər“Azərbaycanı tənqid edən kanallar yayımdan qaldırılmamalıdır”