Seymur Baycanın həşəratların ətraf mühitə uyğunlaşması ilə cəmiyyət arasında müqayisəsini görəndə cəmiyyətin deqredasiyasının da təbii seçmə nəzəriyyəsinə uyğun şəkildə baş verdiyini xatırladım. Seymur deyir, həşəratlar nə qədər rəngini dəyişsələr də, quşlar onları yeyir, bizim cəmiyyətdə də belədir, hakimiyyətə qulluq edənləri də bir gün gəlir, hakimiyyət basıb yeyir (Yeri gəlmişkən, qeyd edim ki, mən həşərat sözünü qətiyyən təhqir mənasında işlətmirəm. Onların əvəzinə yırtıcı heyvanlara qurban gedən insanları da yazmaq olar, fərqi yoxdur).
Bunlar həqiqətdir, amma həqiqətin hamısı deyil. Quşlarda kamuflyaj olan həşəratları tapa bilmə bacarığının inkişafı təkamül nəticəsində baş verir, eyni zamanda həşəratlarda da kamuflyaj olunma xüsusiyyəti inkişafa davam edir. Çünki əks halda uduza bilərlər, quşlar uduzsa, ac qalıb qırılarlar, həşəratlar uduzsa, yeyilib qurtararlar.
1993-dən bəri bizim cəmiyyətdə yeyilməmək üçün rüşvət almalısan, yaxınlarını satmalısan, yaltaqlanmalısan, uşaqlarını da yaltaq, rüşvətxor böyütməlisən, bir sözlə, əclaf olmalısan, vicdanını boğmalısan. Hə, bir variant da var – başını aşağı salmaq. Bunlar yaxşı kamuflyaj oluna bilməyən həşəratlardır. Quşlar daha asan gözə batanları yeyirlər, sonra, əlbəttə, onlara da keçəcəklər. Daha asan gözə batanlar isə kamuflyaj olmağı, ikiüzlü olmağı özlərinə sığışdıra bilməyənlərdir – “Mən həmişə yaşıl olmuşam, indi yarpaq saralıb deyə mən də sarı olmayacağam. Bizim bir əqidəmiz var, o da dəyişmir”. Təbii ki, saralıb yarpaq rəngi alanların gözü qabağında bu mübariz yaşıl həşərat amansızcasına yeyilir. Saralıb-saralmamaq arasında qərarsız qalanların çoxu bu zaman dərhal saralırlar.
Bunun bir parlaq nümunəsini QHT-lərimizin timsalnda göstərim. 2014-də QHT-lərə hücum zamanı müstəqil QHT-lərin 2 seçimi vardı: ya hökumətdən pul alıb GONGO olacaqdılar, ya da həbs ediləcəkdilər. Çox azı rəngini dəyişməməyi üstün tutdu və yeyildi. Əksəriyyəti “gözü çıxmış qardaşından” nümunə götürüb nə rəng lazımdır, o rəngi aldı.
Əlbəttə, bəzən rəngini dəyişmişlər də yeyilir, amma onlar ya növbəti rəng dəyişiminə müqavimət göstərənlər, ya özləri rəng diktə etmək istəyənlərdir, ya da kütlə içərisində yeyilirlər. Məsələn, rəngini daim kamuflyaj edə bilən bir həşərat təkamülünün bir nöqtəsində quşların yuxarıda qeyd etdiyimiz anti-kamuflyaj hissiyyatına uduzur.
Gec dəyişir rəngini, lazımi qədər kamuflyaj oluna bilmir və yeyilir. Bizdə bu, köhnə YAP-çıların simasında göründü. 2003-də camaatı meydandan kürüyəndə, dəyərli ziyalıların siyasi qətlləri ard-arda baş verəndə rəngini dəyişib yaltaqlanmağa davam edən insanlar bir dövrdə artıq tab gətirə bilmədilər. Hakimiyyət dedi, “bənövşəyi ol”, bunlar dedilər, “yox, tünd göy də bəsdir”… və yeyildi. Yaxud biri hakimiyyətə yaltaqlanır, sabah onun evini sökürlər, çünki bütün “Sovetski”ni sökəndə bir evi ortada saxlayası deyillər. Bu situasiyada uğurlu kamuflyaj o olardı ki, sən özün öz evini söküb çıxıb gedərdin – material (maddi) yaltaqlıq, yaltaqlığı maddi olaraq göstərirsən.
Qeyri-demokratik rejimlərdə bu kamuflyaj və anti-kamuflyaj hissiyyatı arasında mübarizə artan xətt üzrə daim davam edir. Çünki insanın kamuflyaj edərək, gizlətmək istədiyi şey öz vicdanıdır. Rejim isə vicdanı tamamilə məhv etdiyinə əmin olmaq istəyir. Çünki rejimin anti-kamuflyaj hissi daim hədəf olaraq vicdana istiqamətlənib.
Bu gün rejim seçki saxtalaşdırmağı tələb edirsə, sabah seçkidə azad müşahidəçiləri döyməyi tələb edəcək, birisigün o müşahidəçiləri zorlamağı. Hansısa mərhələdə ilişdinsə, yeyiləcəksən.
Oyunun qaydası budur. Daha çox, daha mürəkkəb, daha həyasız, daha vicdansız…
Darvin müşahidələrinə əsasən, təbii seçimdə maraqlı bir fenomen haqqında yazırdı: əgər konkret ərazidə yem təşkil edən canlılar qurtarmaq üzrədirsə, onları yeyən yırtıcılar başqa yem mənbələri axtarmağa meyllənirlər ki, həmin növ qurtarmasın. Yəni yemin, qurbanın doğub artmasına şərait yaradırlar ki, yenə yeyə bilsinlər. Bu, növ olaraq təkamül xüsusiyyətinə yiyələnməyin sübutlarından biridir. Yəni bu xüsusiyyət fərd olaraq hansısa heyvana məxsus deyil, avtomatik olaraq, növün bütün üzvləri öz qurbanlarının beləcə “qayğısına qalırlar”.
Bir dəfə məktəbdə tarix dərsində uşaqların biri demişdi ki, Mircəfər Bağırovun azərbaycanlılara o yaxşılığı olub ki, onların tamamilə Qazaxıstana köçürülməsinin qarşısını alıb. Müəllimimiz çox vicdanlı adamdır, dedi ki, “Bu, boş əfsanədir, Stalin köçürmək istəsə, köçürəcəkdi. Lap əgər belə şey olubsa da, onda Mircəfər Bağırovun azərbaycanlıları saxlamasının bir niyyəti var idi: bunlar köçürülsə, o, kimləri idarə edərdi, kimləri qırardı, kimləri repressiya edərdi? Bizi saxlayıb ki, güllələyə bilsin, vəzifədə qalsın”.
İndi başını aşağı salıb yaşayanlar da bu qurban funksiyasını yerinə yetirir. Yırtıcılara qurban lazımdır, yoxsa kimi idarə edərlər?! Ona görə də başını aşağı salmaq, başını yalnız yaltaqlanmaq üçün qaldırmaq Azərbaycanda yaşamaq uğrunda mübarizənin əsas şərtlərindən biridir. Başqa halda yeyiləcəksiniz.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.