Ələsgər Məmmədli: “Kim iddia edə bilər ki, Gözəl Bayramlı ilə Əfqan Muxtarlının həbsi siyasi deyil”
Azərbaycanda külli miqdarda vəsait çıxararkən saxlanılan İsveçrə vətəndaşı sərbəst buraxılıb.
O, martın 22-də Heydər Əliyev adına Bakı hava limanında saxlanılmışdı.
Lent.az yazır ki, vəkili Məhəmməd Quluzadə deyib ki, o, Bakıda keçiriləcək Formula-1 yarışı üçün premium biletlər almaq məqsədi ilə ölkəyə 20 min avro nəğd pul gətirib və biletləri almaq mümkün olmadıqda həmin vəsaiti özü ilə ölkəsinə geri aparmaq istəyərkən gömrük orqanları tərəfindən saxlanılıb:
“İstintaq araşdırması zamanı İsveçrə vətəndaşının heç bir pis niyyəti olmadığı, gömrük qaydalarını bilmədiyindən bu vəsaiti şifahi bəyan etdiyi aşkar edilib. Ölkə rəhbərliyinin dəstəyi ilə açılmış cinayət işinə xitam verilib və qeyd edilən vəsait şəxsə geri qaytarılıb. Obyektiv araşdırma və ölkə rəhbərliyinin dəstəyinə görə İsveçrə vətəndaşı və onun valideynləri dərindən təşəkkür edirlər”.
Saxlanılan şəxs İsveçrə ilə yanaşı Fransa və İtaliyanın da vətəndaşı olub.
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, İsveçrə vətəndaşı külli miqrarda vəsaiti (20 min avronu) ölkədən bəyan etmədən çıxara bilir, saxlanılır, sonra pulu qaytarılaraq sərbəst də buraxılır. Ancaq Azərbaycan vətəndaşları Əfqan Muxtarlı və Gözəl Bayramlıya iş kəsilir, həbs edilir:
“Vəkili də qeyd edir ki, bu şəxs sadəcə pul çıxarmaq istəmirmiş, hətta o daha öncə də qanunu pozaraq, 20 min avronu bəyan etmədən ölkəyə gətirib. Yəni bu adam qanunu ikiqat pozub. Ancaq ona qarşı cinayət işi açmayıblar, sərbəst buraxıblar. Hətta ölkə hüquq müdafiə qurumları qanuna o qədər hörmət edirlər ki, onun adını və soyadını şərti olaraq göstəriblər. Sadəcə iki hərflə…”.
Ələsgər Məmmədli deyir ki, bu xəbər məhz Əfqan Muxtarlı və Gözəl Bayramlı işinə görə diqqətini çəkib:
“Təxminən bir il öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasətçi Gözəl Bayramlı və Azərbaycanın ərazi bütünlüyü uğrunda döyüşlərdə iştirak etmiş qazi jurnalist Əfqan Muxtarlı hər biri 10 min avronu bəyan etmədiklərinə görə həbs olunub, həbsxanaya göndəriliblər. Biri azadlığını nə az nə çox 3 il, digəri 6 il azadlığını 10 min avronu bəyan etmədiyi üçün itirib.
İndi hansı əqli problemi olan durub iddia edə bilər ki, bu siyasətçi xanımla jurnalist qazinin həbsi siyasi deyil?”
Ə. Məmmədli deyir ki, Gözəl Bayramlı və Əfqan Muxtarlının üzərində tutulduğu iddia edilən vəsaitin bütünü həcmində vəsaiti öncə bəyan etmədən ölkəyə gətirən, sonra da ölkədən çıxararkən üstündə tutulan və cinayət işi açılmalı olan şəxs pulu da cibinə qoyularaq, əl-qolunu sallaya sallaya ölkədən yollana bilir və buna görə də üstəlik utanmadan təşəkkür edir:
“Əslində bu təşəkkürlə də məhkəməyə, hüquq muhafizə orqanlarına siyasi müdaxiləni bəyan edir və eyni zamanda cinayət işinin açılıb-bağlanmasının siyasi müdaxilələrlə olduğunu göz önünə sərgiləyir. Avropa Məhkəməsində bu işlərin kommunikasiyasında lazımlı fakt olacaq bu yanaşma…”.
Ə.Muxtarlı 2017-ci il mayın 29-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə), 318 (dövlət sərhədini qanunsuz keçmə) və 206 -cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. İddia olunur ki, jurnalist Gürcüstan-Azərbaycan sərhədini Balakən rayonu ərazisində qanunsuz keçərkən onu hərbçilər saxlamaq istəyib. Bu zaman jurnalist onlara müqavimət göstərib. Saxlanılarkən cibindən 10 min avro pul tapılıb.
Ə.Muxtarlı ittihamları rədd edib və saxta olduğunu bildirib. Onun sözlərinə görə, ittihamda yazılanların hamısı yalandır. Bildirib ki, onu Tbilisidə yaşadığı evin yaxınlığında oğurlayıb zorla maşına mindirib, başına torba keçirərək, döyə-döyə Azərbaycana gətiriblər. 10 min avronu da onu oğurlayıb gətirən şəxslər cibinə atıblar.
AXCP sədrinin müavini G.Bayramlı isə ötən il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Apelyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə ittihamı saxta və əsassız adlandırır, siyasi fəaliyyətinə görə həbs edildiyini deyir.