Azərbaycandaki siyasi diskurslar: Üçüncü yol mümkündürmü?

1990-cı illərdən başlayaraq…

Source:



Diskurslar

Bu yazı ilə Azərbaycandakı siyasi diskurslara işiq salmağa çalışacağıq. Əsas üç diskursa baxaq: Hakimiyyətin dövlətçilik və siyasi sabitlik diskursu, sekulyar ənənəvi müxalifətin demokratiya diskursu və Erkin Qədirlinin sağ avtoritarizm diskursu .

1990-cı illərdən başlayaraq Azərbaycanda siyasi plüralizm formalaşır və müxtəlif siyasi qruplar öz fəaliyyətini və mövcudiyyətini siyasi hekayələr, ideologiyalar, diskurslar və sairə izahlar, ideyalar üzərində qurur. Bu çox təbii bir hadisə idi, çünki istənilən siyasi hərəkətin və ya davranışın arxasında müəyyən dünyagörüşü durur. Bu dünyagörüşü tərəfdarları öz tərəfinə çəkmək, rəqib siyasi qruplardan üstün olduğunu sübut etmək və hakimiyyətə gəldiyi zaman hər hansı siyasi qrupun fəaliyyət proqramını əks etdirmək üçün qurulan, cilalanan və dəyişən (eləcə də dəyişməyən) fikirlərdən ibarətdir.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda siyasi diskurs əsasən iki istiqamətə bölünüb. İqtidar diskursu və müxalif diskurs. Hər ikisi bir- birinə qarşı barışmaz olsa da, zahirən fərqli dünyagörüşləri formalaşdırsalar da, əslində bəzi ortaq yanları da var idi. Birincisi, hər iki diskursun təmsilçiləri Sovet dönəminin insanlarıdır. Doğrudur, müxalif siyasətçilər iqtidar təmsilçiləri ilə müqayisədə sovet keçmişinə qarşı daha sərt dildən istifadə edirdilər. Lakin mahiyyət, tərbiyə və mübarizə metodlarında keçmiş sistemdən qalma xüsusiyyətlər var idi. Məsələn, rus siyasət alimi Domrinin dediyinə görə, “post-Sovet demokratlarının demokratiya anlayışı daha çox onların özlərinin hakimiyyətə gəlməyindən ibarətdir”. İkincisi, modernləşmə və milliyyətçilik hər iki diskursun çox vacib tərkib hissəsi idi. Modernləşməni və milliyyətçiliyi hər ikisi fərqli görsələr də, bu konseptlər hər iki diskurs üçün təməl idi.

Hər iki diskurs demokratiya haqqında danışır, təbii ki fərqli yanaşma ilə. Müxaliflər üçün demokratiya mübarizəsi sadəcə demokratiya uğrunda deyil, həm də hakimiyyət uğrunda mübarizədi. Demokratiyanı siyasi ideologiyaya çevirən müxalif siyasətçilər və fəallar daha çox inkişaf etmiş Qərb ölkələrindəki demokratiyaya istinad edirdilər və müqayisələr aparırdılar. Məşhur “niyə o əjdahadan bizdə yoxdu?” sualındakı məntiq bu yanaşmanı bəlkə də izah edə bilər.

İqtidar üçün, demokratiya retorikası daha çox hakimiyyəti qorumaq üçün mənimsənən hekayədir. Xüsusilə də 90-larda, dünyada demokratiya daha populyar olan zamanlarda, iqtidarın demokratiya hekayəsi beynəlxalq legitimliyin əldə edilməsi üçün istifadə edilirdi. Hətta bəzi iqtidar nümayəndələri hesab edirdi ki, dünyadakı bir çox demokratiyadan Azərbaycan demokratiyası daha yaxşıdır.

Dolayısıyla, hər iki siyasi qrup üçün demokratiya konseptinin instrumental tərəfi var idi, yəni demokratiya haqqında danışmaqla (sadəcə) demokratiyaya nail olmaq yox, həm də iqtidara gəlmək və ya iqtidarda qalmaq məqsədi üçün istifadə edilir.

Üçüncü diskurs hər iki diskursu inkar edir və ortaya yeni yanaşma qoyur.



Üçüncü yol və ya Li Kuan Yu Modeli

Son günlər Sinqapurun uzun illər lideri olmuş Li Kuan Yunun həyatı bir daha dünya ictimaiyyətinin diqqətini çəkdi. Bu dəfə səbəb onun vəfatı idi və Singapur dövləti ölkədə bir həftəlik matəm elan edib, öz lideri ilə vidalaşdı. Amma söhbət yalnız dövlətdən getmir. Hesablamalara görə, 1 milyondan çox sinqapurlu Lii Kuan Yu ilə vidalaşmağa gəlmişdi.

Xalqın ona olan səmimi sevgisi həqiqətən də insanı bu liderə rəğbət etməyə vadar edir. Amma hələlik bunları qoyaq bir kənara. Gəlin, baxaq görək, Li Kuan Yu təcrübəsindən nə götürə bilərik?!

Hər şeydən əvvəl onu qeyd etmək lazımdı ki, Sinqapur ən azı üç cəhətdən Azərbaycana bənzəyir. Birincisi, geosiyasi əhatəsi və bu geosiyasətdə nisbətən kiçik oyunçu olması. İkincisi, demokratiya elementləri olan şəxsiyyətə dayanan avtoritar rejimə sahib olması. Üçüncüsü, hökumətə Li Kuan Yudan sonra (dərhal olmasa da) oğulun rəhbərlik etməsi.

Dövlət quruculuğu siyasətinin demək olar, əsas fəlsəfəsi ondan ibarətdir ki, Sinqapurun siyasi sabitliyi iqtisadi rifah üçün çox vacibdi və bu baxımdan həm kənardan həm də daxildən siyasi sistem üçün riskləri azaltmaq lazımdı. Xarici siyasətdə balans metodundan istifadə edildi: Daha böyük dövlətlərlə yaxşı münasibətlər quruldu (ABŞ, Çin, Malaysiya). Li Kuan Yunun burada şəxsi xüsusiyyətləri təbii ki, böyük rol oynadı. Kembridc Universitetindən məzun olmuş Li Kuan Yu çox gözəl natiq idi. İnglis, Mandarin və Malay dilində çox gözəl danışırdı. Dərin biliyi, iti zəkası və gözəl yumor hissi ilə yanaşı, həm də gözəl diplomat idi. Öz ana dilini 30 yaşlarında öyrənməyə başlamışdı, amma çox gözəl mənimsəmişdi.

Daxildə siyasi rəqiblərini sıradan çıxarsa da, Sinqapur xalqı və beynəlxalq ictimaiyyət buna o qədər də fikir vermədi, çünki hesab edirdilər ki, Li bunu ölkənin işıqlı gələcəyi üçün edir.

Ümumiyyətlə, mənim üçün Li Kuan Yunun dahiliyi onun siyasi fəlsəfəni gözəl hiss etməsi və “bənzəmək yox, özünəməxsus ola bilmək” anlayışını ortaya qoymasıdır. Şərqi Avropada, keçmiş Sovetdə, Afrikada, Latın Amerikasında demokratiya haqqında danışan bir çox hakim və müxalif siyasətçilərdən fərqli olaraq, Li Kuan Yu Sinqapur üçün fərqli yol çizilməsini istədi. Eyni zamanda bir çox “fərqli yol çizən” digər liderlərdən fərqli olaraq, bu vəzifəyə məsuliyyətlə yanaşdı, tarixi missiyasını anladı, öz ölkəsini bu yolla apara bildi və Sinqapuru üçüncü dünyadan birinci dünyaya daşıdı.

Digər çox vacib məsələ siyasətdə az rastlanan və ancaq böyük liderlərin yarada bildiyi səmimilik və təmənnasız fədakarlıq mühitidir. Li korrupsiyanı yığışdırdı, ölkədə hüququn üstünlüyünü təşkil etdi, təhsili gücləndirdi. Şəxsi nümunə üslubunun gücündən istifadə edərək, mənəvi resurs yaratdı və bu yolla bir çox çətin problemləri həll etdi.

Bizim üçün yuxarıda dediklərimizdən maraqlı dərs və nəticə çıxır. Sanki illərdir Azərbaycandakı demokratiya tərəfdarlarının bütün arqumentlərini Sinqapur modeli puç edir. Yəni, problem əslində xarici siyasətdə balans, daxili siyasətdə avtoritarizm və ailə hakimiyyətində deyilmiş. Sinqapur təcrübəsi göstərir ki, avtoritarizm və balans nəinki pisdir, tam əksinə, yeni yaranan dövlət üçün son dərəcə vacibdir. Deməli, problem hardasa başqa faktorlardadı.

Bu faktorlara keçməzdən əvvəl hal-hazırda Azərbaycandakı üçüncü siyasi diskursa nəzər salaq. Erkin Qədrili bu diskursu qurur və çox ciddi və ortaya ardıcıl mövqe qoyur. Rəsmi dövlət diskursu siyasi sabitlik və iqtisadi inkişafı qabardarkən, müxalif partiyalar demokratiyanı istəyərkən, Erkin Qədirli Sinqapur modeli və oradan çıxarılan dərsləri siyasi diskursunda ən çox istifadə edən siyasi liderdir. Hətta buna görə, yəni sağ avtoritar sistemi təbliğ etməyinə görə tənqid olunur. Belə ki, bəzi insanlar “Onsuz da İlham Əliyev sağ avtoritar sistem qurur da” deyərək, REAL-a ehtiyac olmadığını vurqulayırlar. Lakin Erkin Qədirli mövcud rəsmi siyasətin sırf qeyri-səmimi olduğunu deyir.

Həqiqətən də üçüncü model cazibədar olduğu qədər də Azərbaycan üçün ziddiyətlər yaradır. Demokratiyanın bəzi cəmiyyətlərdə mümkün olmadığı və avtoritar hakimiyyətlərin korrupsionerolma tendensiyasının arasında sağ avtoritarizm bir həll yolu kimi görünür. Təbii ki, bunun nə qədər mümkün olub-olmadığını zaman göstərəcək və bəlkə də indi artıq göstərir.

Son 20 ilin tarixi göstərir ki, Orta Asiya və Qafqazda demokratik sistemlərin qurulması ümidləri çox şişirdilmiş idi. Orta Asiya dövlətləri artıq demokratiyadan demək olar ki danışmır. Gürcüstan demokratiyası artıq şübhəli bir hala gəlib, Rusiya demokratikləşmə məsələsində daha da səmimiləşib və sairə.



Üçüncü model mümkündürmü?

Bütün bunların fonunda üçüncü model bizim üçün nə qədər mümkün və nə qədər uyğundu sualı ortaya çıxır. İki məsələyə diqqət çəkək: Geoplitik güc strukturu və daxili siyasi struktur. Birinci məsələyə gəldikdə, burada Saakaşvili olayı və Gürcüstan təcrübəsi çox maraqlıdı. Gürcüstanda Saakaşvili sağ iqtisadi siyasət və kifayət qədər avtoritar sistem yaratmışdı. Amma Sinqapur modelindəki balans yoxdu. Saakaşvili Amerikanı arxasına alıb, Rusiyaya qarşı ciddi müqavimət cəbhəsi açdı. Əslində zərbə də ordan gəldi. Bu baxımdan Erkin Qədirli diskursunda Rusiyaya qarşı olan münasibət önəmlidi. Sağ avtoritar sistem siyasi sabitliyə əsaslanır, amma bu sabitlik sadəcə daxili deyil, həm də xarici olmalıdır. Burada, zənnimcə, dilemmaya giririk, çünki Qafqazda istənilən islahatçı liderin ilk hədəfi Rusiya olur. İmperiya iddiaları, keçmiş əlaqələrdən istifadə edərək, ölkələri qarışdırmaq bacarığı ilə Rusiya əsas riskə çevrilir. Bu çixmazı aşmanın yolları varmı? İqtidarın Rusiya ilə Qərb arasında yaratdığı balans əslində çox praqmatikdir və nə qədər də Rusiyanın həqiqi ambisiyalarını bilsək də, son illərin təcrübəsi göstərir ki (Gürcüstan, Ukrayna) balansın pozulması ağır itkilərə yol açır.

İkincisi, post-Sovet məkanındakı oliqarxik, “dost-tanışı irəli çəkən” kapitalist sistemin formalaşması bu ərazilərdə islahatları və korrupsiya ilə mübarizəni çox çətinləşdirir. Bu proses demək olar ki, getdikcə dərinləşir və sanki demokratik görünə bilən ölkələr belə (məsələn Moldova) bu sistemdən qurtula bilməyiblər. Daha sonra “post-Sovet insanı” deyilən insan kateqoriyası Sovet sistemində yoğrulmuş və post-Sovet dönəmində biraz da dəyişərək, çox fərqli xüsusiyyətləri daşıyan bir varlığa çevrilmişdir. Köhnə sistemdə dövlətdən qorxduğu qədər də yeni sistemdə dövləti tanımamaq, qanunlara hörmət etməmək kimi cəhətləri vardır. Post-Sovet insanı sinik, qeyri-dindar və ümumi ictimai faydaya inanmayandır.

Məncə, bu iki faktor üçüncü modelin əsas əngəlləridir: Xarici və daxili. Bunları həll etmək bu yolla getmək istəyən istənilən siyasətçinin cavab verməli olacağı suallardır.

Əgər REAL bu yolu gedəcəksə, bu suallara cavab verməlidir və bu, sadəcə nəzəri deyil, həm də çox praktiki siyasi hərəkət tələb edən suallardır.

Bundan əlavə, bu iki faktor bir-biri ilə sıx bağlıdır. Çünki daxili sistemi dəyişmək səyləri xarici təsirlər və əkstəsirlər yarada bilir.

Ana səhifəXəbərlərAzərbaycandaki siyasi diskurslar: Üçüncü yol mümkündürmü?