Azərbaycandan Macarıstan bankına köçürülən 7 milyon dollar araşdırıla bilər

Bu ödənişlərin Ramil Səfərovun Azərbaycana ekstradisiyasından əvvəl edildiyi bildirilir

Source:


Bu ödənişlərin Ramil Səfərovun Azərbaycana ekstradisiyasından əvvəl edildiyi bildirilir

Jurnalist araşdırmaları nəticəsində ortaya çıxan və “Azərbaycanın pulyuyan maşını” adı almış əməliyyatlara əsasən ödənişlərdən biri də Macarıstandakı bank hesabına edilib.

Məlumatı BBC Macarıstanın “atlatszo.hu” saytına istinadən yayıb. Saytda dərc edilmiş məqalə müəlliflərinin sözlərinə əsasən, həmin bank hesabı “Velasco International Inc.” ofşor şirkətinə məxsus olub və oraya 7 milyon dollardan artıq pul köçürmələri qeydə alınıb.

Sayt həmçinin diqqəti, bu ödənişlərin Macarıstanda cəza çəkən Ramil Səfərovun Azərbaycana ekstradisiyasından əvvəl edildiyinə çəkir.

“Atlatszo.hu” saytındakı hesabata əsasən 2012-ci ildə, Ramil Səfərovun ekstradisiyasından əvvəl Macarıstanın baş naziri Victor Orban Bakıya səfər edərkən Baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşüb. Cənab Eyyubov isə “Velasco International Inc.” ofşor şirkətilə bağlı olduğu deyilən Orxan Eyyubovun atasıdır.

O.Eyyubov iddialara münasibət bildirməyib.

Məqalədə bildirilib ki, 2012-2013-cü illərdə “Danske” Bank öz Estoniyadakı şöbəsindən Budapeştdə yerləşən MKB bankına 20-dən artıq transfer edib.

Ramil Səfərov

Tamas Bodoky-nin sözlərinə görə, maliyyə köçürmələri Ramil Səfərovun azad olunması ilə əlaqələndirilmir.

“Biz bu iki hadisənin əlaqəli olduğunu demirik. Lakin köçürmələr Səfərovun Azərbaycana verilməsi vaxta təsadüf edib. Bizimlə birgə araşdırma keçirən OCCRP üzvlərinin Yaqub Eyyubov, Emin və Orxanla əlaqə saxlamaq cəhdləri isə nəticəsiz başa çatıb”.

Rəsmi Bakı bu iddiaları rədd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC-Azərbaycancaya bildirib ki, bu, Azərbaycana qarşı tətbiq edilən və mərkəzləşmiş qaydada idarə olunan kampaniyanın nümunəsidir:

“İrəli sürülən iddialar yalnız əsassız ehtimallara söykənir. Azərbaycanın hər hansı addımı və əməliyyatı, malın alınması təəssüflər olsun ki, əsassız şəkildə yozulur və ona başqa rəng verilir”.

Hikmət Hacıyev

Macarıstan hökuməti də iddiaların əsassız olduğunu bildirib.

“444.hu” saytına əsasən, Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib ki, “Macarıstan hökumətinə qarşı qarayaxma məqsədilə istifadə olunmaması üçün” pul köçürmələri araşdırılmalıdır.

“Atlatszo.hu” saytında dərc edilmiş məlumat Azərbaycanın hakim elitası tərəfindən yaradıldığı iddia edilən gizli fondun fəaliyyətinə dair araşdırmanın bir hissəsidir.

Həmin araşdırmada göstərilir ki, 2.8 milyard dollarlıq fonddakı vəsaitlər avropalı siyasətçilərinə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə olunub.

Avropa qəzetlər konsorsiumunun hazırladığı “Azərbaycan Camaşırxanası” adlı araşdırmanı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) dərc edib.

Macarıstanda birgə kurslarda olduğu ermənistanlı hərbçini qətlə yetirməklə bağlı ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərov 2012-ci ilin avqust ayında Azərbaycana ekstradisiya olunub.

Ana səhifəXəbərlərAzərbaycandan Macarıstan bankına köçürülən 7 milyon dollar araşdırıla bilər