Məhkəmə Karanayevi 7 il azadlıqdan məhrum edib
Azərbaycandan 30 milyon rus rublu apararkən gömrükdə saxlanan Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçlə bağlı araşdırmalar yekunlaşıb.
Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə çıxarılan hökmə əsasən, o, qaçaqmalçılıqda təqsirli bilinib və 7 il azadlıqdan məhrum edilib.
İttihama əsasən, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda N.Karanayevin idarə etdiyi, kələmlə yüklənmiş “Volvo FN 12” markalı, “E-900-XX-05/AH-264639” dövlət nömrə nişanlı yük maşınına baxış keçiriləndə çantada 29 milyon 980 min rus rublu tapılıb. Pullar 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət olub. Bu, yarım milyon dollardan çoxdur.
N.Karanayev bundan sonra Bakıya gətirilib və Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində onun barəsində cinayət işi başlanıb. Bu idarənin yerləşdiyi əraziyə uyğun olaraq, Yasamal Rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Yükdaşıma şirkətində sürücü işləyən və Rusiya ilə İran arasında yük daşınmasıyla məşğul olan N.Karanayev məhkəmədə bildirib ki, həmin vəsait əmisinin tanışının olub. Onun sözlərinə görə, ötən il yanvarın 17-də İrandan yüklənmiş kələmi Moskvaya aparanda həmişəki kimi, Azərbaycandan keçib.”Samur” postunun yaxınlığında olanda əmisi Dağıstandan zəng edərək bildirib ki, bir tanışının çantaları var, onları gətirmək lazımdır. O da razılaşıb. Gömrükdə maşını rentgen aparatından keçirəndən sonra bir nəfər ona yaxınlaşaraq, çantaların içində paltar, bir az da pul olduğunu bildirib. N.Karanayev deyib ki, o, pulun miqdarının bu qədər çox olduğunu bilməyib.
Pul olmasını hansı səbəbdən bəyannamədə göstərməməsini isə belə izah edib:
“Həm pulun o qədər çox olduğunu bilmirdim. Həm də dəfələrlə bu yolu keçib gedəndə üzərimdə olan 1000-2000 dolları bəyan etmirdim. O pula görə heç vaxt da məni saxlamayıblar. Mən elə bilirdim ki, 10 min dollara qədər bəyan eləməyə ehtiyac yoxdur. Mənə verilən çantadakı pulun da 10 min dolları keçdiyini bilmirdim”.