Azərbaycanda yüzminlərlə sənədsiz tikili və torpaqlar invertarlaşdırılır

Abşeronda tikinti aparılan kənd təsərrüfatı torpaqlarının təyinatı dəyişdiriləcək

Source: Meydan.TV


Abşeronda tikinti aparılan kənd təsərrüfatı torpaqlarının təyinatı dəyişdiriləcək

Nazirlər Kabinetinin hesabatında 26 min tikili ilə bağlı sənədlərin müvafiq qurumlara göndərildiyi bildirilir.

Azərbaycanda sənədsiz yaşayış evlərinin və torpaqların inventarlaşdırılması həyata keçirilir.

Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilir ki, ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə müəyyən addımlar atılır.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.

Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.

Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.

Abşeron rayonunun bələdiyyələrinin ərazisində faktiki olaraq tikintilər altında olan 8125 ha və Qobustan şəhəri üzrə 78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi nəzərdə tutulub.

Bu torpaqların mövcud istifadə vəziyyəti nəzərə alınmaqla kateqoriyasının dəyişdirilməsi məqsədi ilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasının zəruriliyi barədə İqtisadiyyat Nazirliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və Qobustan Rayon İcra Hakimiyyətinə müvafiq məktublar ünvanlanıb.

Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda mövcud olan tikililərlə əlaqədar adiyyatı qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır, tədbirlər plan tərtib edilib və çölölçmə işləri yerinə yetirilib. Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində 20 minə yaxın fərdi yaşayış evi, 6 minə yaxın müxtəlif təyinatlı qeyri-yaşayış tikililəri barədə məlumatlar toplanıb, xəritə materialları tərtib edilib, arayışlar və məlumatlar hazırlanıb və adiyyatı qurumlarda baxılır.

Qobustan rayonu ərazisində isə üzərində 300-dən artıq yaşayış evi inşa edilmiş 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər hazırlanır və yaxın vaxtlarda müəyyən olunmuş qaydada aidiyyatı üzrə müraciət ediləcək.

Sənəddə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması da təklif olunub.

Ana səhifəXəbərlərAzərbaycanda yüzminlərlə sənədsiz tikili və torpaqlar invertarlaşdırılır