”Məhsulda karantin obyekti olan küskütotu aşkarlanıb”
Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına aparılan 21 ton fındıq karantin obyektinin mövcudluğu səbəbindən sərhəddə saxlanılıb.
“Report” yazır ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Yük “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Karantin fitosanitar nəzarəti nəticəsində fındıq ləpəsinin Rusiya ərazisinə buraxılması qadağan edilib. Yük sahibi inzibati məsuliyyətə cəlb olunub.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, buna səbəb fındıq ləpəsində karantin obyekti olan küsküotunun aşkarlanmasıdır:
“Yükün bu səbəbdən qonşu ölkənin ərazisinə buraxılması qadağan edilib. Bir müddət əvvəl bu paraziti xurma yükündə də aşkar etmişdilər. Bu o deməkdir ki, ölkədə karantin obyektləri olan alaq otlarına qarşı ciddi mübarizə aparılmır və bu sahədə nəzarət sistemi yoxdur”.
Ekspert bu bitkinin insan orqanizminə ziyanı olmadığını, sadəcə alaq olduğunu söyləyir:
“Bu parazit əsasən paxlalı bitkilərə ip şəkilində sarmaşır və bitkinin inkişafına mane olur”.