”6.5 milyon nəfər yetkin vətəndaşın (16 yaşdan yuxarı) 65.1 faizinin adambaşına sərvətinin dəyəri 10 min USD-ə qədərdir. 33.2 faizi şəxsin sərvətinin dəyəri 10-100 min USD-ə intervalında dəyişir”
İsveçrənin Credit Suisse təşkilatı ailə təsərrüfatlarının sahib olduğu sərvətlərlə bağlı 2016-cı il hesabatını açıqlayıb
İsveçrənin Credit Suisse təşkilatı 2010-cu ildən bəri hər il dünya ölkələri üzrə ailə təsərrüfatlarının sahib olduğu sərvətlərin həcmi ilə bağlı qlobal hesabat açıqlayır.
Credit Suisse bu günlərdə 2016-cı ilin hesabatını paylaşıb. Təşkilatın qiymətləndirməsinə görə, hazırda dünya sərvətinin dəyəri 255 trln. USD təşkil edir. Bunun təxminən 165 trln. USD-i Şimali Amerika və Avropa ölkələrinin payına düşür.
İqtisadçı Rövşən Ağayev “Facebook” səhifəsində yazır ki, bu rəqəm Azərbaycan üzrə hazırda 86 mlrd. USD təşkil edir. Ölkədə 6.5 mln. nəfər yetkinlik yaşına çatmış şəxs olduğu bildirilir və bu şəxslərin hər birinə 13.2 min sərvət düşdüyü bildirilir.
“Credit Suisse ailələrin sərvətlərini maliyyə və qeyri-maliyyə sərvətlərinə bölür. Maliyyə sərvətlərinə vətəndaşların sahib olduğu pul, qiymətli daş-qaş və qiymətli kağızları aid edir. Qeyri-maliyyə aktivlərə mənzil, avtomobil, uzunmüddət istifadə oluna ev əşyaları daxil edilir”.
İqtisadçı bildirir ki, təşkilatın hesablamasına görə, Azərbaycanda 6.5 milyon nəfər yetkin vətəndaşın (16 yaşdan yuxarı) 65.1 faizinin adambaşına sərvətinin dəyəri 10 min USD-ə qədərdir. 33.2 faizi şəxsin sərvətinin dəyəri 10-100 min USD-ə intervalında dəyişir:
“1.6 faiz (təxminən yetkinlik yaşına çatmış əhalinin 100 min nəfəri) şəxsin sərvətlərinin dəyəri 100 min USD-dən yuxardır. Məlumat üçün deyim ki, bizim təşkilatın ekspertləri bir müddət əvvəl müxtəlif mənbələr və dolayı qiymətləndirmələr əsasında Azərbaycanda təkcə mənzil əmlakının real dəyərinin 35-40 milyrad USD olduğunu qiymətləndirmişdi”.